“Total”ın prezidenti öldürülüb, yoxsa ölüb? Dünya

“Total”ın prezidenti öldürülüb, yoxsa ölüb?

Şübhələr Rusiyanın üzərinə yönəlir

Cavid

Xəbər verildiyi kimi, srağagün gecə Moskvanın "Vnukovo" aeroportunda qartəmizləyən maşınla yülgülmotorlu "Falcon" təyyarəsi toqquşması nəticəsində Fransanın "Total" neft konserninin rəhbəri Marjeri de Kristofu həlak olub.
Fransanın "Total" neft şirkətinin prezidentinin Rusiyada ölümü ilə nəticələnən təyyarə qəzası bu gün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin baş xəbəri olub. Qəzanın müəmmalı qarşılanmasının səbəbi "Total" rəhbərinin təyyarəsinin qar təmizləyən maşınla toqquşması nəticəsində baş verməsidir. Moskva qəzanın səbəbləri ilə bağlı açıqlama versə də, bəzi ehtimalların Rusiyaya qarşı yönələcəyindən xəbər verir.
Rusiya mediasınaın yazdığına görə, hazırda hadisəni araşdıran hüquq-mühafizə orqanları dörd versiya üzərində işləyir: pilotların səhvi, dispetçerlərin səhvi, qartəmizləyən maşının sürücüsünün səhvi və pis hava şəraiti.
Lakin Marjeri de Kristofunun dünyanın enerji nəhənglərindən olan bir şirkətin prezidenti olması, Qərbin Rusiyaya qarşı sanksiyaların kəskinləşdiyi bir dövrə təsadüf etməsi və hadisənin məhz Rusiyada baş verməsi ortaya əlavə versiyalar çıxarır.
Rusiya İstintaq Komitəsi müstəntiqlərinin araşdırmaları zamanı bəlli olub ki, "Total" neft şirkəti prezidentinin təyyarəsi ilə toqquşmuş qartəmizləyən maşının sürücüsü sərxoş olub.
Məlumatı Rusiya İstintaq Komitəsinə istinadən "RİA Novosti" agentliyi yayıb.
"Hazırda əlimizdə olan dəqiq məlumat budur ki, Vnukovo aeroportunda çalışan qartəmizləyən maşının sürücüsü hadisə zamanı alkoqollu içkinin təsiri altında olub. İstintaqın getdiyi müddətdə aeroportun bir sıra yüksək vəzifəli əməkdaşlarının səlahiyyətlərinin məhdudlaşdırılacağı, onların işdən kənarlaşdırılacağı barədə qərarın qəbulu gözlənilir" - deyə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
Xatırladaq ki, qəzanın səbəbi, həmçinin təyyarənin uçuş marşrutu barədə ilkin saatlarda fərqli xəbərlər də yayılıb. Məsələn, "Lifenews" bildirib ki, "Dassault Falcon" tipli təyyarə Moskva aeroportunda sərt eniş edib, nəticədə onun mühərriklərinin birində partlayışla müşayiət olunan yanğın başlayıb. Bu isə təyyarənin Moskvadan Parisə uçmağa hazırlaşması və qartəmizləyən maşınla toqquşması barədə deyilənlərlə üst-üstə düşmür. Hər halda dəqiq səbəblər və təfərrüatlar araşdırmalardan sonra bəlli olacaq.
Avropanın 3-cü dünyanın isə 5-ci ən iri neft-qaz şirkəti olan "Total"a rəhbərlik edən 63 yaşlı Kristof de Marjeri 7 ildir ki, bu sənaye nəhənginin başındadır. Qlobal enerji sənayəsində sözükeçən fiqurlardan hesab edilən cənab Kristof de Marjeri son zamanlar qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiylara qarşı çıxan və Rusiya ilə əməkdaşlığı dəstəkləyən bəyanatlarıyla diqqət çəkirdi. Rusiyanın neft bazarında əsas oyunçulardan olan "Total" yeganə Qərb şirkəti idi ki, həm də "Lukoyl"la birlikdə Rusiya ərazisində yeni neft tədqiqtlarına başlamışdı.
RİA xəbər agentliyinin isə verdiyi məlumata görə, "Total"ın mərhum prezidenti son çıxışında Rusiya barəsində sanksiyalara qarşı fikirlərini ifadə edib.
"Rusiyada Qərbin partnyorudur. Biz hesab etmirik ki, Rusiya qlobal iqtisadi və siyasi proseslərdən təcrid olunmalıdır. Mən tamamilə əminəm ki, açıq siyasət bizə keçmişdəki maneələrin öhdəsindən birgə gəlməyə imkan verəcək", - deyə Moskvada xarici investisiyalar üzrə keçirilən toplantıda çıxış edən Marjeri de Kristofu bildirib. O, qeyd edib ki, siyasi məsələlər yalnız siyasi həll tələb edir .
"Total" prezidentinin bu çıxışı Fransada da şərh edilib. Fransa-Rusiya tıcarət palatasının prezidenti Emanuel Kide Fransa parlamentində "Rusiya 2014" məruzəsinin açıqlandığı zaman "Marjeri de Kristofu ağır siyasi vəziyyətə baxmayaraq dostluq haqqında danışır və fransızları ruslarla bağlayırdı" deyib.
