Rusiyanın Ukrayna ilə bağlı ssenariləri açıqlandı Dünya

Rusiyanın Ukrayna ilə bağlı ssenariləri açıqlandı

NATO-un analitikləri Rusiya qoşunlarının Ukraynaya qarşı hücumunun əsas ssenarilərini təhlil ediblər

Cavid

Aparılan təhlil nəticəsində hadisələrin inkişafının ehtimal edilən 3 ssenarisi alınıb.
Ssenari 1: Quru dəhlizi - Rusiya ordusu 6-14 gün ərzində 24-36 min hərbçidən ibarət güclə "DXR" ərazisindən Krım yarımadasına qədər ərazini tutacaq. Sonra isə 45-55 min əsgər NATO qoşunları ilə mümkün qarşıdurmaya hazır saxlanılır. Hücüm edən tərəfə yerli əhalinin müqaviməti ilə qarşılaşa bilərdi. Amma belə bir vəziyyət Rusiyaya loyal olan Ukraynanın şərqinə aid deyil.
Ssenari 2: Sahilboyu - Birinci halda tutulan ərazi Dnepr çayı ilə məhdudlaşdırılır. Bu isə əsas körpüləri və keçidləri möhkəmləndirməyə imkan verir. Ukraynanın Qara dənizə bütün çıxışının bağlanılması Rusiyaya Dnestryanı əraziyə çıxış imkanı verir. Amma bu halda cəbhə xətti uzanır.
Ssenari 3: Şərq - Söhbət 222 min kvadrat kilometr ərazinin tutulmasından gedir. Ukrayna ordusunun müdafiə xəttinin yarılması üçün 400 kilometrlik cəbhə üzrə 91-135 min Rusiya əsgəri hücuma keçməli olacaq. Tutulmuş ərazilərin saxlanılması üçün isə böyük güclər lazım olacaq. Təxminən 28 min polis və 260 min hərbçi.
Analitiklər iddia edirlər ki, hər şey üç ssenari texniki olaraq mümkündür.
Bu arada Ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində çıxış edərək deyib ki, hazırda Ukraynanın şərqində 30 mindən çox rus əsgəri var.
Onun sözlərinə görə separatçıların tabeliyinə Rusiyanın 2 hərbi korpusu verilib: "Bu korpusun tərkibində vuruşanların yalnız 15-20%-i Ukrayna vətəndaşlığına sahibdir. Digər hərbçilərin hər biri Rusiyadan olan muzdlulardır".
Avropa Şurasının sədri Donald Tusk da Ukrayna ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. Bu ölkəyə silah verilməməsi ilə bağlı üzv dövlətlərin vahid fikirdə olduğunu vurğulayan D.Tusk, Qərbin Ukrayna uğrunda savaşmağa hazır olmadığını bildirib.
O, daha sonra bildirib ki, Rusiyaya qarşı sanksiyaların uzadılması haqqında qərar Avropa Birliyinin iyun sammitində qəbul ediləcək.
O, bütün fəaliyyətinin Rusiyaya qarşı sanksiyaların saxlanılmasına yönəldiyini bildirib: "Avropa sanksiyaların uzadılması haqqında qərarın iyunda qəbul olunacağı ilə bağlı fikrə sahibdir. Bu, bir neçə ölkənin mövqeyidir. Bəzi ölkələr isə bu qərarın martda qəbul olunacağına inanırlar".
Maraqlıdır, D.Tuskun bu açıqlaması Qərbin Ukraynanı birdəfəlik olaraq Rusiyaya güzəştə getməsi kimi dəyərləndirilə bilərmi?
Politoloq Hikmət Hacızadə isə bildirib ki, baş verənlər Qərbin Ukraynanı Rusiyaya güzəştə getməsi kimi dəyərləndirilə bilər: "Biz qarşıdakı günlərdə bu və buna oxşar bəyanatları hələ çox eşidəcəyik. Obama bir cür, Qərbin digər yetkililəri isə başqa şəkildə öz mövqelərini ortaya qoyacaqlar. Amma bunların hamısının mahiyyəti təxminən eyni olacaq. D.Tusk bunu hansı səsvermənin əsasında söyləyir, bu mənə məlum deyil. Hesab edirəm ki, onun bu açıqlaması ümumi tərəddüdün göstəricisidir".
BBC-yə açıqlamasında Litvanın müstəqillik hərəkatının liderlərindən biri olan Vitautas Landsberqis isə söyləyib ki, Rusiyanın siyasəti Avropaya yeni müharibələr gətirə bilər.
O, Rusiyanın hazırkı və köhnə rəhbərləri dövründəki vəziyyətin fərqli olduğunu bildirib:
"Yeltsin dövründəki era kifayət qədər unikal idi. Rusiya aqressiv imperiya olmaq istəmirdi. O, xalqların öz müqəddəratını həll etməsinə hörmətlə yanaşırdı. 2000-ci ildən bu yana olan dövrü dünya yeni "Putin müharibəsi zamanı" adlandırmalıdır. Dünya hələ də bunu anlamır. Bu hadisələr isə hələ başlanğıcdır".
Qeyd edək ki, Landsberqis bundan öncə Litva Parlamentinin rəhbəri olub.
Onu da xatırladaq ki, məhz Yeltsin dövründə Azərbaycan Xocalı soyqırımı, Qarabağ müharibəsi, Çeçenistanda Birinci rus-çeçen savaşı, Moldovada Dnesteryanı böhranı, Gürcüstanda Abxaziya savaşı, Özbəkistanda Fərqanə hadisələri törədilib. Litvadan fərqli olaraq, Yeltsin dövrü bu ölkələr üçün ən ağır zamanlar kimi yadda qalıb.