Kütləvi zəhərlənmələr, qazanan sahibkarlar, cavabı tapılmayan suallar – qida ilə bağlı qanunlara niyə əməl olunmur? - ARAŞDIRMA Cəmiyyət

Kütləvi zəhərlənmələr, qazanan sahibkarlar, cavabı tapılmayan suallar – qida ilə bağlı qanunlara niyə əməl olunmur? - ARAŞDIRMA

Son zamanlar toylarda, restoranlarda və s. iaşə müəssisələrində istehlaka verilən qida məhsullarından tez-tez zəhərlənmə halları baş verir. Qida təhlükəsizliyi sahəsindəki boşluqlar kütləvi zəhərlənmələrə səbəb olur. Bu hala regionlarda daha çox rast gəlinir. Elə ötən ay İmişlidə toyda kütləvi zəhərlənmə nəticəsində 74 nəfərin xəstəxanaya yerləşdirilməsini misal göstərmək olar. Bu cür kütləvi zəhərlənmələrə, əsasən, regionlarda rast gəlinsə də, belə hallar paytaxtdan da yan keçmir. Məsələn, apreldə Bakıda yerləşən şadlıq saraylarından birində 50-dən çox insan zəhərlənmişdi.

Gizli yolla ərzaq istehsal edənlərin, kustar şəkildə onu dövriyyəyə buraxanların sayı artıb

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev APA-ya açıqlamasında bildirib ki, son illər bu sahədə əsaslı tədbirlər görülməsinə baxmayaraq, yenə də nöqsanlar tam aradan qaldırılmayıb: “Çünki gizli yolla ərzaq istehsal edənlərin, kustar şəkildə onu dövriyyəyə buraxanların sayı artıb. Burada ictimaiyyətin belə hallara qarşı mübarizəsi çox önəmlidir. Əlbəttə, bu daha çox restoranlarda, şadlıq evlərində, ictimai iaşə obyektlərində baş verir. Ancaq istehlakçı qəbul etdiyi qidanın keyfiyyətinə, onun köhnə olub-olmamasına diqqət yetirməlidir. Digər tərəfdən, istehsalçı istehsal etdiyi məhsulun keyfiyyətini nəzarətdə saxlamalıdır. Məhsul standartlara uyğun hazırlanmalı, yoxlamalardan keçirilməlidir”.

Məhsulu istehsal edən də, satan da, alan da öz səhhətinə biganə yanaşır

Deputatın sözlərinə görə, bazar rəhbərliyi satışa çıxarılan məhsulların keyfiyyətini daim nəzarətdə saxlamalıdır: “Yaxud da hardansa məhsul gətirilirsə, mütləq həmin məhsullar yoxlamadan keçirilməlidir. Təəssüf ki, bir çox hallarda məhsulu istehsal edən də, satan da, alan da öz səhhətinə biganə yanaşır. Bu da xoşagəlməz hallara gətirib çıxarır. Xüsusilə son dövrlər turşulardan, digər kənd təsərrüfatı məhsullarından hazırlanmış ərzaqlardan zəhərlənmələrin baş verdiyinin şahidi oluruq. Sözsüz ki, bu məhsullar restoranlara, kafelərə daxil olarkən həmin müəssisələrin rəhbərləri bununla ciddi maraqlanmalıdır. Belə hallar baş verəndə həmin restoran, şadlıq evi uzunmüddətli bağlanmalıdır. Onun fəaliyyətinə ciddi qadağalar qoyulmalıdır. Bundan əlavə, restoranlarda, kafelərdə gizli şəkildə ərzaq məhsulları tədarük olunur və satışa çıxarılır. Bu da öz növbəsində zəhərlənmələrə səbəb ola bilir”.

Problemin həlli üçün cərimələr sərtləşdirilməlidir

Deputat hesab edir ki, problemin həlli üçün cərimələr sərtləşdirilməlidir: “Həmin müəssisələrin rəhbərləri ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdır. Əlbəttə, müvafiq orqanlar nəzarəti gücləndirməklə bərabər ictimaiyyət də bu məsələdə fəal olmalıdır”.

