ABŞ-Türkiyə münasibətləri pozula bilər Dünya

ABŞ-Türkiyə münasibətləri pozula bilər

İncirlik hərbi bazasının köşürülməsinə görə…

Cavid

Son günlər Türkiyə ərazisindəki İncirlik hərbi bazasının ABŞ tərəfindən Şimali İraqa köçürüləcəyi ilə bağlı xəbərlər yer almaqdadır. Məlumata görə, buna səbəb son vaxtlar ABŞ və Türkiyə arasında yaranan gərginlik, habelə rəsmi Ankaranın sözügedən hərbi bazadan istifadə ilə bağlı ABŞ-ın istəyinə uyğun olarq operativ qərarlar verməməsidir.
Məlumatlara görə, ABŞ Türkiyədəki İncirlik Hərbi Hava bazasını Şimali İraqa köçürməyə hazırlaşır. Məlum olub ki, Pentaqon hazırda Ərbil ərazisində yerləşən və Səddam Hüseyn hakimiyyəti dönəmində fəaliyyət göstərmiş Hərir hərbi aerodromunu ABŞ-ın hərbi hava bazası kimi istifadə etmək imkanlarını araşdırır. Şimali İraqın kürd muxtariyyətinin adını açıqlamayan yüksək vəzifəli məmuru Anadolu Agentliyinə bildirib ki, artıq aerodrom təmizlənir.
Qeyd edək ki, ABŞ-ın məşhur "Wall Street Journal" qəzeti də sentyabrın 13-də "Ankara artıq Vaşinqtonun müttəfiqi deyil" başlıqlı yazısında Türkiyədəki İncirlik hərbi bazasının Şimali İraqa köçürüləcəyini yazıb.
Şimali İraq administrasiyasının yetkilisi "Anadolu" agentliyinə hərbi aerodromu boşaltmağa başladıqlarını, bir həftə ərzində təmizlənmə işlərinin başa çatacağını bildirib. Hazırda aerodromda olan xarici şirkətlərə məxsus mallar başqa hava limanına daşınır.
Eyni zamanda iddia edilir ki, ötən ay Pentaqon və kürd muxtariyyətinin peşmərgə (hərbi) qüvvələrinin yüksək rütbəli heyəti aerodroma gələrək baxış keçiriblər. Hərbi hava limanı İran, İraq, Suriya və Türkiyəyə yaxın məsafədə yerləşir. Bu isə amerikalıları tam təmin edir.
Qeyd edək ki, Hərir aerodromu Səddam Hüseyn ordusuna məxsus olub. 2003-cü ildə İraqın işğalından sonra ABŞ ordusu bir müddət Hərir aerodromundan istifadə edib. Bu səbəbdən də aerodrom təyyarələrin enib-qalxması üçün uyğun şərtlərdədir. Xüsusən də bazanın İrana 60 kilometr məsafədə yerləşməsi amerikalılar üçün xeyli dərəcədə uyğundur.
Ekspertlər ABŞ-ın Şimali İraqda hərbi baza yaratmasını ciddi məlumat kimi qəbul edirlər. Bu hadisə həm də kürd muxtariyyətinin legitimliyini möhkəmləndirir, kürdlərin dövlət yaratması istiqamətində böyük bir dəstək hesab olunur.
"Associated Press" xəbər agentliyinə danışan, adlarının açıqlanmasını istəməyən bir sabiq hökumət səlahiyyətlisi Pentaqon tərəfindən hazırlanan planın hələ Obamaya təqdim edilmədiyini söyləyib. Səlahiyyətlilər variantlardan birincisind nüvə silahlarının sayının 1000-ə, ikincisində 800-ə, üçüncüsündə isə 300 və ya 400-ə salınması olduğunu ifadə edib. Son variant yüzdə 80 nisbətində ixtisarı nəzərdə tutur.
Nüvə silahının sayının 300-ə düşməsi ABŞ-ın nüvə qüdrətini 1950-ci illərdən bu yana görünməmiş səviyyəyə endirəcək. "Associated Press"in xəbərində Türkiyə, Cənubi Koreya və Yaponiyadakı ABŞ-a aid nüvə silahlarının da ixtisara qurban getməsi ehtimalının müzakirəyə səbəb olduğu bildirilir.
