16 ay maaş almayan ermənilərin üsyanı Dünya

16 ay maaş almayan ermənilərin üsyanı

2300 fəhlə haqlarını tələb etmək üçün aksiyalar keçirir

Cavid

Ermənistan iqtisadiyyatı böyük fəlakətlə üzləşib. Ukrayna məsələsi ilə bağlı Qərbin Rusiyaya sanksiyaları, rublun dəyərdən düşməsi işğalçı ölkənin iqtisadiyyatını da iflic vəziyyətinə salıb. Bu gün dünya iqtisadiyyatında baş verən proseslər Ermənistanda böyük narahatlıqla izlənməkdədir. Bunun işğalçı ölkəyə hansı təsirlər göstərəcəyi isə geniş müzakirə predmetinə çevrilməkdədir.
Səbəbi isə Ermənistanın xarici yardımlardan asılı dövlət olması və kənardan kömək olmadan mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyüdür. Çünki Qərb ölkələrinin üzləşdiyi iqtisadi problemlər və yaşanan tənəzzül Ermənistana həmin dövlətlər tərəfindən edilən yardımların kəsilməsi deməkdir.
Belə bir vəziyyətdə Ermənistanda əhalinin sosial durumu dözülməz bir həddə çatıb. Vəziyyətdən yeganə çıxış yolu kimi Ermənistan əhalisi əvvəlki qaydada ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutur. Bu, Ermənistan əhalisinin haqlı narazılığının daha da artmasına, etiraz aksiyalarının geniş vüsət almasına səbəb olur. Erməni ekspertləri mətbuata verdikləri açıqlamalarında qeyd edirlər ki, bu gün yaşanacaq hər hansı bir yeni qlobal maliyyə böhranının Ermənistana təsiri daha geniş miqyasda olacaq. Bu, həm Ermənistana xaricdən gələn maliyyə axınının dayanması, həm də iş dalınca başqa ölkələrə üz tutanların əmək fəaliyyətinə son qoyulması ilə nəticələnəcək. Ermənistan mətbuatının verdiyi xəbərə görə isə, vergi sahəsində də vəziyyət çox bərbaddır. Vergi yığımlarının miqdarının aşağı olmasının əsas səbəbi ölkədə əksər biznes, ticarət və digər kommersiya obyektlərinin məmurlara məxsus olmasıdır. Bu isə həmin obyektlərdən ya heç bir vergi alınmaması, ya da yığılan verginin miqdarının simvolik xarakter daşıması ilə nəticələnir. Müxtəlif qiymətləndirmələrə görə Ermənistanda gizli iqtisadiyyatın xüsusi çəkisi ümumi daxili məhsulun ən azı 70 faizinə çatır. Hökumətin buna qarşı apardığı mübarizə isə yalnız kağız üzərində mövcuddur. Sadə əhali hər keçən gün daha acınacaqlı vəziyyətə düşməkdə, gündəlik maddi ehtiyaclarının qarşılanmasında belə ciddi çətinliklər yaşamaqda, az qala hər gün qiymətlərin qalxmasından əziyyət çəkməkdədir.
Qeyd edək ki, Ermənistan əhalisinin 42 faizi yoxsulluğun astanasında yaşayır.
Ermənistanda əhalinin sosial durumunun pisləşməsi və ölkənin iqtisadi cəhətdən çökməsini isbatlayan amillərdən biri də istehsal sahələrinin olmaması və qalan iki, üç fabrik və zavodun işçilərinə əmək haqlarını ödəyə bilməməsidir.
Ötən gün İrəvandakı "Nairit" zavodunun yüzlərlə işçisinin etirazı da maaşlarının ala bilməmələri olub. Zavodun işçiləri yürüş edərək Nazirlər Kabinetinin binası önündə toplaşıb. Aksiya iştirakçıları baş nazir Ovik Abramyanla görüş tələb edirlər. Onlar hökumət başçısı ilə görüşmədən heç yerə getməyəcəklərini bəyan edirlər: "Bizim hamımıza əmək müqaviləsinin dayandırılması ilə bağlı bildiriş yollayırlar. Əmək haqqımızı almadan onu imzalamayacağıq. Niyə Tiqran Sərkisyanın qardaşı 47 milyon dram alıb getməlidir, bizə isə aylarla maaş verilmir".
Məlumatda qeyd edilir ki, aksiya iştirakçıları "baş nazir, baş nazir", "rüsvayçılıq, rüsvayçılıq" deyə qışqırırlar. Qeyd edək ki, "Nairit" kimya zavodunun 2300 işçisi var. Onlar 16 aydır əmək haqqı ala bilmirlər.
Üş gün öncə isə adıçəkilən zavodun işçiləri zavod rəhbərliyindən haqlarını tələb ediblər. Aksiya iştirakçıları Direktorlar Şurasının iclasının çağrılmasını və əmək haqqı üzrə 18 aydan bəri yığılıb qalan maaşlarının ödənilməsini tələb ediblər.
Etirazçılar, tələbləri yerinə yetirilməzsə, zavodun yaxınlığından keçən prospektdə yol hərəkətini kəsməklə hədələyiblər. Yaxınlıqda toplaşan çoxsaylı polis əməkdaşları aksiyaya mane olmur.
Bundan öncə isə zavodun min nəfərə yaxın işçiləri Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirib. Etiraz iştirakçıları zavodun əmək haqqı üzrə borcunun 15 milyon dollar təşkil etdiyini deyiblər.

Bundan başqa, yeni il ərəfəsində işçilər gələn ilin fevral ayından ixtisar ediləcəkləri haqda bildirişlər almağa başlayıb. Fevralın 6-dan sonra zavodun 2100 işçisindən 1500 nəfəri ixtisar edilməlidir.
Etiraz iştirakçılarının 4 nəfərdən ibarət nümayəndə heyəti prezident administrasiyasının rəhbəri ilə görüşüb, öz tələblərini yazılı surətdə təqdim ediblər. İşçilərə yeni ilədək biraylıq maaşlarının veriləcəyindən başqa vədlər verilməyib.
Onu da bildirək ki, "Nairit" zavodunun əməkdaşları 2012-ci ildən mütəmadi etiraz aksiyaları keçirirlər. Keçmişdə böyük tələbatı olan xloropren kauçuku istehsal edən zavod son illər ciddi problemlərlə üzləşib. Bir neçə dəfə zavod sahibkarları dəyişib.
Hazırda Rhiniville Property Limited şirkətinə məxsus olan zavod istehsal etdiyi məhsula tələbat azaldığına görə 2008-ci ildən istehsalatını dayandırıb.
2009-cu ildə yenidən işə başlayıb, lakin 1 il fəaliyyət göstərdikdən sonra dayanıb.
Bu ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın "Rosneft" şirkətilə danışıqlar aparıldığını bəyan etmişdi. Lakin sentyabrda Ermənistan energetika naziri "Rosneft"in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib.