Ukrayna böhranını kim yaradıb? Dünya

Ukrayna böhranını kim yaradıb?

Amerikalı ekspert: "2012-ci ilin mayında Putinin bəyanatlarını dinləyəndən sonra hesab etmək mümkün idi ki, "soyuq müharibə" yenidən başladı"

Cavid

ABŞ-ın "Foreign Affairs" jurnalı amerikalı ekspertlər Maykl Makfol, Stiven Sestanoviç və Con Mieşeymerin Ukrayna böhranının yaranmasında kimin günahkar olması sualı ətrafında apardığı polemikanı dərc edib.
Mieşeymerin baxışına görə, Rusiya NATO-nun genişlənilməsinə cavab olaraq Krımı zəbt etdi və Şərqi Ukraynaya müdaxilə etdi. Makfol isə etiraz edir ki, NATO hələ 1999-cu ildə genişlənib. "Obama administrasiyasında 5 il ərzində Obamanın az qala Putin və Medvedevlə bütün görüşlərində iştirak etdim (Maykl Makfol həm də ABŞ-ın Rusiyadakı keçmiş səfiridir). Üç il ərzində isə Ağ Edə bütün telefon söhbətlərinə qulaq asırdım. Amma yadına sala bilmirəm ki, NATO-nun genişlənilməsi bir dəfə belə xatırlansın. Hətta Putinin Krımı zəbt etməsindən aylar öncə mən yüksək vəzifəli rusiyalı məmurlarının heç birinin bu barədə bəyanatını yadıma sala bilmirəm", - deyə Makfol qeyd edib.
Onun fikrincə, Obamanın Kremllə münasibətlərdə zəiflik nümayiş etdirdiyini deyənlər səhv edirlər. Makfol hesab edir ki, Obama 2012-ci ildən Putinin davranışına cavab olaraq daha sərt kursu həyata keçirməyə başladı: "Ancaq Obamanın bu addımları Rusiya təcavüzünün qarşısını ala bilmədi". Makfol qeyd edir ki, Rusiyanın xarici siyasətinin daha təcavüzkar xarakteri ABŞ-ın siyasətinə cavab deyildir, Rusiyanın daxili siyasətinin nəticəsi idi: "2012-ci ildə Putin Rusiyadakı etiraz nümayişlərindən qorxdu. O, özünün seçki bazasını səfərbər etmək və müxalifəti etibardan salmaq üçün ABŞ-ı yenidən düşmən obrazında təsvir etdi. Dövlət KİV-i qəflətən iddia etməyə başladı ki, ABŞ Rusiyada narazılığı alovlandırır. Rusiya mətbuatı həmin məni ittiham etdi ki, "rəngli inqilab"a rəhbərlik etmək üçün Obama tərəfindən göndərilmiş agentəm. Putinin yenidən seçilməsinə qədər ABŞ-ın siyasi xətti dəyişmirdi. Amma 2012-ci ilin mayında Putinin bəyanatlarını dinləyəndən sonra hesab etmək mümkün idi ki, "soyuq müharibə" yenidən başladı".
Makfol Ukraynadakı hadisələrdən danışarkən qeyd edir ki, ABŞ hökuməti etirazların alovlanmasında heç bir rol oynamadı: "ABŞ həqiqətən də Yanukoviç və müxalifətin liderlərinin 21 fevralda imzaladığı razılaşmanı dəstəkləyirdi. Vaşinqtonun Yanukoviçin növbəti gün Ukraynadan qaçması ilə də heç bir əlaqəsi yox idi. İdeologiya Putini Kiyevdəki hadisələri ABŞ və Rusiya arasında mübarizə kimi təsvir etməyə məcbur etdi. Putin hesab etdi ki, atacağı addımlar güc nisbətini onun xeyrinə dəyişdirəcək. Bu addımlar isə Krımı zəbt edilməsi və Şərqi Ukraynada silahlı muzdluların dəstəklənməsi oldu. O, NATO-nun çoxdankı genişlənməsinə reaksiya vermədi".
Mieşeymerin fikrincə, Qərb hökumətləri Ukraynanı NATO-ya cəlb etmək cəhdləri ilə Rusiyanın təhlükəsizlik maraqlarına zərbə vurdu. O, Kremlin, sadəcə olaraq, müdafiə olunduğunu deyib.
SSRİ işləri üzrə ABŞ-ın sabiq emissarı S.Sestanoviç qeyd edir ki, hələ 1993-cü ildə Mieşeymer Ukrayna-Rusiya müharibəsindən ehtiyat edirdi, amma ABŞ-ın siyasətində bir qüsur görmürdü: "Hətta Yanukoviçin devirilməsindən sonra Ukrayna siyasətçiləri və məmurlar təkrarlayırdılar ki, NATO-ya üzvlük gündəmdə deyil. Rusiyanın Krımdakı Hərbi Dəniz Donanması üçün də risk yox idi. Putin isə Rusiyanın milli təhlükəsizliyinə təhlükə olduğunu deməklə hərəkətlərinə bəraət qazandırmaq istəyirdi. ABŞ-ın siyasəti iki onillik ərzində Avropanı sabitləşdirdi. Əgər NATO indiki ərazilərə qədər genişlənməsəydi, Ukrayna-Rusiya münaqişəsi daha təhlükəli ola bilərdi".