Respublikaçılar partiyasında olan deputatlar Türkiyə, Yaponiya və Cənubi Koreya kimi müttəfiqlərin bu ixtisara görə ABŞ-ın nüvə çətirinə etimadlarının azalacağı və nəticədə öz nüvə silahlarını yaratmaq məcburiyyətində qalacaqları barədə xəbərdar edirlər.
Qeyd edək ki, ABŞ-ın Adanadakı İncirlik bazasında 70, ətrafında 61 nüvə bombası olduğu iddia edilir.
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu isə bildirib ki, İncirlik bazası ilə əlaqədar hər hansı bir qərar qəbul edilməyib: "Hazırda təlim və təchiz layihəsi çərçivəsində ABŞ ilə bəzi mövzularda həmfikirik. Daha doğrusu, bu mövzularda bir razılaşmamız var. İncirlik və ya başqa bir mövzuyla əlaqədar hal-hazırda hər hansı bir qərar qəbul edilməyib. Bölgədə İŞİD başda olmaqla, terror təşkilatları ilə mübarizədə Türkiyə lazım olan tədbirləri görəcək".
Türkiyə hökumətindəki mənbələri də ABŞ-ın İncirlik hərbi hava bazası ilə bağlı tələbini şərh edib. Türkiyə mediasının verdiyi məlumata görə, şərhdə "davam edən razılaşma xaricində yeni bir razılaşma yoxdur" deyilir.
Açıqlamada həmçinin Suriya müxalifətinə təlim verilməsi mövzusunda razılaşmanın olduğu, amma bunun necə və harada ediləcəyi barədə məlumatın olmadığı bildirilib.
ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması ilə mübarizə üçün Türkiyə ərazisində yerləşən İncirlik hərbi hava bazasından istifadə etmək istəyir. Ötən həftə Kolumbiya səfərində olan ABŞ müdafiə naziri Çak Hegel həftə sonuna kimi İncirlik məsələsini bitirmək istədiklərini bildirmişdi.
Məlumat üçün bildirək ki, 1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası 1954-cü ilin dekabr ayında Türkiyə Silahlı Qüvvələri (TSK) və ABŞ Hava Qüvvələrinin birgə istifadəsi üçün açılıb. Hərbi bazanın Yaxın Şərqdəki böhranlara qarşı cavab verməkdə əhəmiyyətli bir yerinin olduğu bildirilir. İncirlik bazası həmçinin "U-2" casus təyyarələrinin kəşfiyyat və müşahidə əməliyyatlarında istifadə edilir. Baza 1960-cı ilin may ayına qədər "U-2" casus təyyarələrinin əsas əməliyyat mərkəzi olub. İncirlik hərbi hava bazasından 1970-80-ci illərdə, həmçinin birinci və ikinci İraq müharibələrində geniş istifadə olunub.
Türkiyə bu bazadan yalnız humanitar yardımların istifadəsi zamanı istifadə oluna biləcəyini bildirsə də, ABŞ Suriyanın şimalında həyata keçirdiyi hava hücumlarında bu bazadan istifadə etmək istəyir. Türkiyə isə İncirlikdən istifadəyə icazə üçün sərhəd yaxınlığında təhlükəsiz ərazi və uçuşlara qadağan bölgənin yaradılması ilə Suriya müxalifətinə tam dəstək verilməsini tələb edir.
Maraqlıdır, ABŞ-ın İncirlk hərbi bazasını Şimali İraqa köçürməsi mümkündürmü? Doğrudanmı Şimali İraq ABŞ hərbi bazası üçün təhlükəsizdir? İncirlik hərbi bazaısnın İraqa köçürülməsi Türkiyə-ABŞ münasibətlərindəki gərginliyi yeni mərhələyə daşıya bilərmi? Ümumiyyətlə, bu hərbi baza çağdaş dövrdə Türkiyə üçün nə dərəcədə gərəklidir?
Politoloq Elxan Şahinoğlu hələlik bu səpgidə səslənən fikirlərin yoxlama xarakteri daşıdığını, ABŞ-ın bununla Türkiyənin düşüncəsini öyrənməyə çalışdığını vurğuladı: "Hesab edirəm ki, əslində ABŞ bununla Türkiyənin nəbzini yoxayır.Bununla ABŞ Türkiyəyə belə bir mesaj verir ki, bu bazanı İraq ərazisinə də köçürə bilərlər. Amerika bir neçə dəfə bu hərbi bazanın imkanlarından istifadə etmək istəyirb. Amma Türkiyə buna icazə verməyib. Çünki müqaviləyə görə ABŞ istədiyi an, istədiyi dəqiqədə bu bazadan istifadə edə, buradakı təyyarələri qaldırıb hansısa ölkəni bombalaya bilməz. Bunun üçün Türkiyə parlamentinin icazəsi olmalıdır. Son hadisələr fonunda Türkiyə hökumətindən lazımi icazə alınmadığına görə Türkiyə-ABŞ münasibətlərində müəyyən soyuqluq hökm sürür. ABŞ indi bununla Türkiyəyə demək istəyir ki, madam ki, bazadan istifadə etməyə icazə verilmir, biz də bu bazanı Şimali İraqa köçürürük. Kürdlər bizə daha yaxındır və onlar ABŞ-a lazımi icazəni verəcəklər. Bir sözlə, İncirlik bazasının İraqa köçürülməsi ilə bağlı səslənən fiirləri hələlik sadəcə olaraq bir mesaj kimi dəyərləndirmək olar".
E.Şahinoğlunun fikrincə, iki ölkə arasında münaibətlər normallaşmayacağı təqdirdə, gələcəkdə ABŞ-ın İncirlik bazasını İraqa köçürməsi də istisna deyil: "Amma əgər Türkiyə ilə ABŞ arasında bu soyuqluq davam edəcəyi təqdirdə İncirlik hərbi bazasının İraqa köçürülməsi istiqamətində müəyyən addımlar atıla bilər. Lakin bu da bir həqiqətdir ki, əgər ABŞ belə bir addım atarsa, o zaman Türkiyə ilə münasibətlər daha da soyuyacaq".
"İncirlik hərbi bazası Türkiyə üçün nə dərəcədə önəmlidir" sualına gəlincə, ekspert bu məsələyə fərqli aspektlərdən yanaşmağın mümkün olduğunu bildirdi: "Bu suala dəqiq cavab vermək üçün hər iki istiqaməti öyrənmək lazımdır. İncirik bazasının Türkiyədəki mövcuduğu ola bilsin ki, bu ölkədə kimlərisə narahat etin. Rəy sorğuları keçirilib və bu rəy sorğularının nəticəsi göstərir ki, Avropada ABŞ-a ən mənfi münasibət bəsləyən insanlar Türkiyə vətəndaşlarıdır. Türkiyədə ABŞ-a münasibət çox mənfidir. Bu baxımdan Türkiyə və ABŞ hökumətləri arasındakı münasibətlər də son vaxtlar soyuyub".
Ekspert bu gərginlik fonunda Türkiyənin Rusiya ilə yaxınlaşma xətti də götürə biləcəyini vurğuladı: "Lakin İncirlik hərbi bazasının İraqa köçürülməsi həm də o demək olacaq ki, ABŞ Türkiyəni bölgədə özünə müttəfiq olaraq görmür. Bu isə iki ölkə arasındkı münasibətlərin daha da soyumasına səbəb ola bilər. Bu hadisələr fonunda ABŞ-ın istəmədiyi bir hadisə də baş verə bilər ki, bu da Türkiyənin Rusiya ilə yaxınlaşmasıdır".
Ekspertin qənaətincə, bütün bunlarla yanaşı İncirlik bazasının Türkiyədə mövcudluğu bu ölkənin bölgədəki rolunun göstəricisidir və bu baxımdan müəyyən əhəmiyyət kəsb edir: "İncirlik bazasının bu ölkədə mövcudluğu Türkiyənin bölgədəki rolundan xəbər verir".
E.Şahinoğlu soyuq müharibə illəri ilə müqayisədə hazırkı dövrdə bu bazaya duyulan tələbatın o qədər də böyük olmadığını vurğuladı: "Lakin bu da bir həqiqətdir ki, hazırda Türkiyənin bu bazaya o qədər də ehtiyacı yoxdur. İndi soyuq müharibə dövrü deyil. Türkiyə özü də bölgədə kifayət qədər aktivdir. Soyuq müharibə dönəmində Türkiyə əsasən ABŞ-dan asılı vəziyyətdə idi. Bu gün isə elə bir asılılıq yoxdur. Buna görə də ola bilsin ki, Türkiyə İncirlik hərbi bazasından qurtulmaq istəsin".