Krımda vətəndaş müharibəsi başladı Dünya

Krımda vətəndaş müharibəsi başladı

Rusiyapərəst qüvvələr isə referenduma hazırlaşırlar

Cavid

Krımda martın 16-da keçiriləcək referenduma son hazırlıqlar gedir. Krımın gələcəyini müəyyənləşdirəcək referendum ərəfəsində paytaxt Simferopolda bir canlanma hiss edilir.
Şəhərin bəzi bölgələrində səsvermə ilə əlaqədar plakatlar asılıb. Plakatların əksəriyyətinin asılmasını Rusiya tərəfdarı olan Krım Parlamenti təşkil edib. Ümumilikdə, Simferopolda təbliğat-təşviqat kampaniyası güclü olmasa da, nəzərə çarpır.
Krım əhalisi isə referendumda nəyə səs verəcəklərinə hələ dəqiq qərar verməyiblər. Bəzi sakinlər Krımın da Kiyevə bənzəməsindən qorxduqlarını, lakin Krımın Ukraynanın tərkibində qalmalı olduğunu bildirirlər.
Digərləri isə Rusiyanın Ukraynadan daha güclü dövlət olduğunu əsas gətirərək, Krımın Rusiyaya birləşdirilməsini istəyir. Rəyi soruşulanların bir qismi isə fikirlərinin qarışıq olduğunu bildirərək, referendumda səs verməyəcəklərini bildiriblər.
Krımda keçiriləcək referendumdan sonra Rusiyaya qarşı gözlənilməz və çox ciddi addımlar atılacaq.
Belə bəyanatla ABŞ dövlət katibi Con Kerri çıxış edib. Con Kerri bildirib ki, Krımda referendumun keçirilməsi beynəlxalq qaydaların kobud şəkildə pozulması deməkdir. O, həmçinin Krımdakı referendum BMT xartiyası və Ukrayna konstitusiyasına tamamilə zidd olduğunu deyib.
Qeyd edək ki, Con Kerri bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün Londona gedir.
"Rusiya Ukrayna ilə bağlı mövcud siyasətini dəyişməzsə, bu, sadəcə Ukrayna üçün fəlakət olmayacaq", deyə Con Kerri bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq də Krımda referendumun keçirilməsinin təxirə salınmasını tələb edib. O, bildirib ki, Rusiya yaxın günlərdə Ukrayna ilə bağlı addımlarını dəyişməzsə, bu ölkənin bank hesablarındakı aktivləri dondurulacaq.
Rəsmi Tokio da Rusiyanı BMT qətnaməsini pozmaqda ittiham edib və beynəlxalq sanksiyalarda iştirak edəcəyini istisna etməyib. "Reuters"in verdiyi xəbərə görə, artıq yapon hökuməti müttəfiq ölkələrin qərarını gözləyir. Belə ki, ölkənin xarici işlər naziri Fumio Kişido ölkənin "Nikkei" qəzetinə münasibətini açıqlayarkən bildirib ki, buna səbəb Krımdakı mövcud vəziyyətlə bağlıdır.
XİN rəsmisi qeyd edib ki, yapon hökuməti rəsmi Moskvaya qarşı yönəldiləcək sanksiyalarla bağlı müxtəlif variantlar üzərində işləyir və böyük ehtimalla Avropa İttifaqının və ABŞ-ın sanksiyalarına uyğun qərarlar qəbul olunacaq.
Krım hakimiyyəti isə Ukraynanın Qara və Azov dənizlərindəki neft və qaz yataqlarını nəzarətinə alıb.
Bunu jurnalistlərə açıqlamasında Krım Muxtar Respublikası Ali Şurasının spikeri Vladimir Konstantinov bildirib:
"Bu yataqlar Krım Respublikasının mülkiyyətidir. Biz onları qoruduq. Bu, bizim sahədir və onlar üçün mübarizə aparacağıq".
Onu da bildirək ki, Rusiyanın Krıma qoşun yeritməsi SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovla politoloq Vitali Tretyakov arasında ciddi ittihamlara səbəb olub.
Moskva Dövlət Universitetinin ali televiziya məktəbində dekan işləyən Tretyakov "Komsomolskaya pravda"da Mixail Qorbaçova məktub yazıb. Məktubda bu sözlər yer alır: "Məncə, məhz almanların birləşməsi üçün böyük işlər görmüş Sizin Almaniya kansleri xanım Merkelə və alman siyasətçilərə xahiş etməyinizin vaxtı çatıb ki, Krımın və Sevastopolun Rusiya ilə birləşməsinə mane olmasınlar".
