Moskvaya qarşı təzyiqlər güclənir Dünya

Moskvaya qarşı təzyiqlər güclənir

Avropa İtttifaqı isə geri çəkilir

Cavid

Avropa Parlamenti Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif edəcək. Xarici mətbuatın verdiyi məlumata görə, Avropa Parlamenti müvafiq qətnamə layihəsini sabah müzakirə edəcək.
Qətnamə layihəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, həmçinin indikatorlar sisteminin tətbiqi təklif edilir. Sənəd qurumun əsas fraksiyaları tərəfindən birgə hazırlanıb. Bir qayda olaraq, bu cür birgə layihələr hər hansı dəyişikliklər edilmədən Avropa Parlamentinin iclasında qəbul edilir.
Gözləntilərə baxmayaraq, sənəd Luqansk və Donetsk "xalq respublikaları"nın terror təşkilatları kimi tanınmasını nəzərdə tutmur. Baxmayaraq ki, deputatların bir hissəsi bunu tələb edirdi və dünən Ukrayna prezidenti Pyotr Poroşenko da Avropadan belə bir gözləntisinin olduğunu dilə gətirib.
Avropa Parlamenti həmçinin "Rusiya Federasiyasının təcavüzkar və ekspansiya siyasətini", "Rusiyanın Ukraynaya qarşı elan edilməyən hibrid müharibə aparmasını" ittiham edir və "Moskvanı təxirə salmadan Ukraynaya silah, muzdlular və hərbçiləri çatdırmasını" dayandırmağa çağırır.
Avropa Parlamentinin fikrincə, Rusiya Federasiyasına təzyiqin əsas elementi olaraq sanksiyalar qalmalıdır.
Böyük Britaniya və ABŞ Ukraynada böhranın diplomatik yolla nizama salınması məqsədi ilə Rusiyaya təzyiqi göstərməyə davam edəcək.
Bu barədə Britaniya baş naziri Devid Kemeron ilə ABŞ prezidenti Barak Obamanın birgə bəyanatında deyilir.
Onlar bildiriblər ki, Ukraynada Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mübarizəmiz davam edəcək: "Əgər biz beynəlxalq hüququn belə fundamental pozuntularına icazə verəcəyiksə, onda qeyri-sabitlikdən zərər çəkəcəyik. Günahkar cəzasız qalmayacaq."
D.Kemeron və B.Obama vurğulayıblar ki, biz aydın şəkildə mesajımızı verdik: beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynanın sabitliyini pozmaq cəhdlərini dəstəkləməyəcək.
Böyük Britaniyanın və ABŞ-ın liderləri diqqəti ona yönəldiblər ki, iqtisadiyyatın və demokratiyanın möhkəmləndirilməsində Ukraynaya yardım göstərəcəklər.
Avropa İttifaqının xarici işlər üzrə Ali nümayəndəsi Federika Mogerini isə ittifaq ölkələrini Rusiya ilə əməkdaşlığa çağırıb. "qazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu haqda məktub AB-nin bütün ölkələrinin nümayəndəliklərinə göndərilib.
Məktubun göndərilməsi gələn bazar ertəsi baş verəcək müzakirələrlə əlaqədardır.
Belə ki, Avropa Birliyi ölkələri nümayəndələri həmin gün Rusiya məsələsindən başqa, Suriya, İraq, İran və Şimali Koreya üzrə məsələləri müzakirə edəcəklər.
Bu arada o da bildirilib ki, ABŞ artıq Donbasa lokal münaqişələrdə istifadə üçün çox ciddi silahlar göndərib.
Bu sözləri qondarma Donetsk Xalq Respublikasının eks "müdafiə naziri" İqor Strelkov "Anna News"un efirində deyib.
Onun sözlərinə görə, həmin silahlardan rus ordusunda yoxdur və bu müharibənin nəticələrinə ciddi təsir edə bilər.
