Qazaxıstana Rusiya təhlükəsi Dünya

Qazaxıstana Rusiya təhlükəsi

İki ölkə arasında münasibətlər soyuyur

Cavid

Ukraynada baş verən son hadisələr və Rusiyanın bölgədəki separatçıları dəstəkləməsi və onlara canlı qüvvə və hərbi texnika ilə kömək etməsi Qazaxıstanda da narahatlıqla qarşılanmaqdadır. Çünki Ukraynadan sonra ən çox rusdilli əhali Qazaxıstanda yaşayır. Bu isə Ukrayna ssenarisinin istənilən vaxt Qazaxıstanda təkrarlanması təhlükəsini əmələ gətirib.
Buna paralel olaraq Rusiya Prezidenti Vladimir Putinin "Seliger-2014" gənclik forumundakı çıxışı zamanı qazaxların əvvəllər dövlətinin olmadığını vurğulaması və Nazarbayevin boş bir yerdə Qazaxıstan dövlətini yaradaraq onun möhkəmləndirilməsi üçün əlindən gələni etdiyini söyləməsi qazaxlar arasında yeni narazılıqlara səbəb olub. Qazaxlar Putinin bu sözlərini gələcəkdə Qazaxıstana qarşı geniş ərazi iddialarının qaldırılmasına indidən zəmin hazırlanması kimi dəyərləndirirlər. Qeyd edək ki, Putinin son açıqlaması bir müddət əvvəl Nazarbayevin dediyi: "Avrasiya ittifaqı Qazaxıstanın ərazi bütövlüyünü təhlükə altına alacağı halda biz oranı tərk edəcəyik", - sözlərinə cavab olduğu ehtimal edilir.
Öz növbəsində Rusiya müxalifətinin tanınmış simalarından biri olan Boris Nemtsov öz Tvitterində Putinin son açıqlaması ilə bağlı: "Ukrayna ona (Putinə) azlıq etdi, indi də Qazaxıstanla münasibətləri korlamağa başlayıb. Ölkəni idarə etdiyi illər ərzində Putin qonşuları ilə münasibətləri gərginləşdirb. O, qonşuları ilə ya müharibə edir, ya da onlarla düşmənçiliyi önə çıxarır", - deyə yazıb.
Rusiya Dumasının deputatı, qeyri-adi çıxışları ilə məşhur olan Vladimir Jirinovski də skandal sayılacaq açıqlama verib. Onun fikrincə, Rusiya Qazaxıstanı zəbt etməlidir. Çünki Qazaxıstanda "rusofobiya meydan sulayır".
Jirinovski "Exo Moskvı" radiosuna müsahibəsində bildirib ki, Qazaxıstanın bütün yeni dərsliklərində və hər yerdə anti-rus əhval-ruhiyyəsi hakimdir. Onun sözlərinə görə, bir vaxtlar qazax tayfaları Çar Rusiyasına yalvarıb ki, onları cunqarların qətliamından xilas etsin. Çar Rusiyası da ora ordu göndərərək şimalı Qazaxıstanı azad edib.
Jirinovski hesab edir ki, indi Qazaxıstana "dərs vermək" lazımdır. Lakin Ukryana ilə məsələni yoluna qoyandan sonra.
Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər soyuyur. Məsələn, sosial şəbəkələrdə qazax istifadəçilər tərəfindən bir videodakı kadrlardan görünür ki, sürücülərdən biri öz həmkarından maşınının salonundakı Rusiya bayrağını yığışdırmağı tələb edir. Qazaxıstanda belə hallara artıq tez-tez rast gəlindiyi də vurğulanır.
Maraqlıdır ki, Rusiyanın xarici siyasətindəki bu dəyişiklik Minsk görüşündən sonra açıq şəkildə görünməyə başladı. Ekspertlər hesab edir ki, buna səbəb Putinin Minsk görüşündə Poroşenkoya qarşı Nazarbayevin dəstəyini tam ala bilməməsi olub.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, son olaylarda dönüş nöqtəsi məhz Minskdə olub. Bu görüşdə Putin Qazaxıstan və Belarusdan istədiyi dəstəyi ala bilmədiyini açıq şəkildə görüb: "Qazaxıstan Avropa Birliyi ilə əməkdaşlığa can atır, Ukrayna ilə münasibətləri normalaşdırmağa çalışır. Bu isə Putinin xoşuna gəlmir. Putin guya Nazarbayevi tərifləyir. Amma eyni zamanda Qazaxıstanı aşağlayır ki, tarixdə belə bir dövlət olmayıb. Putin əlaltısı Jrinovski ilə Qazaxıstanı daha sərt formada hədələyir. Rusiyanın problemi odur ki, eyni zamanda bir neçə iş görmək istəyir. Rusiya Gürcüstanı, Moldovanı, Azərbaycanı parçaladığı kimi Ukraynanı da parçalamaq istəyir".
