Ukraynada hərbi əməliyyatlar yenidən qızışıb Dünya

Ukraynada hərbi əməliyyatlar yenidən qızışıb

Donetsk aeroportu uğrunda döyüşlər davam edib, 7 separatçı öldürülüb, 10-dan çoxu yaralanıb

Cavid

Ukrayna hərbçilərinin nəzarətində olan Donetsk aeroportu dünən səhər separatçıların hücumuna məruz qalıb. Bu barədə Ukraynanın şərqində xüsusi əməliyyatlar üzrə mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznyov məlumat verib.
Ötən axşam hərbçilər aeroporta bir neçə hücumun qarşısını alıblar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, 7 separatçı öldürülüb, 10-dan çoxu yaralanıb. Hərbçilər arasında itki yoxdur. Aeroportun hər iki terminalı hərbçilərin nəzarətindədir.
"Donetsk Xalq Respublikası"nın baş naziri Alexandre Zakarçenko jurnalistlərə deyib ki, separatçılar həftənin sonunadək Donetsk aeroportunu tutmağa çalışır.
UNİAN xəbər verir ki, ötən sutka ərzində separatçılar Ukrayna hərbçilərinin Donbassdakı mövqelərini 30 dəfədən çox atəşə tutub. Atəş tanklardan, minomyotlardan, toplardan açılıb. Hərbçilər arasında itki barədə məlumat yoxdur.
NATO-nun yeni baş katibi Stoltenberg deyib ki, Ukraynada atəşkəs yeni imkandır. Ancaq Rusiyanın Ukraynanın sabitliyini pozmağa gücü var.
Stoltenberg Brüsseldə mətbuat konfransında deyib ki, Rusiya beynəlxalq qanunlara riayət etməlidir və beynəlxalq öhdəliklərinə hörmət etdiyini göstərməlidir: "Biz Ukraynada atəşkəsin pozulduğunu görürük".
Yeni baş katib Rusiya ilə konstruktiv münasibətlərlə güclü NATO planları arasında heç bir ziddiyyət görmədiyini bildirib.
Ukrayna Ali Rada üzvü, Krım tatarlarının lideri Mustafa Cəmilov isə bildirib ki, Rusiya tərəfindən işğal olunan Krım yarımadası ərazisindən Ukraynaya hücum haqqında açıq danışıqlar aparılır.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) iclasında çıxış edən Ali Rada üzvü Ukraynaya müdaxilənin hazırlandığını avropalı parlamentarilərin diqqətinə çatdırıb.
"Krım ərazisində Rusiya hərbi güclərinin böyük toplanması müşahidə olunur və yarımada ərazisindən Ukraynanın əsas hissəsinə qarşı hərbi hərəkətlərin sürətlə başlanması haqqında açıq danışıqlar aparılır. Yarımada ərazisində "Krım özünümüdafiə qüvvələr"in siyahıları təşkil edilir".
M.Cəmilovun sözlərinə görə, Ukraynaya yarımada ərazisindən hərbi hərəkətlərə başlamaq üçün ilk növbədə Krımda "beşinci kolon"un məhv edilməsinə hazırlıq gedir. Ali Rada üzvünün fikrincə, Moskva Krımın Rusiyaya birləşməsinin qanuniliyini tanımayan Krım tatarlarını "beşinci kolon" hesab edir.
"Krım tatarları təkrar deportasiya və soyqırım təhlükəsi qarşısındadır" deyən M.Cəmilov ümid etdiyini bildirib ki, dünya ictimaiyyəti Rusiyanın hərəkətlərinin dayandırılması üçün addımlar atacaq: "Ümid edirik ki, dünya ictimaiyyəti və Avropa Şurası bu cinayətləri dayandırmaq və Krımın qanunsuz işğaldan azad edilməsi üçün lazımi addımlar atacaq".
Bir müddət əvvəl isə Krım Tatar Məclisinin sədri Refat Çubarov bildirmişdi ki, Rusiya iyirmi birinci əsrdə "Tatarlarsız Krım" doktrinasını dirçəldir.
O bildirib ki, işğal edilmiş Krımda tatarların təhlükəsizliyini hədələyən repressiyaların miqyası artır. R.Çubarov hesab edir ki, Krım hakimiyyəti Krım Tatar Məclisinin milli institutlarını məhv etmək istəyir.
"Yarımadanın işğalına qarşı çıxan yerli xalq hazırda ən zəif qrup olub. De-fakto Krım hakimiyyəti irqi, etnik və dini əlamətlər üzrə Krım tatarları barəsində sistem diskriminasiyası siyasəti aparır. Krım tatarlarına qarşı repressiyaların miqyası böyüyüb, onlar oğurlanır, evlərində, məscidlərdə, mədrəsələrdə, Krım Tatar Məclisinin ofislərində kütləvi axtarışlar aparılır", - Krım Tatar Məclisinin sədri bildirib.
Almaniya kansleri Angela Merkel isə bildirib ki, Rusiya Ukraynanın şərqində rusiyayönlü separatçılara təzyiq göstərməlidir. Merkel bunu oktyabrın 1-də Putinlə telefon söhbətində deyib.
