
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İranın "Səhər" televiziya kanalı və "Mehr" xəbər agentliyinin Azərbaycandakı fəaliyyətini qanunsuz elan etməsi təsadüfi deyil, uzun müddətdir davam edən informasiya qarşıdurmasına verilən institusional cavabdır.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
"Qərarın İranın AzTV-ni "düşmən media" siyahısına daxil etməsindən sonra qarşılıqlılıq prinsipi əsasında qəbul olunması beynəlxalq münasibətlərdə qəbul edilmiş diplomatik yanaşmadır.
Əslində, İranın dövlət mediası illərdir Azərbaycana qarşı sistemli şəkildə qərəzli informasiya siyasəti yürüdür.
"Səhər" televiziya kanalı müxtəlif verilişlərində Azərbaycanın dünyəvi dövlət modelini hədəfə alan, ölkənin daxili siyasətini gözdən salmağa çalışan və dini zəmində cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən materiallar yayımlayıb.
"Mehr" xəbər agentliyi isə bir sıra hallarda Azərbaycanın suveren qərarlarını və xarici siyasətini birtərəfli şəkildə təqdim edərək rəsmi Bakıya qarşı ittiham xarakterli xəbərlər dərc edib" - politoloq deyib.
O, qeyd edib ki, 2020-ci il Vətən müharibəsi dövründə İran mediasının bir hissəsində Ermənistanın mövqeyinə yaxın xəbərlərin və şərhlərin yayımlanması Azərbaycanda ciddi narazılıq doğurmuşdu.
Azərbaycanın İsrail, Türkiyə və digər strateji tərəfdaşları ilə əməkdaşlığı İranın bəzi dövlət media orqanlarında tez-tez təxribat xarakterli başlıqlarla təqdim olunub:
"Bəzi hallarda həmin media qurumlarında Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizlik siyasəti və regional təşəbbüsləri haqqında əsassız iddialar irəli sürülüb.
Belə bir şəraitdə Azərbaycanın informasiya təhlükəsizliyini qorumaq məqsədilə hüquqi və institusional addımlar atması dövlətin suveren hüququ hesab olunur.
Heç bir dövlət öz ərazisində fəaliyyət göstərən xarici media qurumlarının milli maraqlara zidd və düşmənçilik xarakterli təbliğat aparmasına laqeyd qala bilməz.
MEDİA-nın qərarı söz azadlığına qarşı deyil, dövlətlərarası münasibətlərdə qarşılıqlılıq prinsipinin və milli qanunvericiliyin tətbiqinin nümunəsidir.
Müasir dövrdə informasiya məkanı dövlət sərhədləri qədər strateji əhəmiyyət daşıyır və onun qorunması milli təhlükəsizliyin ayrılmaz hissəsidir.Bu baxımdan MEDİA-nın son qərarı təkcə iki xarici media qurumuna münasibət deyil, Azərbaycanın informasiya suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə etdiyini nümayiş etdirən prinsipial siyasi mesajdır".
Cavid