Digər məlumatlara görə, Rusiyada xarici sərmayələrə dair hökumətin iclasında iştirak edən "Total" şirkətinin prezidenti Kristof de Marjeri Moskvanın Vnukova hava limanından Parisə uçmağa hazırlaşırmış. "Falkon 300" tipli 4 nəfərlik Fransız təyyarəsi uçuş zolağında saat 200 km sürətlə hərəkət edərkən anidən qarşısına çıxan qar təmizləyən maşınla toqquşub. Təyyarə aşıb və yanıb. "Total" prezidenti ilə yanaşı 3 nəfərdən ibarət ekipajcı da həyatını itirib.
Rusiyanı şoka salan qəza dünən gecə Moskvanın ən müasir və etibarlı hava limanı sayılan Vnukovada meydana gəldi. Hadisənin səbəbi kimi müxtəlif versiyalar irəli sürülsə də, Rusiya istintaq komitəsi qəzanın qar təmizləmə maşınının sürücünsün sərxoş vəziyyətdə uçuş zolağına çıxmasından qaynaqlandığını açıqladı. Ekspertlər isə bu qəzanın Rusiyanın Avropadakı mənfi imicinə daha bir zərbə olacağı barədə həmfikirdirlər.
Qəzanın səbəbləri kimi sərxoş sürücüdən başqa uçuşa əlverişsiz hava şərtləri və dispetçer xətası ehtimalları da araşdırılır. Məlumatda deyilir ki, dispetçer pultu arxasında oturan şəxs mütəxəssis yox, sadəcə stajçı olub. Bu hadisənin prezident və mühüm vəzifəli şəxslərin istifadə etdyi bir hava limanında sadə texniki xətalardan baş verə biləcəyi müəyyən suallar yaradır. Eyni zamanda iki gün əvvəl Vnukova aeroportunun rəhbərliyinin hava limanın qışa tam hazır olduğunu açıqlamasına baxmayaraq qar təmizləyən maşının qəfildən uçuş zolağında peyda olması da qaranlıq məqamlar yaradır. Rusiya istintaq komitəsinin araşdırmalarına Fransadan mütəxəssislər də qoşulub.
Rusiya istintaq komitəsinin üzvü Yelena Krılova bildirib ki, bir və daha çox insanın ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb: "Burada hava texnikası və nəqliyatın qaydalara əməl edilmədən istifadə edildiyi nəzərdə tutulur".
O da söylənilir ki, dünyasını dəyişən "Total" neft şirkətinin prezidenti Kristofer de Marjerinin harada dəfn olunacağı açıqlanıb.
Avropanın ən böyük 3-cü neft şirkəti olan "Total"ın prezidenti "uzun bığ" ləqəbli Marjeri Fransanın Sen-Per-Syur-Mer şəhərində dəfn olunacaq.
Dəfn mərasimininin nə vaxt baş tutacağı bilinməsə də, mərasimdə ailəsinin istəyi ilə sadəcə qohumları və yaxın dostları iştirak edəcəklər.
Onu da qeyd edək ki, Marjeri karyerasını rəhbərlik etdiyi şirkətin maliyyə şöbəsində 1974-cü ildə başlamış, 2007-ci ildə isə şirkətin prezidenti vəzifəsinə kimi yüksəlmişdi.
"Uzunbığ" ləqəbli Marjeri şirkətdə kəşfiyyat işlərinə və istehsala rəhbərlik edib. Bundan əlavə o, siyasi cəhətdən "qaynar nöqtələr" sayılan İraq və ya Myanma kimi ölkələrdə fəaliyyətə cavabdeh olub. "Total" Avropanın 3-cü ən böyük neft şirkətidir.
Yada salaq ki, "Total" şirkəti Azərbaycanın neft-qaz ehtiyatlarının işlənməsində ARDNŞ-in ən böyük tərəfdaşlarından biri olub. 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayn şirkətlərdən biri olub. Dövlət Neft Şirkəti ilə "Total" şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, "Total" şirkəti isə 60 faiz iştirak payına malik idi.
Yeri gəlmişkən, Moskvada təyyarə qəzasında həlak olmuş Kristof de Marjerinin rəhbəri olduğu Fransanın "Total" neft-qaz korporasiyasının Direktorlar Şurası təcili iclas çağırıb. İclasda şirkətin yeni prezidentinin seçilməsini planlaşdırır. Bu barədə "Wall Street Journal" şirkətdəki mənbəsinə istinadən xəbər verir. Xəbəri RİA Novosti yayıb.
Bununla yanaşı, iclasda şirkətin icraçı direktoru ilə Direktorlar Şurasının sədri vəzifələrinin bölünməsi haqqında qərar çıxarıla bilər.
Qeyd edək ki, "Total" şirkətinin icraçı direktoru postuna əsas iddiaçılar Neft emalı və neft kimyası şöbəsinin müdiri Patrik Puyanne və hazırda Marketinq şöbəsinə rəhbərlik edən Filipp Buassodur. Direktorlar Şurasının sədri vəzifəsinə 2010-cu ildə bu postu tutmuş Tyeri Desmare qayıda bilər.