“Ermənistanın yeritdiyi siyasət fiaskoya uğramaqdadır” Dünya

“Ermənistanın yeritdiyi siyasət fiaskoya uğramaqdadır”

Elman Nəsirov: "Bu ölkənin xarici siyasətində də özünü göstərir"

Hikmət Hacıyev: "Ermənistan rejimi Nalbandyanın timsalında yalan və böhtanlarla özünə bəraət qazandırmağa çalışır"

Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın İsveçə rəsmi səfəri çərçivəsində Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda "Cənubi Qafqazda Təhlükəsizlik Problemləri" mövzusunda məruzə ilə çıxış edib.
İşğalçı ölkənin naziri çıxışını bitirəndən sonra İsveç-Azərbaycan Gənclər Təşkilatı fəallarının suallarına tuş gəlib. Belə ki, təşkilatın aktivistləri - Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarova erməni nazirə 4 sual ünvanlayıblar. Verilən suallarda Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb etməsi qeyd olunub. Bundan başqa, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin erməni hərbi birləşmələri tərəfindən bir gecədə yer üzündən silinməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər dinc Xocalı sakini qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdıran İsveç-Azərbaycan Gənclər Təşkilatının fəalları, Edvard Nalbadyanın bu haqda fikirlərini bilmək istəyiblər.
Çətin anlar keçirən, tələbələrin suallarına destruktiv və uydurma dolu cavablar verən Edvard Nalbadyan, tədbirin bu şəkildə davam etməsindən narahat olduğu ifadə edib. Sualları cavablandırarkən əllərinin hərəkətindən və sifətindəki ifadədən açıq-aşkar əsəbi olduğu hiss olunan erməni nazirin, "salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir" ifadəsi, vəziyyətin onun üçün necə mürəkkəb olduğunu göstərirdi.
Qeyd edək ki, tədbirdə erməni diasporunun təmsilçilərindən bir nəfərin belə iştirak etməməsi, Ermənistan hakimiyyəti ilə diasporası arasında olan problemlərdən xəbər verir, bu isə Edvard Nalbadyanın İsveçə olan səfərinin fiaskoya uğramasının dəlilidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Stokholm Sülh Araşdırmalar İnstitutunda etdiyi çıxışa şərh verib. Himət Hacıyev deyib ki, uğursuz daxili və xarici siyasətə görə öz ölkəsinin ictimaiyyəti qarşısında tamamilə nüfuzunu itirən, beynəlxalq aləmdə isə qeyri-ciddi və etibarsız bir tərəf kimi qəbul edilən Ermənistan rejimi xarici işlər naziri Nalbandyanın timsalında yalan və böhtanlarla özünə bəraət qazandırmağa çalışır.
Regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistanın hərbi diktatura rejiminin militarist siyasətidir.
Digər dövlətə qarşı hərbi təcavüz və etnik təmizləmə, insanlığa qarşı cinayət, o cümlədən Xocalı faciəsini törədən, dövlət səviyyəsində terror həyata keçirən bir dövlətin – Ermənistanın sülhdən danışmağa və özünü sivil dövlət adlandırmağa heç bir əsasla haqqı yoxdur. Azərbaycana qarşı törətdiyi işğal və təcavüzə görə Ermənistan BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında bilavasitə məsuliyyət daşıyır.
Münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olması haqqında yalan bəyanatlar verən Ermənistan öz silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması istiqamətində heç bir addım atmır, əksinə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə və Vyana sənədində nəzərdə tutulmuş öhdəliklərinə zidd olaraq, işğal edilmiş ərazilərdə gizli şəkildə hərbi texnika və şəxsi heyətin cəmləşdirilməsini aparır. 47 min nəfər şəxsi heyət və 3 mindən artıq hərbi texnikanın iştirakı ilə keçirilmiş hərbi təlim bunun daha bir sübutu idi.
Səbəb və nəticə kimi fəlsəfi-məntiqi kateqoriyaların yəqin ki, fərqində olmayan Ermənistan xarici işlər naziri yalnız bəhanələrdən danışmağa üstünlük verir. Səbəb-nəticə kateqoriyalarına əsasən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğuna görə cəbhədə snayperlər var və hərbi insidentlər baş verir. Ermənistanın işğalı aradan qaldıracağı halda isə snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər baş verməyəcək.
Danışıqlar prosesində Azərbaycanın mövqeyi həmişə aydın və qəti olub. Ermənistandan fərqli olaraq, Azərbaycanın mövqeyi BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun Aktına əsaslanır. Danışıqlar prosesinin mahiyyəti də ondan ibarətdir ki, beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunsun. Danışıqlar imitasiyası yaradan, öhdəlik verən və sonra ondan qaçan və ümumiyyətlə, danışıqlara kriminal dairələrə məxsus "qumar oyunu" kimi baxan məhz Ermənistandır.