Restoranlarda hansı qaydalara əməl olunmalıdır?

Mövzu ilə bağlı danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, toylarda kütləvi zəhərlənmənin baş verməsinin bir neçə səbəbi var: “Bəzi yerlərdə şadlıq saraylarının icarəyə verilməsi nəticəsində məclis sahibinin qidaları hazırlayıb paylaması və bu məhsulların hazırlanarkən bir çox hallarda qida təhlükəsizliyi qaydalarına və sanitar-gigiyena normalarına əməl olunmaması, həmçinin saxlama şəraitinin düzgün olmaması zəhərlənmələrə səbəb olur”.

Ekspertin sözlərinə görə, yüksək risk qrupuna aid olan qidalar var ki, soyuducuda saxlanılmırsa, qida zəhərlənməsi baş verə bilir: “Bu özünü salatlarda daha çox göstərir. Bişmiş ətlə, tərəvəzlərlə, yüksək risk qrupuna aid olan mayonezlə hazırlanmış qidalar 1-2 gün əvvəldən hazırlanır və uzun müddət soyuducudan kənarda saxlanılırsa, məhsulun tərkibi pozulur və xarab olur. Həmçinin qida məhsullarını hazırlayarkən gigiyena qaydalarına əməl edilməməsi, bişmiş ətlə çiy ətin eyni doğrama lövhəsində doğranması, eyni bıçaqlardan istifadə edilməsi, xüsusilə də tərəvəzlərin təmiz şəkildə yuyulmamasından da qaynaqlanan zəhərlənmə halları ola bilər. Ona görə məclislərdə bu qaydalara əməl olunmalıdır”.

Müsahibimiz qeyd edib ki, ev şəraitində hazırlanan, keyfiyyət sertifikatı olmayan turşular, konservləşdirilmiş məhsullar, kompotlar da bəzən zəhərlənməyə səbəb olur: “Ona görə bu qidalara diqqət etmək lazımdır. Onu da qeyd edim ki, mənşəyi bəlli olmayan qida məhsullarının təqdim olunduğu məclislərdə immun sistemi aşağı olan insanlar, xroniki xəstəlikləri olanlar, azyaşlılar, hamilələr daha həssas qrup olduğu üçün mənşəyi bəlli olmayan qidalardan istifadə etməməlidir”.

2025-ci ilin birinci yarısının zəhərlənmə statistikası

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) statistikasına görə, 2025-ci ilin ilk yarısında ölkədə, ümumilikdə, 25 qida zəhərlənməsi hadisəsi baş verib və bu hadisələr nəticəsində 162 nəfər zərər çəkib.

Azərbaycanda zəhərlənmələrin qeydiyyatında problem var, statistikanı düzəltmək lazımdır

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd edib ki, vaxtı keçmiş, uyğun şəraitdə saxlanılmamış məhsullar barədə daim AİB-ə şikayətlər daxil olur: “Bu, illərdir davam edir. AQTA-nın saytına baxsaq, görəcəyik ki, zəhərlənmələrin miqdarı ümumdünya göstəricisindən 1400 dəfə azdır. Həqiqətin belə olduğunu düşünmürəm. Məncə, Azərbaycanda zəhərlənmələrin qeydiyyatında problem var. Ona görə statistika bu vəziyyətdədir. Bəzi adamlar o statistikaya baxır, vəziyyətin yaxşı olduğunu düşünür. Statistikanı düzəltmək lazımdır”.

