Kremlin nüvə avantürası Dünya

Kremlin nüvə avantürası

Cavid

Rusiya Krımda nüvə silahının yerləşdirilməsini istisna etmir. "İnterfaks"-ın verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Lavrov rusiyalı jurnalistlərin "Rusiya Krıma nüvə silahının yerləşdirilməsi üçün yer kimi baxıla bilərmi" sualına cavab olaraq "Rusiya dövləti beynəlxalq hüquqa və öz maraqlarına, eyni zamanda beynəlxalq hüquq öhdəliklərinə müvafiq olaraq özünün qanuni nüvə arsenalı ilə bağlı göstəriş vermək hüququna malikdir" cavabını verib.
Qeyd edək ki, Krım ərazisində nüvə silahının yerləşdirilməsi yarımadanın Rusiyaya birləşdirilməsindən bu yana ölkədə aktual müzakirə mövzusuna çevrilib. Rusiyanın hərbi ekspertləri hesab edir ki, Moskva Krımın müdafiə qabiliyyətinin artırılması və mümkün təhlükənin neytrallaşdırılması üçün təcili tədbirlər görməlidir. Amma onlar Rusiyanın Krımda güclənməsi üçün daha təhlükəli variant irəli sürürlər. Onların fikrincə, bu tədbirlərdən biri də yarımada ərazisində nüvə silahının yerləşdirilməsi ola bilər. Ekspertlər Rusiyanın NATO və ABŞ mümkün hərbi qarşıdurmasında bunun əhəmiyyətli bir hərbi arqument ola biləcəyini bildirir. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin Qərbə nüvə hədəsini məhz Krımdan etməsi təsadüf sayılmır. Rusiya İctimai-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevin sözlərinə görə, yarımada ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün heç bir rəsmi maneə yoxdur: "1996-cı ilə qədər Krımda nüvə-texniki anbarı var idi. Anbarda SSRİ vaxtından qalmış nüvə döyüş sursatları yerləşirdirilirdi. 1994-cü ildə Rusiya, ABŞ və Ukrayna arasında nüvə silahının Rusiyaya verilməsi barədə müqavilə imzalandı və bu silahlar 1996-cı ilə qədər Krım ərazisindən çıxarıldı. Amma anbar qalıb və onu bərpa etmək üçün böyük əmək sərf etmək lazım deyil. Amma əsas məsələ odur ki, hazırda bu Rusiyaya lazımdırmı? Toqquşmalar mümkündür, çünki, Qərb Krım referendumunu və onun Rusiyaya birləşməsini tanımayıb".
ABŞ və NATO-nun hərbi potensialının Rusiyanın hərbi potensialını bir neçə dəfə üstələdiyini deyən ekspert taktiki nüvə silahının yarımada ərazisində yerləşdirilməsinin Moskva üçün əhəmiyyətli olacağını bildirir.
Bir vaxtlar Rusiya Müdafiə Nazirliyində beynəlxalq hərbi əməkdaşlığı baş idarəsinə başçılıq edən general-polkovnik Leonid İvaşov hesab edir ki, NATO və ABŞ-ın hərbi ritorikanı artırması, Rusiya sərhədlərində hərbi qruplaşmaların sayını artırmaq cəhdi Moskvanın cavab hərəkətlərini doğura bilər: "Krım ərazisində taktiki-nüvə silahının yerləşdirilməsi üçün bizə heç nə mane olmur. Qərb unutmamalıdır ki, Krım indi Rusiyanın ərazisidir və beynəlxalq müqavilələrə zidd deyilsə, yarımada ərazisində istənilən silahı yerləşdirə bilərik".
Bu arada Britaniyadan Putinə xəbərdarlıq edilib. Belə ki, Böyük Britaniya Müdafiə Nazirliyinin başçısı Rusiya ilə mümkün müharibə haqqında danışıb.
Müdafiə naziri Maykl Fellon Rusiya Federasiyası prezidenti Vladimir Putinə "təhlükəli oyunlar" oynadığı barədə xəbərdarlıq edib.
Maykl Fellon hesab edir ki, Rusiyanın təcavüzü NATO güclərinin iştirakı ilə müharibəni provokasiya edə bilər: "Baxmayaraq ki, Qərb Ukraynada böhranın hərbi həllinə baxmır. Amma hadisələrin inkişafının belə bir variantı istisna edilmir".
Britaniya müdafiə naziri vurğulayıb ki, Putinə etibar etmirlər və Böyük Britaniya ən pis varianta hazırlanmalıdır.
NATO təşkilatı isə Ukrayna hərbçilərini silahla təmin edə bilməyəcəyini deyib.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq söyləyib. O, NATO-nun mülkiyyətində silah olmadığını bildirib: "NATO-nun mülkiyyətində silah və avadanlıq yoxdur. Ona görə də tərəfdaşlarından heç birini silahla təmin etmir. Lakin NATO-ya üzv olan ölkələr hansı texniki avadanlıqla tərəfdaşlarını necə təmin edə biləcəklərinə özləri qərar verir".