"Hazırda amerikalılar onları yaxşı texnika ilə təchiz edir. Bu silahlardan bizim ordumuzda yoxdur və onlar bununla bizə çox şey göstərə bilərlər. Lakin əgər genişmiqyaslı müharibəyə keçilsə onların heç bir şansı yoxdur. Çünki Rusiya qalxsa, hansı ki, Rusiya qalxmağa hazırlaşır bu təqdirdə orada sarsıdıcı məlubiyyət yaşanacaq. Lakin məhdud şəraitli müharibədə onlar hazırki vəziyyətləri ilə bizim professional ordumuzu məğlub edə bilərlər"- deyə eks nazir bildirib.
Bundan əlavə Strelkov bir il yaşanan münaqişələrdə Ukrayna ordusunun xeyli püxtələşdityini də etiraf edib.
Ukrayna hökuməti isə eks-prezident Viktor Yanukoviçin üzərinə həbs qoyulmuş aktivlərini büdcəyə yönəltməyi düşünür. Bu barədə daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində yazıb. Onun yazdığına görə, həbs olunan vəsaitin miqdarı ümumilikdə Müdafiə Nazirliyinin, XİN-nin və Ukrayna milli qvardiyasının illik büdcəsindən çoxdu.
"Eks-prezidentin daşınmaz əmlak aktivlərini və kompaniyalardakı payını hesaba almasaq, Ukrayna hüquq mühafizə orqanlarının həbs etdikləri bank hesabındakı pullar və qiymətli kağızlar xaricdə 2 milyard dollar, ölkə daxilində isə 1,8 milyard dollar və 6 milyard qriven təşkil edir" – nazir əlavə edib.
Daxili işlər naziri Arsen Avakov Ali Radanın müzakirəsinə Ukraynanın keçmiş başçısı üzərində qiyabi məhkəmənin keçirilməsinə "bürokratik əngəlləri aradan götürən" düzəlişlərin çıxarıldığını da vurğulayıb.
Qeyd edək ki, İnterpol Ukraynanın eks-prezidenti Viktor Yanukoviç, onun oğlu, həmin dövrdə vəzifədə olmuş Baş nazir və bir neçə nazirin də daxil olduğu hökumətin bəzi nümayəndələri barədə axtarış elan edib.
"Rusiyanın böhrandan çıxması üçün əsas yollar mərkəzləşdirməsinin azaldılması, real federalizm, iqtisadiyyatın tezliklə müxtəlifləşdirilməsi və xammala meyllilikdən imtina olmalıdır. Federasiya subyektlərinə daha çox azadlıq verilməlidir". "Kommersant"ın yaydığı xəbərə görə, bu sözləri Rusiyanın sabiq baş naziri, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Primakov "Merkuru-klub"un iclasında deyib.
Y.Primakov bildirib ki, Rusiya iqtisadiyyatın real diversifikasiyasını həyata keçirmək üçün həddən artıq - əsrin dörddə biri qədər vaxt itirib. O, prezident Putinin böhranın aradan qaldırılması üçün 2 il vaxt ayırdığını xatırladaraq qeyd edib ki, bu müddət ərzində icra hakimiyyəti xammal iqtisadiyyatından emal sahələrinin və yüngül sənayenin inkişafına real keçid haqqında layihələr elan etmək məcburiyyətindədir.
Təcrübəli dövlət xadimi hesab edir ki, Rusiyada "rəngli inqilab" təhlükəsi yoxdur, əsas problemlər məhz həyatın bütün sahələrinin, o cümlədən iqtisadiyyatın ifrat mərkəzləşdirilməsindən yarana bilər.
Xarici siyasətdən danışan Y.Primakov Rusiya hakimiyyətini bütün dövlətlər – həm Qərb, həm də Şərq ölkələri ilə münasibətləri inkişaf etdirməyə çağırıb. Onun fikrincə, sanksiyalara baxmayaraq, Rusiyanın hər hansı təcridindən söhbət getməməlidir. Beynəlxalq münasibətlərdə ayrıca məsələ kimi Ukrayna probleminin qeyd edən Y.Primakov əmin olduğunu bildirib ki, Rusiya Ukraynanın cənub-şərqini Ukraynanın tərkib hissəsi olaraq tanımalı və ABŞ və Avropa ilə bu mövqedən danışıq aparmalıdır. O, Rusiyanın nizami qoşunlarının Ukrayna ərazisinə yeridilməsinin qəti şəkildə yolverilməz olduğunu vurğulayıb. Bununla yanaşı, o hesab edir ki, Krım və Sevastopol alver predmeti ola bilməz.