Avro düşür, dollar bahalaşır… Dünya

Avro düşür, dollar bahalaşır…

Rubl isə yenidən düşür, manata yerini möhkəmləndirir

Cavid

Rusiyada 2015-ci ilin ilk valyutadəyişmə əməliyyatlarında rublun kursu yenidən enməyə başlayıb. "RİA Novosti"nin verdiyi məlumata görə, rubl əvvəlcə dollar və avroya nisbətdə 3 rubldan çox ucuzlaşıb, 1 dollar 59.35 rubl, 1 avro 71.95 rubl olub. Daha sonra kurs bir az sabitləşib və 1 dollar 58,02 rubl, 1 avro 70 rubl təşkil edib.
Rublun yenidən ucuzlaşmasının səbəbi neftin qiymətində növbəti azalma ilə bağlıdır. Belə ki, Brent markalı neftin qiyməti 55 dollara enib.
ABŞ dolları isə avroya nisbətən bahalaşmaqda davam edir. 1 avro 1.2 dollar həddinə düşüb. Bu göstərici son 4,5 ildə ən aşağı məzənnədir.
Son günlər avronun kəskin enişinin əsas səbəbi Yunanıstanda siyasi böhranın dərinləşməsidir. Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana on milyardlarla avro həcmində yardımları yalnız dövlət xərclərinin kəskin azaldılması əvəzində verir. Orada isə növbədənkənar seçkilər ərəfəsində, rəy sorğularına görə, xarici yardımlar müqabilində kütləvi işçi ixtisarları aparmaq siyasətinə qarşı çıxan qüvvələr qələbəyə daha şanslı görünürlər.
Digər tərəfdən isə Avropa Mərkəzi Bankının prezidenti Mario Dragi son müsahibəsində deyib ki, avrozonada deflyasiyadan narahatdır və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlər paketi hazırlamaq haqda 6 ay əvvəlkinə nisbətən daha ciddi düşünür.
Bu müsahibədən sonra sərmayədarların avroya olan ümüdləri sönüb.
Lakin avronun məzənnəsinə daha bir amil təsir edir. Məlumdur ki, ABŞ Mərkəzi Bankı faiz dərəcələrini qlobal maliyyə böhranı başlanan kimi aşağı salmışdı. Hazırda bunun sadəcə ehtimalı belə avro məzənnəsinə təsirsiz ötüşmür.
Lakin Amerika iqtisadiyyatı böhrandan çıxma istiqamətində hərəkət etdikcə, işsizlik faizi düşdükcə, ABŞ rəsmiləri faizlərin düşməsinin stimullaşdırıcı yox əks təsiri barədə daha çox danışır.
Ekspertlər Azərbaycan manatının bir müddət sabit qalacağını bildirir; ölkə bankları pul köçürmələrindən əldə etdiyi gəlirlərdən də məhrum olacaq.
Beynəlxalq kredit reytinqi təşkilatları da baş verənləri diqqətlə izləyir. Məsələn, "Fitch Ratings" rublun son zamanlar oynaqlığının və sərt bir şəkildə artırılan faiz dərəcələrinin 2015-ci ildə Rusiya iqtisadiyyatına bağlı riskləri artırdığını açıqlayıb.
"Fitch Ratings"dən verilən açıqlamada Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 10,5 faizdən tək hücumda 17 faizə yüksəltdiyi xatırladılıb. Neft qiymətlərinin aşağı düşmə riskinin davam etməsinin Rusiyadakı durğunluğun ciddiliyini dərinləşdirəcəyi qeyd edilib: "Uçot dərəcəsi artırılmamışdan əvvəl 2015-ci il neftin barelinin qiymətinin orta hesabla 66 dollar səviyyəsində olacağını hesablamışdıq. Rusiyanın ümumi daxili məhsulu 2,8 faiz geriləyə bilər. Rublun dəyərdən düşməsi real gəlirlərin "əriməsinə" səbəb olur, daxili istehlaka və yerli tələbə zərər verəcək".
Rublun vəziyyətini qiymətləndirən "Fitch Ratings"ın açıqlamasında bildirilir ki, Rusiyada faiz dərəcələrinin yüksək səviyyədə saxlanmaqda davam edilməsi, ya da aşağı neft qiymətləri qarşısında dəyər itirən rublu dəstəkləmək üçün faizlərin daha da artırılmasının Rusiya iqtisadiyyatına daha böyük mənfi təsiri ola bilər. Qurum Rusiya Mərkəzi Bankının təxminlərinə görə, neft qiymətlərinin 60 dollar səviyyəsində qalması vəziyyətində iqtisadiyyatın 2015-ci ildə 4,5-4,7 faiz kiçilə biləcəyi proqnozunu da xatırladıb.
Paytaxtda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrində isə bir neçə gündür ki, ajiotaj yaranıb,- dollar qıtlığı səbəbindən bu valyuta dəyişdirilmir, dollar satışdan yığışdırılıb. Dollar qıtlığının yaranması haqda söz-söhbətlər isə onun dəyərinin bahalaşdırılmasına səbəb olub.