Eyyub Hüseynov vurğulayıb ki, şadlıq saraylarında zəhərlənmələrin artması tələbatın çoxluğundan irəli gəlir: “Əhali şadlıq saraylarında toy eləmək üçün növbəyə durur. Tələb təklifi üstələyəndə ortaya keyfiyyətsiz xidmət çıxır. Regionlarda isə şadlıq sarayları istifadəçilərə icarəyə verilir. İnsanlar evdə hazırlanan turşuları və s. gətirirlər. Məlumdur ki, ev şəraitində hazırlanan turşulardan zəhərlənmə halları çoxdur. Məclisdə verəcəkləri 20 cür yeməkdən bir-ikisini apararaq AQTA-dan kağız alıb şadlıq evinin sahibinə verirlər. Yəni, mükəmməl yoxlama aparılmır”.

Müddəti keçmiş məhsulların satışı qadağan olsa da, ara mağazalarda, bazarlarda bu hallara rast gəlinir

Eyyub Hüseynovun fikrinə görə, yararlılıq müddəti keçmiş məhsulların satışı qadağan olsa da, ara mağazalarda, bazarlarda bu hallara rast gəlinir: “Bəzən qablaşdırmanın üzərindəki yararlılıq müddətini dəyişirlər. Bəzən də məhsulların üzərinə uzun yararlılıq müddəti qoyurlar. Qərb regionlarında zəhərlənmələrə daha çox rast gəlinir. Hətta evdə hazırlanan turşuların marketlərdə satılmasını da görürük. Bunun təqsirkarı AQTA-dır. Onlar rasional, mükəmməl iş sxemi qura bilməyiblər deyə zəhərlənmələr hələ də davam edir”.

AQTA iddialara cavab vermir...

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsək də, suallarımız cavabsız qaldı.

Qida zəhərlənmələrində insan sağlamlığı hansı fəsadlarla üzləşir?

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova bildirir ki, bir çox hallarda restoran və şadlıq saraylarında qidaların saxlama şəraitinə əməl edilmədiyinə görə zəhərlənmələr baş verir: “Elə qidalar var ki, istər salatlar, istərsə də ət və ət məhsulları soyuducuda saxlanmalı, toyun başlamasına az qalmış süfrələrə verilməlidir. Təəssüf ki, bizdə yeməklər süfrəyə çox tez verilir və həmin məhsulların saxlanma qaydası pozulur. Belə hallarda zəhərlənmə riski artır.

Bu zəhərlənmə ölümlə də nəticələnə bilər...

Digər tərəfdən qış aylarında hisə verilmiş balıq, konservləşdirilmiş pomidor və xiyarlara çox diqqət yetirmək lazımdır. Bu qidalardan botulizm adlanan ağır zəhərlənmə xəstəliyi baş verə bilər. Bu zəhərlənmə ölümlə də nəticələnə bilər. Salatdan, ətdən baş verən qida zəhərlənmələrinin ölümlə nəticələnməsi halları az olur. Əsasən, uşaqlar, hamilələr və ya hər hansı xəstəliyi olan şəxslər zəhərlənmə zamanı xəstəxanaya gec müraciət edərsə, ağır fəsadlar yarana bilər. Bu zaman yenə də ölüm faizi aşağı olacaq. Qida zəhərlənmələrində ölüm riski botulizm zamanı yüksək olur. Bu xəstəliyin mövsümü noyabrdan başlayacaq. Yəni yayda konservləşdirilmiş qidaların qışda istifadəsi olacaq ki, bu halda ölüm faizi 90-dan yuxarı olur”.

Zəhərlənmələr ən çox hansı qidalara görə baş verir?

Həkim tövsiyə edib ki, insanlar qidalarına fikir versinlər, konservləşdirilmiş qidalardan uzaq olsunlar: “Marketdən məhsul alarkən istehsal və yararlılıq müddətinə baxsınlar. Rəngi və ya qoxusu şübhəli olan qidanı istifadə etməsinlər. Salatlar soyuducuda saxlanmalı, 1-2 gündən artıq istifadə olunmamalıdır. İndi yabanı şəkildə bitən göbələklər çıxacaq. Onun istifadəsinin də ölüm riski yüksəkdir”.

