Hulusi Kılıç: Azərbaycanın sədrliyi Qoşulmam Hərəkatının fəaliyyətinə yeni nəfəs gətirib Dünya

Hulusi Kılıç: Azərbaycanın sədrliyi Qoşulmam Hərəkatının fəaliyyətinə yeni nəfəs gətirib

Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündən sonra mayın 4-də Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Hər iki Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq proseslərə geniş təsir imkanlarını nümayiş etdirdi. Xüsusilə qeyd etmək istəyirəm ki, Türk Şurasının fövqəladə Zirvəsi bu qurumun əhəmiyyətini ortaya çıxardı, onun dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu bir daha nümayiş etdirdi. Qeyd etmək lazımdır ki, bu, dünya miqyasında dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü. İclasda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş Naziri Viktor Orban iştirak ediblər. Qoşulmama Hərəkatının Zirvəsi isə göstərdi ki, Azərbaycanın dövlət başçısı istənilən şəraitdə və mühitdə qlobal problemlərdən narahatdır və onların həllinə əhəmiyyətli töhfələr verməyə müvəffəq ola bilir.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, COVID-19 pandemiyası dünya həqiqətlərini çılpaqlığı ilə ortaya qoydu. Bütün dünya gördü ki, heç də hər şey göründüyü kimi deyil. İnsan haqqlarından dünyaya dərs deyən bir sıra ölkə infeksiyaya yoluxan xəstələrin adi haqlarını belə qorumadılar. Humanizmdən bəhs edənlər bir-birilərinə yardım etmədilər. Bir sıra beynəlxalq birlik və təşkilatlar təmsil olunduqları qurumların haqlarını tanımadılar və s. Hesab edirəm ki, bu prosesdə ən düzgün yolu türkdilli ölkələr tutdular. Burada Türk Şurasının, əlbəttə ki, quruma sədrlik edən Azərbaycanın tarixi missiyası var.

“Türk Şurasının Zirvə görüşü, onun gündəliyi, tərəflərin sərgilədiyi vahid mövqe, dünya ictimaiyyətinə çağırışlar beynəlxalq aləmin diqqət mərkəzinə çevrildi. Sözügedən toplantının qərarlarının icrası göstərdi ki, türkdilli xalqlar tarixin bütün dövrlərində olduğu kimi müasir həyatda da humanizm prinsiplərini milli ənənə kimi yaşadırlar. Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən fövqəladə Zirvə görüşünün qərarlar dünya ictimaiyyətini birgə fəaliyyət üçün bir növ hərəkətə gətirdi. Fövqəladə Zirvənin qərarlarının icrası çərçivəsində Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevin və quruma üzv ölkələrin ABŞ-dakı səfirlərinin iştirakı ilə videokonfrans keçirildi. Birmənalı olaraq bütün bu videokonfrnaslar regionda maraqları olan digər tərəfləri də əməkdaşlığa sövq etməyə bilməzdi.

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda bütün dünya böhran içərisindədir. Hətta bir gün sonra məlum pandemiya aradan qalxsa belə, mövcud əlaqələrin bərpasını, iqtisadi böhrandan çıxış, tez-tez rast gəldiyimiz dünyanın yeni nizamı zaman aparacaq. Türk Şurasının məlum Zirvə görüşünün faydalı nəticələri istər-istəməz beynəlxalq ictimaiyyət üçün cəlbedici xarakter daşıdı. Açıq şəkildə göründü ki, bu Zirvənin qərarları bütün dünya üçün əhəmiyyətlidir. Ona görə də, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmam Hərəkatının Zirvə görüşündə fəallıq yüksək səviyyədə oldu. Qeyd etməliyəm ki, tarixi zərurətdən yaranan hər iki çağırış Azərbaycan Prezidentinin qətiyyətli, iradəli, anında və zamanında praqmatik reaksiya vermək qabiliyyətini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının xüsusi toplantısının çağırılması ilə bağlı təşəbbüsü və tərəflərin dəstəyini qazanması xüsusi qeyd olunmaldır. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı 120 ölkəni sıralarında birləşdirir. Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətinə yeni nəfəs gətirib. Bütün bunlar Prezident İlham Əliyevin xarici siyasətinin uğurlu nəticəsi, onun lider kimi tükənməz gücünün göstəricilərdir”, - deyə Hulusi Kılıç vurğulayıb.