ABŞ Yəmən müharibəsinə qoşula bilər Dünya

ABŞ Yəmən müharibəsinə qoşula bilər

Baxmayaraq ki, Səudiyyə Ərəbistanının hərbi müdaxiləsinin Vaşinqtonun "xeyir-duası" olmadan həyata keçirildiyi iddia olunur

Cavid

Bu gün faktiki olaraq Yəməndə ABŞ-ın ən yaxın müttəfiqlərindən olan ərəb dövlətləri ilə hazırda əlaqələri yaxşılaşdırmağa çalışdığı İran arasında dolayısı ilə də olsa, olduqca təhlükəli istiqamət ala biləcək müharibə gedir. Bu savaşın durdurulmaması sünni-şiə qarşıdurması kontekstində Yaxın Şərqdə xaos və qanlı toqquşmaların coğrafiyasını daha da genişləndirə bilər.
Yəməndə dağıdıcı bir müharibə formalaşmaqdadır və bu müharibə Vaşinqtonun, demək olar, Yaxın Şərqdə bütün əsas müttəfiqlərini İrana qarşı çevirib. Səudiyyə Ərəbistanı artıq bombalama əməliyyatına başlayıb, Misir və digər ölkələrin də hərbi qüvvələri tezliklə quruda hərbi müdaxiləyə başlaya bilərlər. Riyadda hakimiyyətə yaxın olan bir mənbədən alınan məlumata görə, Səudiyyənin hərbi müdaxiləsi Amerikanın əli olmadan həyata keçirilib. Həmin mənbə "The Daily Beast" xəbər portalına bildirib ki, bu hücumu özləri öz təşəbbüsləri ilə ediblər. Səudiyyənin əməliyyatlar mərkəzində ABŞ-ın istifadə edə biləcəyi insanlar olsa da, məlumat verən şəxs qeyd edib ki, 1990 və 1991-ci illərdə baş tutan "Səhra Qalxanı" adlı əməliyyatlardan fərqli olaraq bu koalisiya ABŞ-ın rəhbərliyi olmadan bir araya gətirilib və hərəkətə keçib. Səudiyyəlilər bu əməliyyata isə "Həlledici Fırtına" adını veriblər. Təkcə Körfəz ölkələri yox, İordaniya, Misir, Mərakeş və hətta Sudan da daxil olmaqla, 10 ərəb ölkəsi əməliyyatda iştirak edib. ABŞ-dan sonra NATO-nun ən böyük hərbi qüvvəsi olan üzv dövlət Türkiyə də əməliyyata qoşula bilər. Bəs Vaşinqton bu müharibəyə qoşulacaqmı? İndi əsas sual odur ki, Vaşinqton daha nə qədər köhnə müttəfiqlərinə qoşulmaqdan imtina edəcək və danışıqlar apardığı Tehranla əlaqələri riskə atacaqmı?
Qərb analitiklərinin təhlillərinə görə, Obama administrasiyasının vəziyyəti ziddiyətlərlə doludur və demək olar ki, müdafiə edilməsi tamamilə mümkünsüzdür. ABŞ bir yandan gizli şəkildə Səudiyyənin Yəmənə hücumu üçün kəşfiyyat dəstəyi verir, digər yandan isə İranın dəstəklədiyi qüvvələrin İraqda qondarma İslam dövlətinə qarşı hücumunu gücləndirmək üçün hərbi hava qüvvələrindən istifadə edir. Ən önəmlisi isə Obama administrasiyası İranın nüvə proqramı ilə bağlı ziddiyətli bir müqavilə haqqında razılıq əldə etməyə çalışır. Yəməndə İrana qarşı birləşmiş ərəb dövlətləri İsrail kimi dəfələrlə xəbərdarlıq ediblər ki, İran nüvə silahları əldə edə bilərsə, onun regionda üstünlüyü ələ almaq ambisiyasının qarşısını almaq mümkün olmayacaq. Səudiyyə Ərəbistanı və müttəfiqləri isə belə düşünürlər ki, son hadisələr İranın atom bombası olmadan