Rusiya qırıcıları havaya qalxıblar Dünya

Rusiya qırıcıları havaya qalxıblar

Cavid

Rusiyapərəst separatçılar oktyabrın 29-da Ukrayna ordusunun mövqelərini atəşə tutub. Liman şəhəri Mariupolun yerli hakimiyyəti bildirir ki, ordunun Talakovka kəndi yaxınlığında mövqeləri hədəfə alınıb. Atəş ""Qrad" qurğularından və adi silahlardan açılıb. Tələfat var. Xatırladaq ki, sentyabrda atəşkəs sazişi bağlansa da, Donetsk hava limanı, Mariupol və Luhanks ətrafında atəşkəs mütəmadi pozulmaqda davam edir.
BMT-nin məlumatına görə, 6 ay davam edən döyüşlərdə 3700 adam ölüb.
Ukraynada davam edən böhran səbəbindən Rusiya ilə Qərb arasında gərginlik bir qədər də dərinləşib. Dünən yayılan məlumatlar sırasında NATO güclərinin 28-29 oktyabr tarixlərində Baltik, Şimal və Qara dəniz, həmçinin Atlantik okeanı üzərindəki beynəlxalq hava sahəsində Rusiya hərbi təyyarələrinin dörd qrupunun hərbi manevrlərini qeydə aldığı bildirilib.
"Röyters" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə NATO-nun birləşmiş komandanlığının açıqlamasında deyilir.
Rəsmi məlumatda qeyd edilir ki, 29 oktyabrda səhər saatlarında NATO radarları Rusiya hərbi hava qüvvələrinin 8 təyyarədən ibarət qrupunun uçuşunu qeydə alıb. Məlumata görə, qrupa dörd "TU-95" strateji bombardmançı və yanacaq dolduran dörd ədəd "İl-78" təyyarəsi daxil olub. Təyyarələr Rusiyanın materik hissəsindən qalxaraq Norveç dənizinin üzərindəki beynəlxalq hava sahəsinə daxil olub. Rusiyanın daha iki təyyarəsinin Atlantik okeanının Portuqaliya sahillərində hərbi manevri qeydə alınıb.
"Bu iri həcmli uçuşlar Avropanın hava məkanında fəaliyyətin qeyri-adi həddini göstərir".
Məlumatda deyilir ki, təyyarələrə strateji bombardmançılar, qırıcılar və tanker təyyarələr daxildir.
Bu aradda Rusiya bombardmançıları Portuqaliya və İspaniyanın qərbinə doğru hava məkanında uçublar.
Rusiya təyyarələrinin izlənib aşkarlanmasına Norveç, Britaniya, Portuqaliya, Almaniya, Danimarka və Türkiyə qırıcıları cəlb olunub. Qeyri-NATO üzvləri olan Finlandiya və İsveç də reaksiya verib.
Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə Rusiya arasında gərginlik soyuq müharibədən bəri ən böyük həddə çatıb.
Tarixdə ilk dəfə isveçlilərin əksəriyyəti ölkənin NATO-ya üzvlüyünü dəstəkləyirlər.
"Röyters" xəbər agentliyinin verdiyi məlumata görə, rəyi soruşulanların 37 fazi NATO-ya üzvlüyü dəstəklədiyini bildirib.
"TV4" telekanalın sifarişi əsasında "Novus" şirkətinin keçirdiyi sorğuda respondentlərin 36 faizi buna qarşı olduğunu deyib.
Bundan əvvəl isə İsveçin baş naziri Stefan Lyoven bildirib ki, İsveç NATO-ya üzv olmayacaq. Amma baş nazir ittifaqın bəzi əməliyyatlarında iştirak etməyə hazır olduğunu vurğulayıb.
İddia olunur ki, isveçlilərin NATO-ya münasibəti Rusiyanın sualtı qayığının axtarışları fonunda dəyişib. İsveç mətbuatı 19 oktyabr 2014-cü ildə bildirib ki, İsveçin ərazi sularında Rusiya sualtı qayığı aşkar edilib. Rusiya Müdafiə Nazirliyi isə İsveç KİV-ində gedən xəbərləri təkzib edib.
Onu da bildirək ki, artıq rəsmi Paris də Rusiyanın maraqlarına cavab verəcək addımlar atmağa başlayıb. Belə ki, Fransa isə ilk "Mistral" hərbi gəmisini Rusiyaya 14 noyabrda çatdıracaq.
Bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.
D.Roqozinin sözlərinə görə, müqavilənin texniki icrası nöqteyi-nəzərindən hər şey plan üzrə gedir.
Qeyd edək ki, Fransa və Rusiya arasında iki "Mistral" tipli döyüş gəmisinin Rusiyaya satılması ilə bağlı müqavilə 2011-ci ildə imzalanıb. Müqavilənin dəyəri 1,2 milyard avrodur. Rusiya bu məbləğin təxminən 700 milyon avrosunu ödəyib. "Vladivostok" gəmisinin 2014-cü il, "Sevastopol" gəmisinin isə 2015-ci ildə Rusiya donanmasının silahlanmasına daxil edilməsi nəzərdə tutulur.
Ukraynadakı hadisələrlə əlaqədar olaraq isə Fransa "Mistral" hərbi gəmilərinin Rusiyaya atdırılmasını təxirə salmışdı. ABŞ Hərbi Dəniz Qüvvələri naziri Rey Mabus isə ötən ay Vaşinqtonda keçirilən aerokosmik və müdafiə sammiti zamanı ABŞ-ın Avropa partnyorlarını Rusiyaya Fransa hərbi gəmilərinin satılmaması üçün hər şeyi etməyə çağırmışdı.