Rusiyanın Ukrayna siyasətində Belarus və Qazaxıstandan aktiv dəstək gözlədiyini deyən E.Şahinoğlu vurğulayıb ki, Belarus və Qazaxıstan isə açıq formada Rusiyanı dəstəkləmədiklərini bəyan edirlər. Çünki onlar gözəl bilirlər ki, Rusiya siyasətininnın qurbanlarına çevrilə bilərlər: "Ona görə həm Qazaxıstan, həm də Belarus liderləri tədricən etirazlarını bildirməyə başlayıblar. Putin isə Avrasiya İttifaqı üzvlərinə məcbur etmək istəyir ki, siz mənimlə birgə Ukrayna siyasətini dəstəkləməlisiniz. Onlar isə buna etiraz edirlər. Qazaxıstanın ardınca Belarus da Putinin siyasətindən narazılığını ortaya qoyacaq. Onsuz da Belarusun Poroşenkonu dəstəkləməsi də Rusiyanı qıcıqlandırır. Amma görünür ki, Putin hamı ilə birdən münasibətləri korlamaq istəmir".
O da söylənilir ki, Qazaxıstanın Avrasiya İttifaqına üzv olması və onun qurulmasının əsas təşəbbüskarlarından biri olması Qərbdə özünəməxsus həyəcanla qarşılanmaqdadır. Bununla bağlı belə bir fikir vurğulanır ki, Qazaxıstanın Avrasiya İttifaqında iştirakı Vaşinqtonla Astana münasibətlərinin strateji əməkdaşlıq müstəvisində inkişaf etdirilməsini şübhə altına alaraq, ABŞ-ın regiondakı hərbi, iqtisadi və siyasi maraqlarını təhlükə altında qoya bilər. ABŞ-da artan narahatlıqların aradan qaldırılması və iki ölkə arasındakı münasibətlərin gələcəkdə hansı istiqamətdə inkişaf etdiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Cons Hopkins Universitetinin Orta Asiya İnstitunun professoru Frederik Starrın rəhbərliyi altında bir qrup ekspert Amerika-Qazaxıstan əlaqələrinin gələcəyi haqqında araşdırma aparıb. Starr bu araşdırmalar nəticəsində hesabat hazırlayaraq onun təqdimatını keçirib. Hesabatda qeyd edilir ki, Qazaxıstanın Avrasiya İttifaqına üzv olması heç də Astana ilə Vaşinqton arasında iqtisadi, siyasi və hərbi strateji münasibətlərin pisləşməsi demək olmayacaq. Bununla bağlı Starrın rəhbərliyi altında hazırlanan hesabatda deyilir: "Beynəlxalq aləmdə və regionda son illərdə baş verən bəzi siyasi, iqtisadi və hərbi strateji dəyişikliklərə baxmayaraq Qazaxıstan və ABŞ-ın strateji maraqları üst-üstə düşür və hətta biri-birlərini tamamlayır. Bu sahədə müvafiq addımların atılması hər iki tərəf üçün cəlbedicidir və bu da hər iki ölkənin daha da yaxınlaşmasına şərait yaradır. Bundan əlavə regionda baş verən hadisələr də Qazaxıstanı ABŞ-ın simasında müttəfiq axtarmağa məcbur edir ki, bu da Astananı Vaşinqtonun bölgədəki tərəfdaşına çevirə bilər".
Politoloq Fərhad Məmmədov bildirib ki, Rusiya ilə Qazaxıstan arasında gözlənilmədən yaranan gərginlik səngiyəcək: "Əslində Putin bu planı artıq dövriyyəyə buraxandan sonra, bəzən gizlətmədən öz düşüncələrini açıb ortaya qoyur. Bunlardan biri də Qazaxıstanın dövlətçiliyi ilə bağlı dediyi sözlər idi. Bu, əlbəttə kəskin reaksiyalar verdi.
Onu da qeyd edim ki, Qazaxıstanda daxili vəziyyət kifayət qədər həssasdır. Rusiyanın iştədiyi vaxt Nazarbayev hökumətini silkələmək imkanı var. Burada əhalinin 40% ruslardır. Qazaxıstan quru, çöllük ərazilərə malikdir. Dənizə çıxışı yoxdur. Qazaxıstanın xarici ticarətinin böyük bir hissəsi Rusiya ilə həyata keçirilir. Digər tərəfdən, Qərbin Rusiyaya sanksiyalarından sonra bu ölkənin vəziyyəti bir az da yaxşılaşıb. Çünki Rusiya xarici bankların yerinə, Qazaxıstan banklarında lazımı əməliyyatları yerinə yetirir".
Politoloq onu da bildirib ki, Ukrayna ssenarisini Rusiya çox rahatlıqla Qazaxıstanda yerinə yetirə bilər: "Orada ruslar Ukraynadakından da çoxdur. Burda separatçılıq əhval- ruhiyyəsi formalaşdırmaq, müstəqillik süarları irəli sürüb siyasi zəlzələ yaratmaq daha asandır. Bunu Nazarbayev də bilir və onun özü də gərginliyi artırmaqda maraqlı deyil.
Son günlər Avrasiya Birliyi ətrafında cərəyan edən hadisələr media nümayəndələrinin diqqətini çəkməyə başlayıb. Təşkilatın perspektivi, Ermənistanın quruma üzvlüyü və Qazaxıstanın bəzi məsələlərdə ortaya sərt mövqe qoymasına qazax politoloqu Kazbek Beysəbəyovla aydınlıq gətirməyə çalışdıq və ona ilk sualımız Avrasiya Birliyi ideyasının meydana gəlməsinin tarixi ilə bağlı oldu".