Zəhərlənmə simptomları və ilkin reaksiya

Həkim-toksikoloqun sözlərinə görə, zəhərlənmənin ilkin əlamətləri ürəkbulanma, qusma, qarında və mədədə ağrılarla müşahidə olunur: “Bu halda dərhal həkimə müraciət olunarsa, bir neçə saat ərzində xəstəyə sistemlər, simptomatik yardımlar olur, evə buraxılır. Ağırlaşmalar ən çox uşaqlarda olur. 2 dəfə qusmadan sonra uşaqlarda maye itkisi olur. Maye itirilir, mineral maddələr mübadiləsi pozulur, disbalans əmələ gəlir. Bu xəstələrdə qıcolmaya qədər gətirib çıxara bilər. Zəhərlənmə əlaməti varsa, hər 10 kiloya bir aktivləşmiş kömürü 1 stəkan suya qatıb içdikdən sonra xəstəxanaya müraciət etmək lazımdır”.

Beynəlxalq təcrübədə zəhərlənmə halları ilə mübarizə necə tənzimlənir?

Əksər ölkələrdə bütün iaşə müəssisələri və ketrinqlər HACCP (Hazard Analysis and Critical Control Points) sisteminə uyğun işləyir. Bu, dünyada ən geniş tətbiq olunan qida təhlükəsizliyi sistemidir. Bu sistem qida hazırlığında kritik nəzarət nöqtələrini müəyyən edir (bişirmə, soyutma, saxlama və s.), riskləri öncədən təyin edib qarşısını alır, müəssisələrə müntəzəm yoxlama və sənədləşmə öhdəliyi qoyur. Məsələn, ABŞ-da HACCP tətbiqi bütün ət, balıq, süd emalı müəssisələrində məcburidir. Həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Yaponiya, Cənubi Koreya, BƏƏ və Səudiyyə Ərəbistanında, eyni zamanda, Avropa İttifaqına daxil olan ölkələrin restoran və toy xidmətlərinə bu sistem məcburi tətbiq olunur.

Bundan əlavə, beynəlxalq təcrübədə toy və böyük mərasimlərdə qidalanma təmin edən müəssisələr (ketrinq şirkətləri) üçün gigiyenik sertifikatmüntəzəm sanitar yoxlamalar aparılır. Həmçinin işçilərə qida təhlükəsizliyi üzrə təlimlər keçirilir. Bundan əlavə, müəssisələrin risk səviyyəsinə görə kateqoriyalaşdırılması tətbiq edilir. Məsələn, SinqapurBöyük Britaniyada hər bir restoran “qida gigiyena reytinqi” alır. Bu reytinq ictimai saytlarda görünür, vətəndaşlar seçim etməzdən öncə baxa bilir.

Qanun geniş tətbiq edilmir, qanuna əməl olunsa...

Azərbaycanda da HACCP (Hazard Analysis and Critical Control Points) sisteminin tətbiqi ilə bağlı 2022-ci ildə qərar qəbul olunub. Azərbaycan Respublikası Qida təhlükəsizliyi haqqında qanunun 1.1.39-cu (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) ) maddəsinə görə, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi tətbiq edilməlidir.

Qanunun tətbiqi ilə bağlı sahibkarlara verilən vaxt müddətləri də müəyyən edilib. İri sahibkarlıq subyektləri üçün tətbiq müddəti qanunun qüvvəyə mindiyi gündən 2 il, kiçik və orta sahibkarlıq subyektləri üçün 4 il, mikro sahibkarlıq subyektləri üçün isə 6 il müəyyən edilib.

Onu da qeyd etmək yerinə düşər ki, iri sahibkarlıq subyektləri üçün verilən müddətin bitməsinə baxmayaraq, hələ də qanunun geniş şəkildə tətbiq edilmədiyinin şahidi oluruq. Təkcə son aylarda baş verən kütləvi zəhərlənmələr bunun ən bariz sübutudur.