Mitinqlər Ermənistanı çalxalayır Dünya

Mitinqlər Ermənistanı çalxalayır

Ermənilər Sarkisyanın istefasının tələb edirlər

Cavid

Ermənistanda mitinqlərə start verən etirazçılar yenidən prezident Serj Sarkisyanın istefasını tələb edir. "Çiçəklənən Ermənistan" və "İrs" partiyaları Erməni Milli Konqresi ilə birgə növbəti kütləvi etiraz aksiyalarına başlayıb. Erməni Milli Konqresinin lideri Levon- Ter Petrosyan aksiyada xalq qarşısında çıxış edib. O, Ermənistanın bu günkü vəziyyətinin ağır olmasında Serj Sarkisyanı ittiham edib.
"İrs" partiyasının lideri Raffi Ovannisyan deyib ki, hazırkı hökumət istefa verməlidir və 2015-ci aprelin 24- nə qədər növbədən kənar parlament və prezident seçkiləri keçirilməlidir.
"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan isə tələb edib ki, ölkədə iqtisadi sahədə təcili islahatlar həyata keçirilməlidir.
"Mən 2009-cu ildə biznesi stimullaşdıran iqtisadi islahatların keçirilməsinə ehtiyac olduğunu demişdim. Amma qulaq asan olmadı. Nəticədə işsizlik 43%-ə yüksəldi. 15 min müəssisə isə bağlandı"- deyə Qaqik Tsarukyan bir daha vurğulayıb.
Xatırladaq ki, iki gün öncə İrəvanda hamilə qadınlar da aksiya keçirmişdilər. Belə ki, Ermənistan hökumətinin işləyən qadınlara hamiləliyə görə verilən vəsiti azaltmaq istəyi etirazlara səbəb olub.
Ermənistan hökuməti yeni ildən etibarən işləyən qadınlara hamiləliyə görə verilən vəsaitin azaldılmasını nəzərdə tutub. Ölkədə sosial-iqtisadi vəziyyətin gündən-günə ağırlaşdığını və yardımların azaldılmasının ailə büdcələrinə ciddi təsir göstərəcəyini bildirən qadınlar etiraz aksiyası keçiriblər.
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan bildirib ki, yeni ümumxalq hərəkatının son iki mitinqində iştirakçıların çoxluğu Ermənistanda hakimiyyətin dəyişməsi ilə bağlı böyük perspektivləri olan güclü prosesin start götürdüyünü göstərir.
Ermənistanın Avrasiya İqtisadi Birliyə qoşulması məsələsinə toxunan Ter-Petrosyan qeyd edib ki, bu məsələ ilə bağlı ümummilli yas tutmaq artıq mənasızdır. "Biz, qollarımızı çırmalayıb, bu sistemdən faydalanmağa, ölkəmizi inkişaf etdirməyə çalışmalıyıq. Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulacağı təqdirdə suverenliyini itirəcəyi barədə söhbətlər çox şişirdilib. Ölkə Avrasiya İqtisadi Birliyə yox, Avropa İttifaqı ilə assosiasiya sazişinə qoşulsaydı, onsuz da suverenliyinin hansısa hissəsini itirmiş olacaqdı, bəlkə də Avrasiya İqtisadi Birliyinə qoşulmaqla müqayisədə daha çox itirəcəkdi".
L.Ter-Petrosyan strategiya məsələsində birliyə nail olunduğunu bildirib: "Biz əzmlə sonadək getmək niyyətindəyik".
Sonrakı addımların taktikasına toxunan Ermənistanın birinci prezidenti qeyd edib ki, bu məsələ ictimai müzakirələrin predmeti ola bilməz, çünki taktika heç bir halda açıqlanmamalıdır.
Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin isə deyib ki, Rusiya Ermənistan müxalifətinin mövqeyindən razıdır.
"Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü (AİB) – düzgün strateji qərardır, ancaq bu, əsla o demək deyil ki, başqa ölkələrlə əməkdaşlıq üçün qapılar bağlanır" - İvan Volınkin deyib.
Onun sözlərinə görə, Rusiya özü də Avropa Birliyi ölkələri ilə münasibətləri inkişaf etdirir. Diplomat Ermənistan müxalifətinin 24 oktyabr mitinqində bu məsələ ilə bağlı sərgilədiyi məsələyə də münasibət bildirib: "Praktik olaraq, bütü müxalifət qüvvələri Ermənistanın AİB-ə üzvlüyünü dəstəkləyir".
Politoloq Natiq Mirinin fikrincə, Ermənistanda başlanan son irimiqyaslı mitinqlərdə Qərbin marağı var. Ermənistanın Avrasiya İttifaqına rəsmi qəbul edilməsindən dərhal sonra bu ölkənin daxilində bir proses başladılıb. Bu prosesi birmənalı Ermənistan müxalifətinin adına çıxmaq doğru olmazdı: "Hiss olunur ki, prosesin start götürməsində Qərbin də maraqları çox ciddi şəkildə yer alır. Əks təqdirdə dünənə kimi hakimiyyətin koalisiyasında iştirak eləyən və ən iri oliqarxlardan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanı, bir sıra iş adamlarını bu bilikdə görmək mümkün olmazdı. Tsarukyan və Ter-Petrosyan kimi şəxslərin bir yerdə olması göstərir ki, bu prosesin arxasında çox ciddi qlobal güclərin geosiyasi maraqları durur. Bu gün müxalifətin bir yerdə olması Ermənistanda yaxın gələcəkdə çox ciddi hadisələrin olacağından xəbər verir. Ermənistanda reallaşdırılmaqda olan bu koalisiya və başladılan hərəkat təkcə müxalifətin özünün istəyi ilə baş verməyib. Bu gün Ermənistandakı bütün müxalif rənglər yeni başlanan hərəkatda iştirak edirlər. İndiyə qədər belə hal müşahidə edilməmişdi. Xüsusilə Tsarukyanın prosesdə iştirakı barmaqları məhz Qərbə tərəf yönəldir. Görsəniz ki, həqiqətən də Qərb Ermənistanda müəyyən dəyişikliklərə hazırlaşır, düymə artıq basılıb".