belə hərəkətə keçdiyini sübut edir. Livan, Suriya, İraq və Yəməndə İranın dəstək göstərdiyi hərbçilər elə irəliləyiblər ki, Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2017-ci ildə İranda prezidentliyə namizəd olacağı düşünülür. Qəribədir ki, elə keçən il prezident Barak Obama ABŞ-ın Əl-Qaidə ilə əlaqəsi olan terror qruplarına qarşı müharibədə Yəmənin istifadə etdiyi strategiyaları izləməli olduğunu düşündüyünü bildirmişdi. Ancaq ABŞ-a məxsus pilotsuz uçuş aparatları, Xüsusi Əməliyyatlar üzrə Qüvvələr və ABŞ tərəfindən hazırlanmış yerli desant dəstələrinnin Ərəbistan yarımadasında Əl-Qaidəyə qarşı müharibəyə elə başları qarışmışdı ki, onlar İranın və dəstəklədiyi şiə husilərin gücünün artdığını görə bilmədilər. Ötən günlər ərzində ABŞ-ın hərbi qüvvələri tələsik şəkildə Yəməndən çıxarılıb və verilən məlumatlara görə, arxada məxfi sənədlər qoyublar. Senatın Kəşfiyyat Komitəsinin sədri, "The Daily Beast" portalına müsahibə verən senator Riçard Berr Yəməndə baş verən xaotik hadisələri xüsusi vurğulayaraq baş verənlərlə ABŞ-ın heç bir əlaqəsinin olmadığını bildirib. ABŞ-ın dövlət qurumları ilə məsləhətçi kimi çalışmış, "Artis Research" qrupu ilə Yaxın Şərq üzrə analitik işləyən Skot Atran bildirir ki, ABŞ-ın yüksək siyasi dairələrində baş verənlər üçün heç bir hazırlıq olmayıb və şiə-sünni münaqişəsinin daha da böyüdülməsi fikrinə rast gəlməyib. Analitikin sözlərinə görə, Səudiyyəlilər sırf öz varlıqları üçün mübarizə apardıqlarını düşünürlər. Əslində bu, doğrudur. Əsəd rejiminin ən mühüm müttəfiqi olduğu Suriyada və şiələrin üstünlük təşkil etdiyi mərkəzi hökuməti dəstəklədiyi İraqda möhkəmlənən İran indi də Yəməndə güclənir. Bu ölkələr Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşir, daha önəmlisi isə İran tərəfdarı şiə qüvvələri getdikcə üstünlüyü ələ alır və Səudiyyə Ərəbistanının neftlə zəngin Şərq Əyalətində sabitliyin pozulması təhlükəsi yaranır. Şərq Əyalətinin də əhalisinin əksəriyyəti şiədir. Həftənin dördüncü günü neftin qiyməti kəskin şəkildə qalxıb, bu isə qismən Səudiyyə Ərəbistanında neft istehsalının pozula biləcəyi ilə bağlı narahatlıqla əlaqədardır. "Səudiyyəlilər hazırda qorxurlar. Onlar İranla bağlı narahatdırlar" – deyə regiondakı dövlətlərlə əlaqəsi olan ABŞ rəsmilərindən biri bildirib və qeyd edib ki, Riyad hava hücumları ilə bağlı ABŞ-a məlumat vermiş olsa da, onlar açıq şəkildə bildiriblər ki, ABŞ-ın hərbi yardım göndərməsini gözləməyiblər. ABŞ-ın kəşfiyyat birliyinin keçmiş rəhbərlərindən biri isə bildirib ki, ABŞ Yəməndə İrana qarşı döyüşən "komandaya qoşulmalıdır". O deyib: "Biz gərək uzun müddət əvvəl Hadiyə təkcə Əl-Qaidəyə qarşı yox, ən ciddi təhlükə olan husilərə qarşı da yardım edərdik. Bunu etmiş olsaydıq, bu gün vəziyyət belə olmazdı."