Almaniya hökumətinin sözçüsünün məlumatına görə, liderlər Ukraynada hər gün zorakılıq baş verməsindən narahatlıq bildiriblər. Merkel qeyd edib ki, Ukrayna ilə Rusiya arasındakı sərhədin monitorinqi aparılmalıdır və ATƏT-in bunda böyük rolu olub: "Almaniya ATƏT-in Ukraynadakı missiyasına dəstəyini davam etdirəcək və Donetsk və Luqansk regionlarında planlaşdırılan yerli seçkilərdə mühüm rol oynaya bilər".
Öncə NATO-nun baş katibi Jens Stoltenberg isə bildirib ki, Ukraynada atəşkəs bir imkandır, ancaq Rusiya hələ də bu ölkədə sabitsizlik yaratmaq gücündədir.
Onu da bildirək ki, Ukrayna ordu birləşmələrinə qarşı vuruşan bir qrup separatçı Donetskdə dövlət əhəmiyyətli binanı tutub və orada olan Ukrayna bayrağını cırıb.
Bu olayı özündə əks etdirən şəkil isə sosial şəbəkələrdə paylaşılıb.
Ukrayna mətbuatının verdiyi xəbərə görə, hadisəni törədənlər qafqazlılardır. Onlar bir müddət öncə Rusiya ərazisindən Ukraynaya keçiblər.
Böyük Britaniyanın Ukraynanın ərazi bütövlüyünü tanımasına və Krımın Rusiyaya birləşməsini işğal olaraq qiymətləndirməsinə baxmayaraq, bu ölkənin mediası Kiyevi qəzəbləndirəcək addım atıb.
"The Telegraph", "Daily Mirror" və digər internet-nəşrlər Sevastopolu Rusiya ərazisi kimi göstərib.
Bu günlərdə Sevastopolda qopmuş güclü fırtınadan yazan Britaniya KİV-i şəhəri Rusiyanın bir hissəsi adlandırıb.
Xatırladaq ki, bu ilin martın 16-da Krım Muxtar Respublikası və Sevastopolda müstəqillik haqqında referendum keçirilib. Martın 18-də isə Krım Muxtar Respublikası və Sevastopolun Rusiyaya birləşməsi ilə bağlı müqavilə imzalanıb.
Ukraynanın Donetsk vilayətində ilk dərs günü orta məktəbin həyətinə düşən mərminin partlaması nəticəsində 1 müəllim, 2 valideyn həlak olub, 5 nəfər yaralanıb.
Digər mərmi isə mikroavtobusa düşüb və 6 nəfərin həyatına son qoyub, 25 nəfər isə xəsarət alıb. Mərminin kimlər tərəfindən atıldığı hələlik açıqlanmayıb.
Rusiya Federasiyası İstintaq Komitəsi isə Donetsk şəhəri yaxınlığında dinc insanların qətlində Ukrayna Milli Qvardiyası və "Sağ sektor"un iştirakı ilə bağlı təkzibolunmaz sübutlara malikdir.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
Xatırladaq ki, Donetskdə bir neçə kütləvi məzarlıqdan 400 cəsəd çıxarılıb. Şəxsiyyəti məlum olmayan cəsədlər hazırda Donetsk şəhər meyitxanasındadır.
ATƏT-in eksperti, latviyalı hüquq müdafiəçisi Eynars Qraudinş bildirib ki, həmin cəsədlər dinc sakinlərin basdırıldığı kütləvi məzarlıqlardan aşkar edilib.
E.Qraudinşin sözlərinə görə, o, Donetsk və Luqansk "xalq respublikaları"nın nümayəndələrinin müşayiəti ilə Avropa Birliyi ölkələrinin səkkiz ekspertindən ibarət qrup tərkibində iki kütləvi məzarlığa baş çəkib. Hüquq müdafiəçisi bildirib ki, cəsədlər torpağın lap üst qatında basdırılıb.
"Görünür, onlar tələsik laraq çüxurlara atılmışdı", - deyə latviyalı hüquq müdafiəçisi vurğulayıb.
Bir müddət isə Rusiya prezidentinin İnsan Haqları üzrə Şurasının rəhbəri Mixail Fedotov dinc insanların qətli üçün beynəlxalq qrup tələb edib.
"Kütləvi qətllər müasir müharibənin reallıqlarıdır. Belə cinayətlər keçmiş Yuqoslaviyanın ərazisində də olurdu", - deyə o, vurğulayıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ukraynadakı daxili iqtisadi-siyasi sistem və bu sistemə qarşı mübarizə yönündə Poroşenkoyla bağlı gözləntiləri dəyərləndirərək bildirib ki, Ukraynanın ən böyük problemi oliqarxik siyasi və iqtisadi sistemin varlığını qorumasıdır. Ukrayna bundan qurtula bilmir: "Vaxtilə prezident Kuçma oliqarxları siyasətdən uzaqlaşdırmağa çalışdı, ancaq komrpomatlarla üzləşdi, buna görə də geri çəkildi. Yuşşenko da onlarla ehtiyatlı davrandı. Yanukoviçin özü oliqarx idi, dostlarına qarşı çıxa bilməzdi. Poroşenko da oliqarxdır, buna baxmayaraq deyib ki, hazırki iyrənc sistemi dəyişəcək. Ancaq Kiyevdə buna inanan azdır. Hətta Prezident Administrasiyasında görüşdüyüm yüksək rütbəli məmur oliqarxların siyasətdən uzaqlaşdırılmasının mümkün olmadığını etiraf etdi".