Ekspertin sözlərinə görə, Serj Sərkisyanın Avrasiya İttifaqına qoşulması Qərbi çox ciddi şəkildə narazı salıb. Qərb dəqiq bilir ki, Ermənistanda maydan hərəkatının başladılması üçün çox münbit bir mühit var. Ona görə də yeni bir hərəkatın başlanması düşünülmüş planın tərkib hissəsidir: "Bu proses Ermənistan xalqının maraqları ilə yanaşı, Qərbin də maraqlarına xidmət edir. Çünki Sərkisyan hakimiyyəti devrilərsə, Ermənistanın Rusiyanın orbitindən çıxma məsələsi ciddi şəkildə gündəmə gələcək. Qarabağda döyüşmüş əli qanlı cinayətkar klan hakimiyyətdən təmizlənəcək. Yeni hakimiyyətlə Türkiyənin münasibətlərini tənzimləmək mümkün olacaq. Bütün bunların müqabilində bütövlükdə Cənubi Qafqazın probleminə çevrilən Dağlıq Qarabağ probleminin həllinə də şərait yarana biləcək. Mən hesab edirəm ki, Ermənistandakı mitinqlər çox incə düşünülmüş böyük bir prosesin başlanğıcıdır. Düşünürəm ki, proses artan xətlə davam edəcək. Tsarukyan kimi simaların iştirakı Ermənistan müxalifətinin maliyyə ilə bağlı hər hansı bir probleminin olmayacağını söyləməyə əsas verir. Maliyyə isə bu cür proseslərin inkişafı üçün lazım olan mühüm faktorlardan biridir".
Onu da bildirək ki, Ermənistan milli statistika xidmətinin dərc etdiyi rəqəmlərə görə paytaxt İrəvanın əhalisi daimi aclıq içindədir.
Oktyabrın ortalarında açıqlanmış hesabatda İrəvanla yanaşı Armavir (Qəmərli), Qeqarkunik (Göyçə), Ararat (Vedibasar), Şirak (Ağbaba), Sünik (Zəngəzur) və Kotayk (Alagöz) mahallarının da sakinlərinin daimi bioloji aclıq içində olduğunu görmək mümkündür.
Statistika xidmətinin məlumatına görə, insanın aclıq keçirməməsi üçün gün ərzində 2232 kilokalori enerji qəbul etməlidir. Bundan aşağı olduqda isə insan davamlı aclıq keçirir, orqanizm əriyir və s. Statistika xidmətinin məlumatına görə, Ermənistan əhalisi 2013-cü ildə gündəlik 142 kilokalori və ya 6% az enerji qəbul edib.
Hesabatda iki mahalın – Vayotsdzor (Dərələyəz) və Lori (Pəmbək) mahallarının sakinlərinin bioloji minimumdan artıq ərzaq qəbul etdikləri vurğulanır. Amma erməni mətbuatı hər iki mahalın sənaye və kənd təsərrüfatı istehsalında geri qaldığını bildirir və həmin mahalların rəhbərliyinin rəqəmləri şişirdirtdiyini düşünür.
Yeri gəlmişkən, Ermənistan statistika mərkəzinin xəbərinə görə yanvar-sentyabr ayında ölkədə sənaye mallarının həcmi 1,7% artıb və eyni vaxtda da demək olar ki, iki dəfə 9,4% sənaye mallarının istehsalçılarının qiymət indeksi artıb.
Göstərici cüzi olsa da irəliləyiş kimi ermənilər üçün sevindirici ola bilərdi. Lakin hər şey heç də belə sadə deyil. Məsələ burasındadır ki, avqust ayı üçün eyni göstərici 2,8 faiz azalmışdı, sadəcə hesablama ayında 7,5 faiz artım yanvar-sentyabr ayı üçün bu cüzi üztünlüyə gətirib çıxarır.
Yerli sənayenin xammal həcminin belə ziqzaqvari göstəriciləri birmənalı olaraq ermənilər üçün az təskinlik verən xəbərdir. Keçən ildə də bu əsaslı göstərici ölkədə stabil olmayıb. Can verən iqtisadiyyatın son nəfəsinə bənzəyən göstəricilərdə baş verən hər bir yüksəliş, daha pis enişlə əvəz edilib.
Söhbət hətta statistik göstəricilərdən belə getmir. Sənayedə qeyri stabillik ümumi şəkildə Ermənistan iqtisadiyyatında ciddi problemlərin mövcudluğundan xəbər verir. Ölkədə iqtisadi tendensiyalar o qədər pozulub ki, ixrac artımı, idxaldan əsaslı şəkildə geriləyir. 1,9 faiz 4,6 faizə qarşı anormal bir göstəricidir və onsuzda pulu olmayan Ermənistandan pul axını deməkdir. Bunun nəticəsindədir ki, ölkənin ticarətində olan disbalans 90 milyon dollar çoxalıb və təbii olaraq ABŞ dollarına əlavə ehtiyac tələb olunub.
Ermənistan statistika komitəsinin təqdim etdiyi qrafiklərdə ölkənin can verən iqtisadiyyatının son nəfəsləri aydın sezilir.