Rusiya Krım tatarlarına vədlər verir Dünya

Rusiya Krım tatarlarına vədlər verir

Duma Krımın Rusiyaya birləşdirilməsi haqqında qanun layihəsini nəzərdən keçirəcək

Cavid

Ukraynada və Krımda vəziyyət gərgin olaraq qalır. Krım faktiki olaraq rəsmi Kiyevin tabeliyindən çıxaraq Moskvanın idarəsi altına keçib. Yarımadaya mənsubiyyət nişanlarını gizlədən rus qoşunları və Rusiyapərəst yerli sakinlərdən ibarət silahlı könüllülər nəzarət edir. Separatçı hakimiyyət martın 16-da Krım referendumuna hazırlaşır.
Ukraynaya sadiq hərbi hissələr tsə hələ də mühasirədədir. Krımda separatçıların siyasi baxışlarını bölüşməyən şəxslərə və jurnalistlərə hücumlar, bəzilərinin isə oğurlanması haqda həyəcanlı xəbərlər gəlir.
Ötən gün Rusiya prezidentinin iqtisadi məsələlər üzrə keçmiş müşaviri, hazırda Katon İnstitutunun elmi əməkdaşı olan Andrey İllarionov Rusiya-Ukrayna böhranı barədə fikirlərini bildirib və Krıma müdaxilə planının hələ bir il əvvəl hazırlandığını açıqlayıb.
İllarionov Vladimir Putinin əsl məqsədinin Krımı yox, Kiyevi və bütün Ukraynanı ələ keçirmək olduğunu deyib.
"Bu münaqişə daha böyük miqyas daşıyır və qonşu ölkələrin, NATO üzvlərinin və ABŞ-ın iştirakı ilə ümumavropa böhranına qədər gedib çıxa bilər" - deyə İllarionov Avstriyanın "Die Presse" qəzetinə müsahibəsində bildirib.
Putinin keçmiş müşaviri deyib: "Bu, Krım böhranı, Ukrayna böhranı deyil. Bu böhran tammiqyaslı müharibəyə aparıb çıxara bilər. Krımın Rusiyaya birləşdirilməsi faktiki olaraq baş tutub. Bundan əlavə Kiyevin özünə də hücum işlənib hazırlanıb. Putinin məqsədi Kiyev və bütün Ukraynadır. O, hazırda Krımdan keçmiş Federal Təhlükəsizlik Xidməti, yəni KQB zabitlərinin çoxdan məskən saldığı Dnestryanı bölgəyə quru dəhlizi yaratmaq istəyir. Bu dəhliz Ukraynanın Qara dənizinə çıxışını kəsməyə hesablanıb".
İllarionov deyib ki, Putin Ukraynaya hücumu hələ bir il əvvəl planlaşdırmışdı. Onun sözlərinə görə, əgər ABŞ və Avropa tədbir görməsə, Kiyevin alınması ssenarisinin həyata keçirilməsi sadəcə zaman məsələsi olacaq.
"The Washington Post" qəzeti isə Rusiyanın Krımı bir güllə də atmadan almasını Putinin işləyib hazırladığı yeni müharibə taktikasının sınaqdan keçirilməsi adlandırır. Qəzet yazır ki, Putin özünü sanki XIX əsrdəki kimi aparır və son hadisələrin əhəmiyyəti barədə dəqiq olmayan təsəvvürlər formalaşdırır. Lakin o deyəsən heç də yanılmayıb.
"Putin XXI əsrin yeni müharibə taktikasını uğurla sınaqdan keçirib. 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilədən əvvəl o, ənənəvi hərbi avadanlıqların və qoşunların yerləşdirilməsinə aylarla vaxt sərf etmişdi. Terrorçularla, separatçılarla, yaraqlılarla illərlə davam edən qarşıdurma onun düşüncə tərzini dəyişdirib. Putin Krımda "qəfil alovlanan müharibə" taktikasını sınaqdan keçirdi və bu taktika çox güman ki, gələcəkdə geniş tətbiq olunacaq" - deyə qəzet yazır.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi Krım Ali Sovetinin muxtar respublika və Sevastopol şəhərinin müstəqiliyi ilə bağlı martın 11-də qəbul etdiyi bəyannamə ilə bağlı bəyanat yayıb: "Rusiya Xarici İşlər Hazirliyi Krım parlamentinin qərarını tam qanuni sayır və Rusiya Federasiyası Krım xalqların azad iradəsini əks etdirən referendumun nəticələrinə tam şəkildə hörmət edəcək".