Ekspertlərin fikrincə, qıtlığın yaranmasının əsas səbəblərindən biri Rusiya maliyyə bazarında baş verən hadisələrlə əlaqədar Azərbaycanda dollar alışının yüksəlməsidir. Bəzi ekspertlər ölkədə hazırkı dollar bahalaşmasını psixoloji amillə bağlayır. Belə ki, Rusiya vətəndaşlarının kütləvi dollar alışı Azərbaycan vətəndaşlarının da psixoloji olaraq ABŞ valyutasını almasına təsir edir.
"Kapital Bank"ın valyuta mübadilə şöbəsinin əməkdaşı bildirib ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsi ilə valyutaların alqı-satqısını təşkil edirlər: "İstər milli valyuta, istərsə də xarici valyutada qıtlıq müşahidə olunmur. Xüsusən, dollarla bağlı heç bir problem yaşanmır. Hər hansı bir mövzuda açılmış müzakirə heç də həmişə reallığı əks etdirmir. Dedi-qodu olur. Hamı bilsin ki, hər şey qaydasındadır".
Öyrəndik ki, Azərbaycan məzənnəsində 1 ABŞ dolları 0.7844 manat, 1 avro 0.9684 manat və 1 rubl 0.0131 manat təşkil edir.
İqtisadçı-ekspert, Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov da nikbin proqnoz verdi: "Uzağı yanvarın sonlarında rublun qiyməti qalxacaq. Manatın ucuzlaşma qorxusu yoxdur. Açıq deyək, vətəndaşlarımızı manatın ucuzlaşıb-ucuzlaşmaması maraqlandırmır. Sirr deyil ki, ölkə əhalisinin 80 faizdən artığının ayın əvvəlində aldığı maaşı həmin ay sona çatmamış xərcləyib qurtarır. Yəni büdcəsində gələn ay üçün pul qalmır. Axı bazara nisbətən aldığı pul yüksək maaş sayıla bilməz.
Bir sözlə panika yaratmağa gərək yoxdur. Ölkəmizdə xarici valyuta qıtlığı ilə bağlı problem yaşanmır. Rusiyada da vəziyyət yaxşılaşacaq. Kimlərsə məqsədli şəkildə cəmiyyətdə panika yaradıb, qazanmaq istəyir. Buna imkan verməmək lazımdır".
İqtisadçı Ayxan Nəsibli deyib ki, manat artıq rubl qarşısında dəyər qazanmağa başlayıb ki, bu da dollar amili ilə izah edilir: "Rusiyada rublun dollara nisbətən məzənnəsi aşağı düşürsə, bu, rublun manata nisbətən də ucuzlaşmasına gətirib çıxarır. Rubl dollara nisbətən möhkəmlənirsə, müvafiq olaraq manata nisbətən də möhkəmlənir. Rusiyalı maliyyə analitikləri etiraf edirlər ki, rublun məzənnəsinin düşməsi ölkədə yaxın zaman ərzində qiymət artımına gətirib çıxaracaq. Qiymətlərin artması isə həm də Rusiya pərakəndə ticarət bazarında 40 faiz mal ehtiyatının idxal nəticəsində formalaşması ilə bağlıdır. Bu, faktiki olaraq qiymətlərin qalxmasına təkan verir. O da aydındır ki, rublun ucuzlaşması Rusiyanın ixracına təsirsiz ötüşmür".
"The Wall Street Journal" isə yazıb ki, dünya bazarında avronun dollara qarşı məzənnəsi 2006-ci ilin mart ayından sonra ən aşağı həddə düşüb.
Avronun dünya valyuta bazarında ucuzlaşmasi 2014-cü ilin dekabr ayından trend halı alıb. Ekspertlər buna səbəb kimi Avropa Mərkəzi Bankının sədri Mario Draginin 2015-ci ildə yumşaq pul siyasətinin keçirilməsinin yüksək ehtimalları barədə bəyanatını göstərirlər. Bu isə Avrozonaya daxil olan ölkələrdə deflasiya riskinin artması və bundan bilavasitə yaranan iqtisadi aktivliyin zəifləməsi riskinin qarşısını almaq məqsədi ilə planlaşdırılır.
Bununla bağlı, Avropa Mərkəzi Bankı dövlət istiqrazlarını almaqla dövriyyədə olan pul kütləsini artırmaq və inflasiyanı məqbul həddə qaytarmaq niyyətindədir. Bu səbəbdən bazardakı gözləntilər avronun ucuzlaşmasına gətirib çıxarıb.
Eyni zamanda, Yunanıstanda keçirilməsi planlaşdırılan parlament seçkilərində millətci "Siriza" partiyasının qələbə qazanmasının yüksək ehtimalı və bununla bağlı ölkənin Avrobloku tərk etmək riski avronun stabilliyi barədə şübhələri artırır.
Qeyd edək ki, Azərbaycanda avronun rəsmi məzənnəsi bu gün 0,9367 manat təşkil edib. Bu, 2006-cı ilin mart ayından sonra ən aşağı göstəricidir. Bu, ötən müddət üçün avronun orta məzənnəsindən (1,1061 AZN/EUR) 15,3%, 2014-ci ilin orta məzənnəsindən (1,0413 AZN/EUR) isə 10% azdır.
Məlumat üçün bildirək ki, son 9 ildə Azərbaycanda vahid Avropa valyutasının rəsmi məzənnəsinin maksimal həddi 1,3269 manat, minimumu isə 0,9367 manat olub.