Avropada yeni dəmir pərdələr çəkilir Dünya

Avropada yeni dəmir pərdələr çəkilir

Devid Pristlend: "Soyuq müharibə dövründə sədlərdən yaxamızı qurtaracağımızı düşünürdük, ancaq onlar bizi yenidən ayırır"

Cavid

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, "Böyük Ukrayna Səddi"nin çəkilməsi vacibdir və burda məqsəd Rusiyanın ölkəyə daxil olmasının və potensial separatçıların çıxmasının qarşısını almaqdır.
İki il əvvəl Ukraynanın bu "səddə" ehtiyacı yox idi. Yaxud, başqa sözlə desək, ehtiyacı olmadığını düşünürdü. Ancaq artıq dövr dəyişib. 12 ay əvvəl sadəcə seçkilər ərəfəsində Poroşenkonun siyasi oyunu olan bu ideyanın artıq həyata keçirilməsi üçün işlər gedir. "Səddin" sərhədləri üçün ilk məftil tez-tez atışmalar gedən Luqansk yaxınlığında yerləşən Xarkovda çəkilib. Əsas plan isə daha böyük miqyaslı, Ukraynanın Rusiya ilə quru sərhədi boyu gedən, səngərlərlə, keşikçi qülləsi və silahlı gözətçilərlə dolu sərhəd çəkilməsidir. Hesablamalara görə, bunun tikintisi üçün 3-4 il vaxt, maliyyələşdirilməsi üçün isə 500 milyon dollar vəsait lazım olacaq. Ukrayna bu pulun təmin edilməsində Aİ-yə ümid bağlayır.
Böyük Britaniyanın nüfuzlu "İndependent" qəzeti bu mövzuya geniş yer ayırıb. Bildirilir ki, Ukraynadan Polşa və Bolqarıstana qədər bütün Şərqi Avropada Sovet vaxtlarında olduğu kimi yenidən "dəmir pərdələr" tikilməyə başlanır. Polşa bu ay Rusiyanın ərazisinə daxil olan Kalininqrad ilə sərhədi gücləndirmək planları olduğunu elan edib. Bunun üçün altı keşikçi qülləsinin əlavə edilməsi planlaşdırılır. Bunlar isə Rusiya ilə onun həmsərhəddi olan Aİ dövlətləri arasında münasibətlərin pisləşdiyini göstərir. Digər tərəfdən isə cənuba doğru Bolqarıstanın Türkiyə ilə cənub sərhədini uzatmaq üçün tikanlı məftil çəkilir. Sofiyada administrasiya bildirir ki, bunu etməkdə məqsədləri Yaxın Şərq və Afrikadan gələn qaçqınların və Suriya ilə İraqda silahlı dəstələrin ölkəyə daxil olmasının qarşısını almaqdır.
Oksford universitetində Sovet tarixindən mühazirələr deyən professor Devid Pristlend bildirir ki, bu sədlərdən soyuq müharibə dövründə çox var idi. Biz onlardan yaxamızı qurtaracağımızı düşünürdük. Ancaq onlar yenidən üzə çıxırlar. O bildirib ki, bunun iki səbəbi var: sərhədlərin hərbiləşdirilməsi və insan axınının qarşısını almaq. Biz 1990-cı illərdə xəyal etdiyimiz kimi bir-birimizlə sərbəst ticarət apardığımız və sərbəst hərəkət etdiyimiz bir dünyada yaşamırıq.
Professorun sözləri ilə razılaşmamaq mümkün deyil. Tamamilə fərqli məqsədlərlə tikilən Bolqarıstan "səddinin" işi daha sürətli gedir. Bu layihə ABŞ-ın Meksika ilə sərhədlərini gücləndirməsi qədər ambisiyalı bir layihədir, belə ki, burda müasir monitorinq sistemindən istifadə ediləcək və Bolqarıstanın Türkiyə ilə cənub sərhədinə 1500 nəfər sərhəd polisi tərəfindən nəzarət ediləcək.
Sərhədin möhkəmləndirilməsi qaçqınların daha təhlükəli marşrutlar axtarmalarına səbəb olacaq. Bir çoxları gələcək aylarda Yaxın Şərqi tərk edənlərin quru yoldan daha çox gəmidən istifadə edəcəklərini düşünürlər. Bu da hal-hazırda İtaliya sularında baş verən faciələri özüylə bərabər gətirə bilər.