Qeyd edək ki, martın 11-də Krım Ali Soveti martın 16-na təyin edilən referendumla bağlı bəyannamə qəbul edib.
Bəyanamədə bildirilir ki, martın 16-da Krım muxtar respublikası və Sevatopol şəhərinin Rusiyana birləşdirləməsi ilə bağlı referendumda Krım müstəqil və suveren respublika elan olunacaq.
"Referendumun nəticələrinə uyğun olaraq Krım müstəqil və suveren dövlət kimi Rusiya federasiyasına müraciət edərək Krımın yeni bir subyekt kimi Rusiyanın tərkibinə daxil edilməsini istəyəcək" deyə bəyannamədə deyilir.
Martın 21-də isə Rusiya Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsi haqqında qanun layihəsini nəzərdən keçirəcək. Bu haqda RİA Novosti agentliyinə deputat Vyaçeslav Nikonov məlumat verib.
Sənədi "Ədalətli Rusiya" partiyasından olan deputatlar təklif edib. "Ədalətli Rusiya" partiyası bildirib ki, qanun layihəsini Ukraynada baş verən hadisələrə görə təklif ediblər.
Rəsmi Kiyev isə referendumu qanunsuz adlandırır.
Krım Tatarları Məclisi isə növbəti dəfə referendumu boykot etməyə çağırıb.
Bu arada rəsmi Moskva Ukraynanın tərkibində qalmaq istəyən Krım tatarlarının haqlarının pozulacağıyla bağlı bütün ittihamları rədd etsə də, artıq Krımdakı Rusiyameylli "özünümüdafiə" qüvvələrinin tatarların yaşadıqları evləri işarələməsi xəbərləri də gəlir. Tatarlar qorxurlar ki, Rusiyaya birləşmə olayından sonra sıra onlara da gələcək və Türkiyə bunun qarşısını almalıdır.
ATƏT-ə sədrlik edən İsveçrənin xarici işlər naziri Didier Burkhalter deyib ki, Krımda martın 16-da keçirilməsi nəzərdə tutulan referendum Ukrayna Konstitusiyasına ziddir və qanunsuz sayılmalıdır.
ATƏT referendumu izləməyəcək. Burkhalter deyib ki, hansısa regionun statusu ilə bağlı məsələ kompleks səciyyə daşıyır və aylarla aparılan dialoqdan sonra reallaşdırıla bilər. Həm ölkə, həm də region səviyyəsində məsləhətləşmələrdən sonra. Bütün tərəflər prosesə cəlb edilməlidir ki, referendumun nəticələri gərginlik yaratmasın.
Almaniya kansleri Angela Merkel də bəyan edib ki, Rusiyanın Krım Muxtar Respublikası ilə bağlı həyata keçirdiyi hərəkətlər anneksiyadır.
"Frans Press"in verdiyi xəbərə görə, bu barədə A.Merkelin Almaniya Demokratik Partiyasından olan deputatlarla keçirilmiş danışıqların iştirakçısı bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron və Almaniya kansleri Angela Merkel Rusiyanın Krımda keçiriləcək referendumu qanuniləşdirmək istiqamətində istənilən cəhdinin fəsadlarla nəticələnəcəyini bəyan etmişdi.
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Krımın Rusiyaya birləşəcəyi təqdirdə Krım tatarlarına milli və mədəni muxtariyyət vəd edib.
Bunu Valentina Matvienko "Rossiya 24" telekanalına müsahibəsində bildirib: "Əgər Krımda keçiriləcək referendumda Rusiyanın tərkibinə qatılmaq qərarı veriləcəksə, Krım əhalisi Rusiya vətəndaşlarının hüquqlarından eyni səviyyədə istifadə edəcəklər. Onlar həmçinin Ukrayna ilə müqayisədə daha yüksək səviyyədə olan sosial standartlardan da bəhrələnə biləcəklər. Krım tatarları isə milli və mədəni muxtariyyət əldə etmək hüququna malik olacaqlar".