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə bildirib ki, Rusiyanın Qərbə qarşı tətbiq etdiyi sanksiyalar siyasi yumor xarakteri daşıyır.
O, beynəlxalq qaydalara əməl etməyən istənilən siyasi sistemin çökməyə məhrum olduğunu deyib: "İqtisadi, siyasi, sosial sistemin olmadığı ölkənin digər sistemli və güclü iqtisadiyyatı olan tərəfə sanksiya tətbiq etməsi özünə təsəlli verməkdən başqa bir şey deyil. Bu addım həmçinin Rusiya daxilinə hesablanıb. Putin ruslara alternativ addım atdığını və Qərbin də əziyyət çəkdiyini göstərmək istəyir. Rusiyaya qarşı sanksiyanı tətbiq edən tərəf haqlı olaraq bu addımı atır. Çünki Rusiya digər bir dövlətin ərazi bütövlüyünü, suverenliyini pozub və bu prosesi hələ də davam etdirir. Burada xüsusi bir nüans var. Sanksiyanı tətbiq edən tərəf Avropa, Yaponiya, Kanada, Avstraliya tərəfdaşdırlar və bütün qlobal məsələlərin həllində birgə addım atırlar. Bu o deməkdir ki, tərəfdaşlar bir-birlərinə hörmət edir, ümumi məsələlərdə birgə fikir formalaşdırmağı bacarırlar. Lakin Rusiyanın durumuna baxdığımız zaman nə görürük? Rusiyanın ən yaxın tərəfdaşı hesab olunan Qazaxıstan, Belarusiya, Çin Moskvanın Qərbə sanksiya tətbiqi ilə bağlı çağırışına dəstək vermədilər, hətta bunun yalnış olduğunu qarşı tərəfə bildirdilər. Rusiya bu gün oyunda təkdir və bunun bütün günahkarı da məhz özüdür. Beynəlxalq qaydalara əməl etməyən və buna qarşı çıxan istənilən sistem məhv olunmağa məhkumdur. Rusiyanın bu gün ümüdi Ermənistana qalıb. O, siyasi və daxili gücü ilə Ermənistan hökumətini Qərbə qarşı birləşməyə çağıracaq, hətta buna israr edəcək. Lakin Ermənistan daxilində də Qərb mövqeli şəxslər çoxdur və bu prosesin baş verəcəyi o qədər də inandırıcı deyil. Rusiya əgər ona təklif olunan yol xəritəsi ilə hərəkət etməzsə, o zaman 2015-ci ildə Rusiyanı daha ağır nəticələr gözləyir".
Gürcüstanın eks-prezidenti, hazırda mühacirətdə olan Mixail Saakaşvili isə Rusiyanın ölkəsinə qarşı yeni təxribatları haqda xəbərdarlıq edib.
"ReeD" portalına müsahibəsində Saakaşvili Rusiyanın Dağıstan-Gürcüstan və Dağıstan-Azərbaycan sərhədinə çəkdiyi yeni yolun tikintisinin sürətlə aparılmasına toxunub.
Sabiq prezidentin sözlərinə görə, indi söhbət ondan getmir ki, gürcü hökuməti növbəti seçkilərə qədər yaşaya biləcək, ya yox. Söhbət bütövlükdə ölkənin gələn seçkilərə sağ çıxıb-çıxmamasından gedir.
"Bu, indi əsas məsələdir və mən hesab edirəm ki, indiki şərtlərdə ölkə növbəti seçkilərə sağ çıxmayacaq. Burası dəqiqdir. Niyə? Ona görə ki, Rusiya isterik şəkildə Dağıstandan Gürcüstana hərbi müdaxilə üçün yol çəkir. Bu yol Tiflisə və Azərbaycana birbaşa müdaxilə üçün nəzərdə tutulub. İndi "Cənub axını"nı bağladıqları bir vaxtda Putin Gürcüstan və Azərbaycan vasitəsilə alternativ qaz ixracını dayandırmağı nəzərdə tutur. Biz yaxın vaxtlarda hər cür təxribatlar, xoşagəlməz hadisələr gözləməliyik. Bunların qarşısını almaq üçün dövlətin immuniteti, güclü hakimiyyəti olmalıdır. Gürcüstanda isə bunlar yoxdur, əksinə, vəziyyət hər keçən gün daha betər olur" - deyə Mixail Saakaşvili bildirib.
Eks-prezidentin mövqeyinə görə, söhbət Skandinaviya ölkələrində olan adi siyasi prosesdən yox, geosiyasi baxımdan olduqca həssas, əlçatan regionda "həddən artıq təhlükəli diktator" Putinin açıq, qətiyyən maskalanmamış təcavüzündən gedir.
"Ona görə də biz indi çox ayıq olmalıyıq, bu xırda çəkişmələrə vaxt itirməməliyik" - deyə keçmiş prezident əlavə edib.
Saakaşvili Gürcüstana qayıtmağa hazırlaşdığını da deyib. Onun sözlərinə görə, qayıdışı indiki hakimiyyətin hesabladığından çox tez baş verəcək: "Onlar mənim qayıtmağımdan qorxur, hər cür cinayət işləri qaldırıblar. Ancaq bu ittihamlar sadə səbəbdən karton evciklər kimi uçub-dağılır: bütün bu ittihamlar saxtadır və insanlar bunu bilir. Mən özüm kifayət qədər səbr toplamışam və hesab edirəm ki, o, öz bəhrəsini verir".