BMT Nizamnaməsinə əsasən özünü müdafiə hüququ olan Azərbaycanın davamlı surətdə artan iqtisadi göstəricilərinə və ümumi daxili məhsulun nisbətinə görə hərbi büdcəsini də artırmaq hüququ var. Ümumi daxili məhsulun 4.5 faizi nisbətində vəsaitin hərbi xərclərə sərf edilməsi Ermənistan kimi yoxsul ölkənin nə dərəcədə hərbiləşməsindən xəbər verir. Əhalisinin 40 faizindən artığı yoxsulluq şəraitində yaşayan, iqtisadi-sosial problemlərə görə kütləvi miqrasiya ilə üzləşən və xarici borcu ümumi daxili məhsulunu bir neçə dəfə üstələyən Ermənistan üçün bu, milli fəlakətdir.
Hərbi ritorikadan danışan Ermənistan xarici işlər naziri yenə də öz ölkəsinin prezidentinin erməni gənclərini qonşu dövlətlərlə gələcək müharibəyə səsləyən çıxışını, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan ərazisinin daha 20 faizinin işğal ediləcəyi və Azərbaycanın mülki obyektlərinə qarşı ballistik raketlərdən istifadə olunacağı barədə açıqlamalarını yəqin ki, yenə unudur.
Xocalı faciəsinin törədilməsində iştirak etmiş Ermənistanın hərbi diktatura rejimi imkanı olsaydı bu əməllərdən də çəkinməzdi. Amma Azərbaycan silahlı qüvvələrinin qüdrəti qarşısında öz imkanlarını dərk edərək, yalnız böhtan və yalanlarla məhdudlaşır. Guya "xüsusi əməliyyat"ın keçirilməsi barədə düzəldilmiş teatr səhnəsi də Ermənistan rejiminin acizliyinin və cəmiyyətdə itirilmiş nüfuzunun bərpasına yönəlmiş bir uğursuz cəhd idi.
Ölkənin dərinləşən fəlakətinin müqabilində Ermənistan rejimi daşıdığı məsuliyyəti dərk etməli, nəhayət yalan və özünü aldatmadan əl çəkməli, münaqişənin həllində real addımlar atmalıdır.
Nalbandyanın çıxış ilə bağlı fikirlərini şərh edən politoloq Elman Nəsirov isə bildirib ki, Ermənistanın yeritdiyi daxili və xarici siyasət fiaskoya uğramaqdadır: "Bugünkü dünyada daxili və xarici siyasət bir-birilə olduqca bağlıdır. Xarici siyasət sözün həqiqi mənasında daxili siyasətin tamamlanması, davamıdır. Ermənistanın yeritdiyi daxili siyasətin nəticəsidir ki, bütün sahələrdə sistemli böhran yaşanmaqdadır. Bunun nəticəsində əhalinin hakimiyyətə etimad əmsalı aşağı düşüb. Bu ölkənin xarici siyasətində də özünü göstərir".
Elman Nəsirov qeyd edib ki, bu gün Ermənistanın beynəlxalq aləmdə etimadı azalmaqdadır: "Ermənistan da bunun fərqindədir. Gərginlik və beynəlxalq aləmin təsiri altında Ermənistan real vəziyyətə adekvat olmayan bəyanatlar verir. Daxili situasiya gərginləşdikcə Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarının faizi artmaqdadır".
Politoloq vurğulayıb ki, Nalbandyanın bəyanatı dekabrda ATƏT XİN Şurasının Bazeldə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları kölgə altına salmaq və nəticələrə təsir etməkdir: "Çalışırlar ki, dünyada Azərbaycanın mənfi obrazını yaratsınlar. Bu niyyətə Ermənistan vaxtilə çata bilirdi. Lakin indi dünya dəyişib, dünyada Azərbaycanın yeri, rolu, potensialı yüksək qiymətləndirilir. Azərbaycan tək xarici siyasəti deyil, ölkənin hərbi potensialının gücləndirilməsi ilə bağlı yeritdiyi siyasət konkret nəticələrini verməkdədir".
Elman Nəsirov qeyd edib ki, bu yaxınlarda Moskvada Xəzəryanı ölkələrin ekspertlərinin iştirakı ilə keçirilən toplantıda rusiyalı ekspertlər etiraf edib ki, noyabrın 12-də Ermənistan hərbi helikopterinin qoşunların təmas xəttini keçməsi Ermənistan ordusunda çox ciddi boşluqların olmasından xəbər verir: "Rusiyalı ekspertlər bunu açıq şəkildə etiraf etdilər ki, artıq həm əsgərlər başlarını itirib, buna başqa cür ad vermək mümkün deyil. Həm də bu əsgərlərə komanda verən zabit heyəti başını itirib. Çünki belə addımlar atılmasının başqa məntiqi yoxdur."
Politoloq sonda əlavə edib ki, Ermənistan başa düşür ki, ölkə daxilində gündən-günə vəziyyət pisləşir, artıq ölkəni tərk edənlərin sayı 100 mini ötüb keçib: "Belə olan vəziyyətdə hakimiyyətin sonu yaxınlaşa bilər. Bunun qarşısını almaq üçün ictimai fikri əsas məsələdən yayındırmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti hər zaman gündəmdə saxlamaq və diqqəti ona yönəltmək lazımdır. Hesab edirəm ki, Nalbandyanın son çıxışına bu kontekstdə qiymət vermək lazımdır. Bütün bu çıxışların bir mahiyyəti var ki, elə etsinlər ki, münaqişənin həlli ilə bağlı ümidlər puç olsun. Münaqişə dondurulmuş vəziyyətdə qalsın və status-kvo qorunub saxlanılsın".

Əli