O əlavə edib ki, Krım tatarları Rusiya qanunvericiliyində repressiyalara məruz qalmış xalqlara nəzərdə tutulmuş hüquqlardan tam həcmdə istifadə edə biləcəklər.
Lakin Rusiyanın vədləri tatarlarla ruslar arasında gərginliyi səngitməyib. Krım Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətovun sözlərinə görə, vəziyyət daha da gərginləşib. Ukrayna hərbi hissələri bir-bir mühasirəyə alınır, hərbçilərdən də tələb olunur ki, Rusiyaya xidmət edəcəklərinə and içsinlər: "Krım Tatar Məclisinin sədri Refat Çubarov tam aydın şəkildə bəyan edib ki, onlar referendumu tanımadıqlarından səsverməyə qatılmayacaqlar. Digər yerli sakinlər arasında bəlli fikir ayrılığı var. Bəziləri düşünür ki, Rusiyaya birləşmək lazımdır, bəziləri bunu qəbul etmir. Rusmənşəli və rusdilli əhalinin çoxu Rusiyanı istəsə də, onların arasında Krımın Rusiyaya birləşdirilməsini istəməyənlər də var. Krımda yaşayan azərbaycanlılara gəlincə, 10 mindən çox azərbaycanlının arasında da vahid fikir yoxdur. Əksəriyyət referendumu boykot edir, amma elələri də var ki, muxtar respublikanın Rusiyaya birləşdirilməsinin tərəfdarıdır. Ukraynaya meylli qüvvələrin bu məsələyə təsir göstərmək imkanları da zəifdir. Krımın yeni rəhbərliyi bəyan edib ki, əhalinin 75 faizə yaxını yarımadanın Rusiyaya birləşdirilməsini istəyir. Məncə, bu faiz daha çox olacaq. Axı referendumun taleyi nə qədər adamın səs verməsindən asılı olmayacaq. Birincisi, referenduma az adam qatılacaq. İkincisi, Ukraynaya meylli əhali də anlayır ki, onların necə səs verməsi heç nəyi dəyişdirməyəcək. Bu baxımdan referendumun nəticələrini proqnozlaşdırmaq elə də çətin deyil".
R.Hümbətov onu da qeyd edib ki, Ukraynanın bütün ümidləri Qərbədir. Qarabağ məsələsindən fərqli olaraq Qərb Krım məsələsində birmənalı şəkildə Ukraynanı dəstəkləyir. Biz Qərbin bu məsələdə ildırımsürətli reaksiyasının şahidi olduq: "Ukraynalılar istəyirlər ki, Qərb ilk növbədə Rusiyanın qarşısını siyasi təzyiqlərlə alsın. Bundan başqa adamlar ümidlidir ki, bu məsələdə Rusiyaya qarşı iqtisadi sanksiyalar müsbət nəticələr verə bilər. Müharibəni heç kim istəmir - bəzi qüvvələr bu sözü səsləndirsə də. Çoxluq vəziyyətin sakitliklə başa çatmasını istəyir".
Politoloq Arzu Hağıyevin fikrincə, Rusiya başa düşür ki, referenduma legitim don geyindirmək üçün mütləq Krım tatarları ilə razılığa gəlinməlidir: "Tatarlar yəqin ki, referendumda iştirak etməyəcəklər, iştirak etsələr də əleyhinə olacaqlar. Rusiya digər tərəfdən gələcəkdə başqa regionlarda da həmin halın təkrarlanması üçün necə deyərlər özlərinə "ayaq yeri" qoyur. Bu həm də Türkiyədən yararlanmaq və guya ona loyallıq göstərmək məqsədi daşıyır. Çünki Türkiyə Ukraynanı özünə strateji tərəfdaş hesab edir və onun konstitsiyası çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir. Mənim fikrimcə, tatarlarla bağlı vədlər sadəcə sırf siyasi bir gedişdir".