Ukrayna dünyaya çağırış etdi Dünya

Ukrayna dünyaya çağırış etdi

Poroşenko: "Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olması ilə bağlı BMT TŞ-nın təcili iclasının çağırılmasını tələb edirik"

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətində vəziyyətin gərginləşməsi səbəbindən Türkiyəyə səfərini təxirə salıb.
APA - nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P.Poroşenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.
"Mən Türkiyəyə səfəri təxirə salmaq qərarına gəldim. Buna səbəb Donetsk vilayətində vəziyyətin gərginləşməsi, konkret olaraq Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasıdır", - deyə P. Poroşenko qeyd edib.
P. Poroşenko onu da bildirib ki, Ukrayna Avropa Şurasının növbədənkənar iclasının çağırılması üçün avropalı tərəfdaşlarına müraciət edəcək: "Dünya ictimaiyyəti Ukraynadakı durumun qəfil gərginləşməsinə qiymət verməlidir".
Ukraynanın sabiq baş naziri, "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko isə hökuməti ölkədə hərbi vəziyyət elan etməyə çağırıb. Timoşenko prezidentin ölkənin müdafiəsini öz əlinə almasını vacib hesab edib.
Ukrayna baş naziri Arseniy Yatsenyuk isə tərəfdaş ölkələrə müraciət edərək, Rusiyanın aktivlərini dondurmağa çağırıb.
A.Yatsenyuk qeyd edib ki, Rusiya öz qoşunlarını və texnikasını Ukraynadan çıxarmayanədək Ukraynanın tərəfdaşları Moskvaya təzyiq etməlidir: "Tətbiq olunan sanksiyalar nəticə vermədi. Belə olduğu halda, Moskvanın aqressiv siyasətinə əngəl olmaq üçün əlavə tədbir kimi ABŞ, Avropa Birliyi və G7 ölkələrində Rusiyanın aktivlərini dondurmaq olar", - deyə o vurğulayıb.