Qərbin hökmranlıq etdiyi dünya geridə qaldı… Dünya

Qərbin hökmranlıq etdiyi dünya geridə qaldı…

“Artıq ABŞ-ın güclü imici yoxdur, Avropa İttifaqı deyilən bir şey də yoxdur. Qərbin hökmranlıq etdiyi dünya da geridə qaldı”. Bu barədə türkiyəli yazar İbrahim Karagül deyib. Türkiyəli yazar trilyon dollarlıq gücə sahib olan dövlətlərin maska tapa bilmədiyinə, bir-birinin tibbi ləvazimatlarını oğurladığına diqqət çəkib: “Ən mərhəmətsiz ölkələr indi ən çox mərhəmətə möhtac olanlar olub”.
İ.Karagül qurulacaq yeni dünyada dövlətlərin milli istehsala üstünlük verəcəyini hesab edir. “Pandemiya bitəcək və bəşəriyyət yeni dünyaya oyanacaq. Güc və sərvət əl dəyişdirdi, siyasi və iqtisadi sistemin xarakteri də dəyişdi. Artıq Qərb həyat tərzinə şübhə edən bir dünya qurulacaq. Bu dünyada müdafiə, sənaye, texnologiya qədər kənd təsərrüfatına da önəm veriləcək”, - o qeyd edib.
Yazar bildirir ki, virusun dərmanı çox tez tapılacaq: “İyirmiyə qədər ölkə dərmanın tapılması üzərində iş aparır, bəzi ölkələr artıq insanların üzərində sınaqlar keçirir. Məlum dərmanların bir qismi müalicədə istifadə olunur. Bəlkə də ilk dəfə ən tez dərmanın tapılmasına şahid olacağıq”.
Yazar onu da iddia edir ki, Çinin vəziyyəti çətin ola bilər. “Dünya ölkələri, eləcə də virusdan zərər görən şirkətlər xəstəliyi yayan ölkə kimi Çinə yüz milyardlarla dollarlıq məhkəmə iddiaları qaldıra bilərlər. Artıq indidən bu haqda danışırlar. Xüsusilə Böyük Britaniyada virusun heyvanlardan keçdiyi, Uhandakı laboratoriyadan bir insana bulaşdığı və belə yayıldığından bəhs edirlər. Bu da virusun süni şəkildə yaradıldığı ehtimalını gücləndirir. Bu iddialar böyük qarşıdurmalara səbəb ola bilər”.
Onu da qeyd edək ki, dünya yeni növ koronavirus pandemiyasının ABŞ-ın Harvard Universitetinin professoru Çarlz Leberin laboratoriyada yetişdirərək, Çinə satmasından danışır. Leber, eyni zamanda ABŞ-ın məxfi kəşfiyyat məlumatlarını Çinə verməkdə də ittiham edilib. Bu işlərə görə Çin şirkətlərindən yüz minlərlə dollar aldığı bildirilən 60 yaşlı professorun artıq saxlanıldığı deyilib.
Məlumata görə, Leberin Harvard Universitetindəki araşdırma qrupu Milli Səhiyyə İnstitutları və Müdafiə Nazirliyindən apardığı araşdırma üçün 15 milyon dollar alıb. Məlumatda Leberin Çindəki Uxan Texnologiya Universitetinə olan bağlılığını və Çin şirkətləri ilə gizli sövdələşmələrini nüfuzlu elm adamlarını ölkəyə çəkmək üçün gizlətdiyi qeyd edilib. Çin universiteti tərəfindən professora ayda 50.000 dollar ödənildiyi və Uxan Universitetində laboratoriya qurması üçün 1.5 milyon dollar aldığı da bildirilib. Beləliklə onun Harvarddakı araşdırmalarını Uxan Universitetinə satdığı iddia olunub. “Röyter” agentliyi isə Leberin saxlanılmadığı, onun koronavirusla bağlılığının olmadığını bildirib. ABŞ-ın Ədliyyə Nazirliyi də məlumatları təkzib edib.