Koronavirus dünyaya Çinin Uhan şəhərindəki laboratoriyadan yayılıb Dünya

Koronavirus dünyaya Çinin Uhan şəhərindəki laboratoriyadan yayılıb

ABŞ-ın dövlət katibi: “Dünyanın nə baş verdiyini bilməməsi üçün hər şeyi ediblər"

ABŞ dövlət katibi Mayk Pompeo bazar günü koronavirus pandemiyasının Çinin Uhan şəhərində heyvanların satıldığı bazarda deyil, laboratoriyada meydana gəldiyini bildirib. “Amerikanın Səsi” xəbər verir ki, Pompeo ABŞ-ın virusun bilərəkdən yayıldığına inanıb-inanmadığını deməkdən imtina edib.
Xatırladaq ki, ABŞ-ın kəşfiyyat rəsmiləri keçən həftə COVİD-19 epidemiyasının ilk olaraq vəhşi heyvanlarla təmas və ya Uhandakı Virusologiya İnstitutunun laboratoriyasında qəza nəticəsində yayılıb-yayılmadığını araşdırdıqlarını bildirimişdilər. “Unutmayın ki, Çinin dünyada yoluxmalara səbəb olmasının tarixi var, onların standartlardan aşağı səviyyədə laboratiyaları var” – deyə, Pompeo ABC tele kanalının “Bu Həftə” proqramına müsahibəsində bildirib.
“Bu, ilk dəfə deyil ki, dünya Çindəki laboratoriyalarda pozulmalar nəticəsində virusların təsirinə məruz qalır”, – o əlavə edib.
ABŞ-ın baş diplomatı virusun Uhanda yarasalarda virusun mövcudluğu ilə bağlı tədqiqat aparılan laboratoriyadan gəldiyinə dair “yüksək inam” olduğunu deyib.
“Bunun məhz burada başladığına dair çoxsaylı dəlillər var” – deyə, ABŞ dövlət katibi bildirib. M.Pompeo bildirib ki, yeni koronavirus dünyaya Çinin Uhan şəhərindəki laboratoriyadan yayılmağa başlayıb. Diplomatın sözlərinə görə, Vaşinqtonda buna dair sübutlar var. “Bu virusun Uhan laboratoriyasından yayılımasını göstərən şəhadətnamələr var. Biz lap əvvəldən bunu iddia edirdik, indi bütün dünya buna əmin ola bilər”, – “ABC News” telekanalının efirində Pompeo deyib.
Bununla belə, dövlət katibi virusun məqsədli şəkildə və ya fövqəladə hadisə səbəbindən yayılması barədə suala cavabdan yayınıb. “Biz bu suallara cavab vermək üçün bütün zəruri səylərə təşəbbüs edirik. Biz və Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislər qrupunu ora (Uhana-red) və Çinin başqa laboratoriyalarına göndərməyə çalışırıq, amma Kommunist Partiyası əvvəlki kimi Çinə girişə mane olur”, – o qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp da bildirib ki, o, COVID-19-un Çin Uhan şəhərindəki laboratoriyada süni şəkildə yaradılması barədə sübutları görüb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Pompeo ABŞ-ın kəşfiyyat icmasının virusun “insan tərəfindən yaradılmadığı və ya genetik modifikasiya edilmədiyinə” dair çıxardığı nəticə ilə bağlı şübhələnməsinə heç bir əsas olmadığını deyib. Lakin o, Çini dünyanın COVİD-19 təhlükəsi ilə bağlı məlumatlandırılmasında gecikməkdə ittiham edib. Onun sözlərinə görə, hazırda dünyada 3.4 milyon yoluxma və 245.000 ölüm halları kimi saylar, Çinin “üstünü örtmək, gizlətmək və çaşdırmaq” cəhdləri olmasaydı, bu səviyyədə çatmazdı.
“Biz təsdiq edə bilərik ki, Çin Kommunist Partiyası dünyanın nə baş verdiyini daha erkən öyrənə bilməməsi üçün hər şeyi edib. Buna dair çox dəlil var”, – Pompeo bildirib. Pompeo ABŞ və beynəlxalq alimlərin Uhan laboratoriyasını ziyarət etməsinə icazə verilmədiyini və Çinin original virus nümunələrini hələ təqdim etmədiyini deyib.