Avropa ilə Rusiya böyük müharibənin astanasında Dünya

Avropa ilə Rusiya böyük müharibənin astanasında

Brüssel Moskvaya 1 həftə vaxt verdi, Putin isə geri çəkilməyəcəyini bəyanladı

Cavid

Rusiya prezidenti Vladimir Putin isə gözlənilməz bəyanatla çıxış edib. Birinci kanala müsahibəsində Rusiya lideri Ukrayna prezidenti Petro Poroşenko ilə avqustun 26-da Minskdə münaqişənin dinc, danışıqlar yolu ilə həll edilməsinə dair razılığa gəldiyi barədə açıqlama verib.
Putinin fikrincə, Donetsk və Luqanskda gedən döyüşlər Ukrayna daxilində vəziyyətin gərgin olmasından xəbər verir. Rusiya prezidenti Ukrayna hakimiyyətini hərbi əməliyyatları dayandırmağa və infrastrukturu bərpa etməyə çağırıb.
Putinin bu bəyanatından 4 gün əvvəl Rusiya sərhədini keçən 63 ukraynalı hərbçi ölkəsinə qaytarılıb. Putinin bəyanatı həmçinin ötən gün Ukrayna prezidenti Petro Poroşenkonun Avropa Birliyi ölkələrini müharibənin daha geniş miqyas ala biləcəyi barədə etdiyi xəbərdarlığından sonra gəlib.
Ukrayna prezidenti Petro Poroşenko isə düşünür ki, artıq geriyə yol yoxdur: "Biz geriyə yolun olmadığı kritik nöqtəyə çatmışıq. Bu artıq silahlıların nəzarətində olan ərazilərdə baş vermiş geniş miqyaslı müharibədir. Belə bir anda atılacaq hər hansı təcavüzkar addım məsələni kritik həddə çatdıra bilər".
Brüsseldə sammit başa çatdıqdan sonra Avropa İttifaqının rəhbərliyi isə elan edib ki, Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar bir həftə ərzində hazır olacaq. Sammitdə həmçinin bəyan edilib ki, Ukraynada münaqişə qaytarılmaz nöqtəyə yaxınlaşıb. Avropa Komissiyasının rəhbəri Jose Manuel Barrozo Brüsseldə mətbuat konfransında deyib ki, Ukraynanın şərqində yeni cəbhələrin açılması və Rusiya əsgərlərinin münaqişəyə qatılması yolverilməzdir.
"Mən sizi əmin edə bilərəm ki, komissiya şuranın sifariş verdiyi məhdudlaşdırıcı tədbirlər üzrə öz təkliflərini tez təqdim edəcək", - Avropa Komissiyasının başçısı qeyd edib.
Avropa Şurasının sədri Herman Van Rompuy isə sanksiyalar layihəsinin tez hazırlanıb, razılaşdırmaq üçün gələn həftənin sonunadək bütün Aİ ölkələrinə təqdim olunmasının labüdlüyünü vurğulayıb.
Almaniyanın kansleri Angela Merkel sanksiyaların Ukrayna ətrafında vəziyyətin dəyişməz qalması və ya daha da pisləşməsi təqdirdə tətbiq ediləcəyini bildirib.
Yeni sanksiyaların iqtisadiyyatın hansı sektorlarına şamil olacağının təfsilatları hələ açıqlanmır.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton da Rusiyaya çağırış edib.
Eşton Rusiyadan Ukrayna böhranında hücuma son verməyə və ordunu geri çəkməyə çağırıb. AB-nin Ali nümayəndəsi Rusiya-Ukrayna böhranının hərbi yolla həll edilə bilinməyəcəyini qeyd edərək Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində davamlı siyasi həllə ehtiyac olduğunu söyləyib.
Onu da bildirək ki, Avropa İttifaqı Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını elan etməsinin ardınca Vladimir Putin Şərqi Ukrayna dövlətçiliyinin müzakirəsi üçün danışıqlara səsləyib.
Rusiya prezidenti Rusiyanın 1-ci kanalına müsahibəsində Ukraynadakı vəziyyətin dinc danışıqlar yolu ilə həll edilməsinin mümkünlüyünü açıqlayıb.
Vladimir Putin deyib ki, danışıqlar aparılmazsa böhranın nə vaxt sona çatacağını proqnoz etmək mümkün deyil.
Rusiya prezidenti həmçinin Avropa İttifaqının yeni sanksiyalar barədə xəbərdarlığını rədd edərək, Brüsseli Ukraynada hərbi çevrilşi dəstəkləməkdə qınayıb.
"Bu, hamımız üçün yaxşı bir dərsdir. Ukraynada hakimiyyəti zor gücü ilə ələ keçirən zaman yol verilən səhvləri heç kim və heç bir vaxt təkrar etməsin. Baş verənlərin əsas səbəbi budur" - deyə Rusiya prezidenti bildirib.
Bundan başqa o, Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını istəyib. Prezident bildirib ki, hərbi əməliyyatları dayandırıb, payız-qış aylarına hazırlıq görülməlidir. Ukraynada hərbi əməliyyatı dəstəkləyən Qərb ölkələri Avropa demokratik dəyərlərini xatırlamalıdır: "Məncə, bu haqda Rusiyadan başqa heç kəs artıq düşünmür". Putin həmçinin Ukraynanın cənub-şərqində baş verən hadisələrə görə, ölkənin siyasi dairələri ilə danışıqların başlanmalı olduğunu qeyd edib.
Ukrayna prezidenti Petro Poroşenko isə bildirib ki, Ukrayna ərazisində minlərlə "xarici" əsgər və yüzlərlə tank var.
"Hazırda Ukrayna xarici hərbi təcavüzün və terrorun obyektidir. Vəziyyət avqustun 27-də pisləşdi, minlərlə rus əsgəri və yüzlərlə rus tankı hazırda Ukrayna ərazisindədir. Bu yalnız Ukraynaya deyil, bütün dünya və Avropaya təhlükədir", - deyə Poroşenko bildirib.
Poroşenko əlavə edib ki, Ukrayna hökuməti anlayır ki, bu münaqişə hərbi yolla həll edilə bilməz.
Ukraynada baş verənlərlə bağlı dünən yayılan məlumatları sırasında o da bildirilib ki, Donetsk vilayətinin İlovaysk şəhərində 84 hərbçi separatçıların mühasirəsindən xilas edilib. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, "Donbass" batalyonunun 69, "Svityaz" batalyonunun 11, DİN-in Xüsusi "Dnepr 1" batalyonunun 4 döyüşçüsü mühasirədən xilas edilib. Mühasirədən çıxarılan əsgərlərdən 4-nün qadın olduğu bildirilir.
Qeraşenko bildirib ki, bu gün separatçıların mühasirəsində qalan Ukrayna ordusunun hərbçilərinin adlarının siyahısı açıqlanacaq.
Qeyd edək ki, strateji əhəmiyyətli İlovaysk şəhərində humanitar dəhlizin yaradılmasına dair qeyri-rəsmi razılaşma olmasına baxmayaraq, rusyönümlü qüvvələr 6 silahsız əsgəri yerindəcə güllələyib.