Korono Yaxın Şərqi də öz təsiri altında saxlayıb Dünya

Korono Yaxın Şərqi də öz təsiri altında saxlayıb

“COVID-19 pandemiyası dünyanın bütün ölkələrini hədəfə alıb. Bu pandemiya dünyanın iqtisadi sisteminə, ticarət mübadilələri, beynəlxalq və daxili nəqliyyata, ölkələrdaxili sosial vəziyyətə təsir göstərdiyi kimi, bir sıra regional və beynəlxalq münaqişələrə də təsirsiz ötüşməyib”.
Bu sözləri şərqşünas Samid Bağırov pandemiyanın ərəb coğrafiyasındakı münaqişələrə təsiri barədə danışarkən deyib.
Şərqşünas əlavə edib ki, tələfat daha çox Avropa və Amerikada yaşansa da, pandemiya Yaxın Şərqi də öz təsiri altında saxlayıb:
“Yaxın Şərq ölkələrindən İran, Səudiyyə Ərəbistanı, İsrail və BƏƏ faktiki münaqişə ocaqları olmadığına görə və nisbətən beynəlxalq nəqliyyatın mərkəzində yerləşdiklərinə görə COVID-19 virusuna daha tez mübatəla olan və virusun daha sürətlə yayıldığı ölkələr hesab edilirlər. Əksinə, döyüşlərin getdiyi, mühasirələrin tətbiq edildiyi və əməliyyatların aparıldığı Yəmən, Suriya və Liviya pandemiyanın fəsadlarına daha az məruz qalan ölkələr kimi önə çıxırlar”.
Samid Bağırovun fikrincə, hazırda Yaxın Şərq ölkələrindən müharibələrin və qarşıdurmaların mövcud olduğu adıçəkilən 3 ölkədə COVID-19 pandeiyasının ən aşağı statistikaları qeydə alınıb: “Belə ki, Yəməndə yoluxanların sayı 5 nəfər olduğu halda, bu rəqəm Suriyada və Liviyada hələ 50-ə çatmayıb.
Müşahidələr göstərir ki, koronavirus pandemiyası və ramazan Yəmən və Liviyada tərəflərin qarşıdurmasını durdura bilməyib. Baxmayaraq ki, həm koronavirus həm də ramazan ayı ilə bağlı iki ölkədə atəşkəsin bərpa edilməsi haqda çağırışlar edilib və edilməkdədir, lakin bu çağırışlar nəticəsiz qalır.
Koronavirs pandemiyasının bölgədə tüğyan etdiyi dövrdə Yəməndə tərəflərin qarşıdurmasına insidentlərin yeni dalğası da əlavə edilib. Ötən həftənin sonu Yəmənin cənub əyalətlərini nəzarətdə saxlyan, BƏƏ-nin dəstəklədiyi separatçı meyilli “Keçid Şurası”nın nəzarətindəki ərazilərdə yerli özünüidarəetmə hökuməti elan etməsi, daha sonra isə Ədən şəhərində koronavirusa görə fövqəladə vəziyyət elan etməsi bu ölkədəki münaqişənin həlli yolunu daha da əlçatmaz edib. Eyni zamanda Liviya paytaxtı ətrafında qarşıdurmaların getdiyi dönəmdə general Xəlifə Haftarın 2015-ci ilin “əs-Suheyrat” sazişini ləğv etməsi və özünün ölkənin rəhbəri olduğunu bildirməsi neftlə zəngin olan Şimali Afrika ölkəsində də atəşkəslə bağlı ümidləri puç edib.
Suriyada isə vəziyyət nisbətən sakit olaraq qalır. Mart ayının 5-də Türkiyə və Rusiya prezidentlərinin razılaşmasından sonra ölkənin şimal cəbhələrində nisbi sakitlik hökm sürür. Bəzi ekspertlər koronavirus pandemiyası dövrünə təsadüf edən bu vəziyyəti tufandan öncəki sükut kimi qələmə verirlər.
Pandemiya bütün Yaxın Şərq ölkələrində, xüsusilə də neft ölkələrində ciddi iqtisadi fəsadlara yol açıb. Amma onun “müsbət” təsirini də unutmaya bilmərik. Bu növ təsiri İraq və Livanda müşhadiə etdik və edirik. Bu, İraq və Livanda ötən ilin oktyabr aylarından baş qaldırmış aksiya, iğtişaş və toqquşmaların koronavirusla bağlı fövqəladə karantin vəziyyətinə görə səngiməsidir. Son günlərdə hər iki ölkədə koronavirisun gerilədiyini gördükcə, iqtisadi vəziyyətlə bağlı etiraz və toqquşmaların yenidən qalxdığını da müşahidə edirik".