Boris Nemtsov Troekurovsk qəbiristanlığında dəfn edildi Dünya

Boris Nemtsov Troekurovsk qəbiristanlığında dəfn edildi

Putin müxalifət liderinin vida və dəfn mərasimində iştirak etməyib

Rusiyalı mərhum siyasətçi Boris Nemtsov ötən gün Troekurovsk qəbiristanlığında dəfn edilib.
Vida mərasimi Moskva vaxtı ilə saat 10:00-dan 14:00-dək Saxarovsk mərkəzində keçirilib. Dəfn mərasimi 15:30-da baş tutub.
Mərasimdə prezident administrasiyasını dövlət başçısının nümayəndəsi Harri Minx təmsil edib. Rusiya prezidenti Putin dəfndə iştirak etməyib.
Avropanı isə Saxarovsk mərkəzində Rusiyadakı Avropa İttifaqı nümayəndəliyinin rəhbəri, səfir Viqaudas Uşatskas təmsil edib. Mərasimə Avropa İttifaqına üzv olan 28 ölkənin səfirlik nümayəndələrinin gəlib.
Qeyd edək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifətçisi B. Nemtsov Moskvanın mərkəzində naməlum şəxs tərəfindən qətlə yetirilib. Hadisə baş verən zaman B. Nemtsovun yanında rəfiqəsi, ukraynalı fotomodel A. Duritskaya olub. A. Duritskaya "Dojd"a müsahibəsində B. Nemtsova atəş açan şəxsi görmədiyini bildirib.
Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bəyan edib ki, istintaq tərəfindən Anna Duritskayaya qarşı heç bir qəti-imkan tədbiri seçilməyib. Onun şəxsi sənədləri, o cümlədən pasportu götürülməyib. Heç kəs Duritskayanın öz iradəsinə qarşı onu Rusiya ərazisində saxlamayıb.
Onun sözlərinə görə, A. Duritskaya tərəfindən heç bir şikayət daxil olmayıb: "Müstəntiqlərlə söhbətində o, Moskvanı tərk etmək istəyi barədə heç nə deməyib. İstintaq baş verənləri nəzərə alaraq, istintaq hərəkətləri başa çatmayanadək hələlik Duritskayanın Moskvanı tərk etməməsi qərara alınıb. Ancaq bu gün, istintaq hərəkətləri başa çatandan sonra Duritskaya Rusiyanı tərk edib. Bununla yanaşı, o, bundan sonra da istintaqla əməkdaşlıq etmək niyyətindədir. Lazım olacağı təqdirdə istintaq hərəkətlərinin keçirilməsi üçün müstəntiqlərin yanına gələcək".
Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi bildirib ki, hazırda Boris Nemtsovun qətli ilə əlaqədar şahidlər dindirilir, sübutlar və müşahidə kameralarının görüntüləri araşdırılır.
ABŞ prezidenti Barak Obama isə ″Reuters″ agentliyinə müsahibəsində bildirib ki, Boris Nemtsovun qətli Rusiyada azadlıqlarla bağlı vəziyyətin pisləşməyinə şahidlik edir: ″Mən nə baş verdiyini bilmirəm. Amma onu bilirəm ki, hazırda Rusiyada mətbuat, sərbəst toplaşma, informasiya azadlıqları, əsas vətəndaş hüquq və azadlıqlarına riayət olunmağı ilə bağlı vəziyyət dörd, beş və ya 10 il əvvəlkindən daha pisdir.″