F.Məmmədov onu da vurğulayıb ki, təkcə Azərbaycan yox, Belarus dövlət başçısı da tanınmamış respublikaların qurumda üzvlüyünü yersiz sayır. Hər iki ölkənin lideri bu istiqamətdə hər hansı müzakirələrin aparılmasını belə əhəmiyyətsiz və təhlükəli görürlər: "Qaydalar belədir ki, quruma üzv ölkərdən biri istənilən məsələnin müzakirəsinə veto qoysa, dərhal həmin mövzu arxa plana keçəcək. Başqa bir məqam - Avrasiya Birliyi yaranmaqda olan bir təşkilatdır və onun gələcək fəaliyyəti ilə bağlı hər hansı tələsik addımın atılması, ölçülməmiş qərarların verilməsi, o cümlədən də tanınmamış bölgələrlə bağlı məsələnin gündəmə gətirlməsi müəyyən fəsadlara gətirə bilər. Gözləyək, fəaliyyətə başlasın və yalnız bundan sonra nələrdənsə bəhs edə bilərik. Hazırda hansısa ölkənin üzv qəbul edilməsi məsələsini gündəmə gətirmək qənaətimcə, tələskənlik olardı.
Nə üçün Putin bu cür çıxış etdi? Deyə bilmərəm. Sadəcə, bir məqamı xatılatmaq istərdim ki, Rusiya dövlət başçısı Nazarbayevin 2011-ci ildə işlətdiyi fikirləri təkrarladı. Alma-Atıda iki ölkə arasındakı sərhədlərin delimitasiyası və demorkasiyası ilə bağlı məsələlərin hüquqi həlli başa çatan zaman Nazarbayev sevincək şəkildə bu vaxta qədər malik olmadığımız dövlətə qovuşduğumuzu dilə gətirdi. Amma bizim prezidentimizin deməyi qəbul olunsa da, başqa ölkənin, hətta bizə dost olan Rusiyanın dövlət başçısının bu cür yanaşmasını duzgün saymıram. Ukrayna hadisələri fonunda təbii ki, bu bəyanat Rusiyaya qarşı müəyyən qıcıq yaratdı. Doğrudur, Rusiyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri xüsusi bəyanatla çıxış etdi və Putinin fikirlərinin düzgün anlaşılmadığını xatırlatdı. Lakin deyiləcək sözlər səsləndirilmişdi. Bilirsiniz, bu arada Vladimir Jirinovski də ağzına gələni danışdı. Amma qazaxlar ona fikir vermədilər ki, bu populist çıxışların müəllifi Jirinovskidir. Amma Putinlə bağlı məsələyə tamam başqa reaksiya sərgiləndi".
Ukrayna məsələsinin həllindən sonra Rusiyanın növbəti hədəfinin Qazaxıstan olacağı ilə bağlı söylənilənlərə münasibətində isə politoloq bildirib ki, belə fikirlər ancaq sosial şəbəkələr müstəvisində səslənir: "Mən önəmli məqamları diqqətinizə çatdırmaq istərdim - birincisi, ərazi bütövlüyünə hörmətlə bağlı Qazaxıstanla Rusiya arasında mövcud olan hüquqi sənəd Ukrayna ilə müqayisədə tamam fərqlidir. Sərhədlərimiz tam müəyyənləşib və hüquqi sənədlər Birləşmiş Millətlər Təşkilatının müvafiq strukturuna göndərilib. Şərti desək, sabah Qazaxıstanla Rusiya arasında hər hansı qarşıdurma olarsa, bu, Ukraynadakı kimi, pravoslav inanclı iki qardaş xalqın deyil, türk-slavyan dünyasının və xristyanlıqla islamın üz-üzə gəlməsi olardı. Əlbəttə ki, hadisələrin bu cür inkişafını heç kim arzulamır. Beləliklə də, elə bir əsas yoxdur ki, şimal qonşumuzla hər hansı gərginliyin yaşanacağını dilə gətirək. Ərazi iddiası ilə bağlı səslənən fikirlərlə də razılaşmıram. Qazaxıstanda rusafobiya yoxdur, biz olduqca tolerant bir ölkəyik. Qazaxıstanın 30 faizini ruslar təşkil edir. Bilmirəm təəssüf edim, ya da xoş olay kimi diqqətə çatdırım "qazaxlar nadir xalqlardandır ki, öz dogma dilində pis bilirlər. Ölkə vətəndaşlarının əksəriyyəti rus dilində danışır, ünsiyyət qururlar. Ona gərə də, Rusiya və Qazaxstan əlaqələrinin gərginləşəcəyini düşünmək üçün ortada bircə zəmin belə yoxdur. Əsrlərdir yan-yan yaşayırıq, qazaxlarla ruslar arasında bir dostluq əlaqələri qurulub. Qazaxıstan həmişə Rusiya ilə inteqrasiyanın vacibliyini nümayiş etdirir".