Mixail Qorbaçov da elə həmin gün redaksiyaya məktub göndərib və ona cavab verib. SSRİ-nin eks prezidenti vaxtılə Rusiya liderlərinin onun xəbərdarlıqlarına fikir vermədən, Krımı və Sevostopolu heç xatırlamadan SSRİ-ni dağıtdıqlarını bildirib. "Yeri gəlmişkən, həmin fəlakətli günlərdə Siz və Sizin redaktoru olduğunuz "Nezavisimaya qazeta"nın bir çox müəllifləri eyni mövqeni tutdular. Bu gün də KİV-lərin məsuliyyəti xüsusilə böyükdür. Aranı qızışdırmaq lazım deyil. Gəlin xatırlayaq ki, əsrlərlə bağlı olan iki ölkə, iki xalq barədə söhbət gedir. Onların arasında faciəli düşmənçiliyə yol vermək olmaz",- deyə Qorbaçov qeyd edib.
Krım Tatar Milli Məclisi isə Ukraynanın bütövlüyü üçün aksiya təşkil edib. Ukraynanın "Azadlıq" radiosu xəbər verir ki, krım tatarları Krım referendumuna etiraz ediblər.
Krımda dünən minlərlə adam Rusiyanın apardığı siyasətə etiraz olaraq küçələrə axışıb mərkəzi yollarda "insan zənciri" yaradıb.
Aksiyada yalnız Krım tatarları yox, Ukrayna təşkilatlarından aktivistlər və adi Krım vətəndaşları da iştirak edib.
Rəsmi məlumatlara görə, baş verən hadisələrdən sonra təxminən minə yaxın adam artıq Krımı tərk edib.
Ukrayna hökumət və vətəndaş cəmiyyətinin dəvəti ilə Krımdan qadın və uşaqların Ukrayna bölgələrinə evakuasiyasına başlanılıb.
Moskvanın BMT-dəki səfiri Vitali Çurkin bildirib ki, Rusiya Federasiyasına qoşulub və qoşulmamasından aslı olmayaraq rəsmi Moskva Krımın hüquqlarını müdafiə edəcək. O həmçinin Rusiyanın Ukrayna ilə müharibə etmək istəmədiyini bildirib.
Avropa İnsan Haqları Məhkəməsi isə Ukraynanın Rusiyaya qarşı qaldırdığı iddianı icraata götürüb və öz reqlamentinin 39-cu maddəsinə əsasən bu ölkəyə qarşı müvəqqəti tədbirlər tətbiq edib. Bu tədbirlərə əsasən Avropa İnsan Haqları Konvensiyasının pozulmasına yol verməmək üçün Rusiya Ukrayna ərazisində Ukrayna vətəndaşlarına qarşı istənilən hərbi fəaliyyətlərdən və güc tətbiqindən çəkinməlidir. "Censor.net" saytının yaydığı xəbərə görə, bu barədə Ukraynanın ədliyyə naziri Pavel Petrenko açıqlama verib.
Nazir bu faktın Ukraynanın beynəlxalq məhkəmə instansiyalarında kiçik qələbəsi olduğunu söyləyib: "İndi təkcə dünya siyasəti deyil, beynəlxalq məhkəmə qurumları da Ukrayna ərazisində Rusiya tərəfindən təməl insan haqlarının pozulduğunu təsdiqləyirlər. Bu cür qərarlar çox önəmlidir, çünki Ukraynaya qarşı hərbi təcavüz əmri verən rəhbərlər nə vaxtsa öz vəzifələrindən gedəcəklər, lakin beynəlxalq qanunvericiliyə əsasən belə qərarlar zaman məhdudiyyəti olmadan həmin şəxsləri məsuliyyətə cəlb etməyə zəmin yaradır. AİHM maksimal qısa bir müddətdə qərar qəbul edib. Biz nahar vaxtı müraciət etdik, artıq axşam məhkəmə öz saytında bu qərarı açıqladı. Bizimlə birlikdə fövqəladə dar bir zaman çərçivəsində bu müraciətin hazırlanmasında iştirak edən vəkillər və beynəlxalq hüquqşünaslar qrupuna təşəkkür edirəm".
Krım özünümüdafiə dəstələri isə Ukrayna hərbiçilərinə qarşı odlu silahdan istifadə ediblər.
