Peskov: “Belarusda baş verənlərə bu ölkənin daxili işi kimi baxırıq” Dünya

Peskov: “Belarusda baş verənlərə bu ölkənin daxili işi kimi baxırıq”

“Belarusda baş verənlərə kənardan birbaşa müdaxilə cəhdləri olur. Belarus bizim İttifaq dövlətimiz və qardaş ölkədir. Belarus xalqı bizə qardaş xalqdır. Belarusda baş verənlərə bu ölkənin daxili işi kimi baxırıq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hesab edirik ki, vəziyyətin qanun çərçivəsində qorunub saxlanılmasından ötrü lazımi dialoqun həyata keçirilməsinin mümkün olduğu şəraitin yaradılması üçün hər kəs lazım olanı etməlidir. Əlbəttə ki, hesab edirik ki, hazırkı vəziyyətdə başlıcası, Belarusda baş verənlərə xaricdən təsirlər və kənar müdaxilələr olmasın. Təəssüf hissi ilə bildiririk ki, birbaşa müdaxilə cəhdləri baş verir. Biz özümüz belə müdaxiləni yolverilməz hesab edirik”, - deyə D. Peskov vurğulayıb.

Kremlin sözçüsü bir sıra ölkələrin Belarusda keçirilən seçkilərin nəticələrini tanımaması və yeni seçkilərin keçirilməsinə dair çağırışlar etməsi ilə bağlı sualı da cavablandırıb: "Birinci, Belarusda keçirilən prezident seçkilərində beynəlxalq müşahidəçilər iştirak edib. Bilirsiniz ki, AŞPA və ATƏT kimi bir çox təşkilatlar bu seçkilərə müşahidə missiyası göndərməkdən imtina ediblər. Seçki prosesini izləyən beynəlxalq müşahidəçilər seçkilərin baş tutduğunu qeydə alıblar. Bu, beynəlxalq müşahidəçilərə dair de-yure və de-fakto vəziyyətdir. Bir daha təkrar edirik ki, Belarusdakı vəziyyət qanun çərçivəsində qalmalıdır və belaruslular özləri öz problemlərini bu qanun və dialoq çərçivəsində həll etməlidirlər”.