Qarşıdurmalar zamanı bir fransız jurnalist də həbs olunub. Lakin Krım özünümüdafiə dəstəsi bir neçə saatdan sonra onu azad edib.
Sərhədsiz reportyorlar təşkilatı Krımda olan KİV nümayəndələrinə xəbərdarlıq göndərərək, onları diqqətli olmağa çağırıblar: "Siz hədəfdəsiniz, ehtiyatlı olun!"
Jurnalistin Simferopolda yerləşən hərbi bazalardan birindən azad edilməsi zamanı Ukrayna hərbiçiləri ilə Krım özünümüdafiə dəstələri arasında atışma baş verib. Krım təmsilçilərinin odlu silahdan istifadə etdikləri bildirilir. Bəzi KİV-lər baş verənlərin bölgədə vəziyyətin daha da gərginləşməsinin göstəricisi və hətta vətəndaş müharibəsinin başlanğıcı olduğunu qeyd edirlər.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə deyib ki, Rusiyanı heç kim nə hədələyə, nə də qorxuda bilər. O, bildirib ki, Ukrayna məsələsi Rusiyanın iştirakı olmadan həllini tapa bilməz: "Rusiya Ukraynadakı vəziyyətin həlli yolunu tapmaq üçün ABŞ və Avropa Birliyi ilə danışıqları davam etdirir və etdirəcək. Rusiya ilə Ukrayna arasında sərhədin uzunluğu 2 min kilometrdir. Ukraynadakı qeyri-stabil vəziyyət Rusiyaya da keçə bilər. Ona görə də rəsmi Moskva Ukraynadakı vəziyyətin daha da dərinləşməsinə icazə verməyəcək". Matviyenkonun sözlərinə görə, ABŞ Ukrayna kartından istifadə edərək NATO qüvvələrini Rusiya sərhədlərinə bir az da yaxınlaşdırmaq istəyir: "Halbuki SSRİ dağılarkən qərb ölkələri zəmanət vermişdi ki, NATO qüvvələrinin Rusiya sərhədlərinə yaxın buraxılmasına imkan verməyəcəklər. İndi isə qərb siyasi ikiüzlülük edir".
O da bildirilir ki, Baxçasarayda avtomobil batalyonunun ərazisinə 20 rusiyalı hərbçi soxulub. Onlar ukraynalı əsgərlərdən Rusiyanın tərəfinə keçməyi və ya hərbi hissədən çıxmağı tələb edirlər.
Canköy aerodromu hələ də rusların nəzarətindədir. Donuzlav buxtasının girişində ruslar daha bir gəmini batırıblar. Beləliklə, batırılan gəmilərin sayı 4-ə çatıb.
ABŞ isə Ukraynaya hərbi yardım göstərməkdən imtina edib. Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Kiyev Vaşinqtondan silah partiyası, sursat, rabitə vasitəsi, aviasiya yanacağı, gecə görmə qurğuları istəyib. ABŞ isə bu xahişə rədd cavabı verib. ABŞ yalnız quru ərzaq payı ilə təmin etməyə razılaşılb. Bu yardım yaxın günlərdə başlayacaq. "Hazırda biz Ukraynaya hərbi yardım etməyi müzakirə etmirik. Biz onlara bildirdik ki, yardım yalnız iqtisadi xarakterli ola bilər", - deyə qəzetin ABŞ hökumətində təmsil olunmuş mənbəsi deyib. Ancaq gələcəkdə hərbi yardımın göstərilməsinin mümkünlüyü də istisna edilməyib.
Ukraynalı politoloq Aleksey Blyuminovun fikrincə Rusiya Krımdan yaxın bir neçə il ərzində getməyəcək. O, Krımda yeni Dnesteryanının yaranacağını bildirib: "Rusiya Krımdan yaxın bir neçə il ərzində getməyəcək. Qısası, Ukraynanın cənubunda yeni Dnestryanının yaranması istər-istəməz siğortalanıb. Ukraynaya qarşı daimi informasiya müharibəsi, provokasiyalar davam edəcək. Revanşizm hissi növbəti illərdə keçiriləcək seçkilərdə elektoratın səslərini qazanmaq mühüm rol oynayacaq. Gürcüstan, Azərbaycan, Moldovanın taleyi Ukraynada da təkrarlanacaq".
Qeyd edək ki, artıq Krım Parlamenti özünün müstəqillik haqqında deklorasiyasını qəbul edib.