Bolqarıstan bu fəaliyyəti üçün əsaslı səbəbin olduğunu iddia edir. Suriyada vətəndaş müharibəsi və Aralıq dənizinin şərq sahillərində yerləşən ölkələrdə silahlı qrupların artması ölkəyə böyük zərər verib. Bolqarıstan sadəcə coğrafi mövqeyinə görə üstünə düşən qaçqın yükünün öhdəsindən gələ bilmir və bütün qaçqınların ilk daxil olduqları Aİ ölkəsində qalmaları direktivinə etiraz edir.
Bu, bir yandan sadəcə bir arqumentdir. Vətəndaş müharibəsinin başlamasından bu yana 15 mindən çox suriyalı qaçqın qanunsuz şəkildə Bolqarıstana daxil olub. Ən azı 4 mini isə qaçqın mərkəzlərində qalır. Ona görə də, Bolqarıstanın öz qonşularından fərqli olaraq, qaçqın axınını qəbul etməməsi o qədər də təəccüblü hal deyil.
Verilən məlumatlara görə, sədd öz nəticəsini göstərir. 16 ay əvvəl iş başlamazdan əvvəl Bolqarıstana bir gündə əksəriyyəti suriyalı, kürd, iraqlı olan 100 qaçqın gəlirdisə, indi bu rəqəm bir həftə üçün 150-dir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) isə bildirir ki, Bolqarıstan artıq bu işin öhdəsindən gəlməyə başlayırdı. 2013-cü ildə qaçqınların qəbul edilməsi çətin olsa da, hal-hazırda komissarlığın köməyi və Aİ-nin maliyyə dəstəyinin artırılması ilə qaçqın mərkəzlərinə gələnlər gündə iki dəfə yeməklə təmin edilir və təmirli binalarda yaşayırlar.
Bolqarıstanın şimalına doğru eyni məqsədlə başqa bir sərhəd də möhkəmləndirilir. Polşada, Qdansk yaxınlığında böyük bir planın ilk xətləri çəkilir. Bu ay Polşa rəsmiləri tərəfindən irəli ürülən ideya ilə Rusiyanın Kalininqradla 200 km uzunluğundakı sərhədə nəzarət etmək üçün 50 m hündürlüyündə altı keçikçi qülləsinin ucaldılması nəzərdə tutulub.
Polşanın qorxusu odur ki, Rusiya Kalininqradı silahla təmin edir. Mart ayında Kremldə müdafiə rəsmilərindən biri elan edib ki, region tezliklə İsgəndər raketləri ilə təchiz ediləcək. Polşa da Baltik dövlətləri kimi bu addımın ciddi olduğunu düşünür. Litva prezidenti ballistik silahların Berlinə qədər çata biləcəyi ilə bağlı narahatlığını bildirib. Qeyd edildiyi kimi Polşa sərhədini möhkəmləndirməklə cavab verir. İyun ayında ucaldılmağa başlanacaq altı keşikçi qülləsi üçün 14 milyon zlot xərc çəkiləcək və bu maliyyənin 75 faizi Aİ-nin Xarici Sərhədlər Fondu tərəfindən qarşılanacaq.
Rusiyalı analitik Ben Cudah düşünür ki, silahla təmin edilmə məsələsi Polşanın keçikçi qülləsi layihəsinin arxasında duran səbəblərdən yalnız biridir. O bildirir ki, Kalininqrad və Rusiya arasında hələ də sıx əlaqələr var və Polşa bundan narahatdır.
Bəziləri düşünür ki, ötən beş il ərzində Rusiya və Polşa arasında əlaqələrin yaxşılaşmasını nəzərə aldıqda, sərhədlərin möhləmləndirilməsi hər iki ərazi üçün geriləmə deməkdir. 2013-cü il kimi yaxın bir zamanda Kalininqrad sakinləri Aİ-yə üzv qonşuları ilə vizasız keçid arzusunda idilər. Dənizkənarı şəhər Qdanskda tətillər keçirilir, sərhədlərlə bağlı qaydaların yüngülləşdirilməsi qeyd edilirdi. Artıq Kalininqrad sakinləri Moskvaya gedib viza almadan bir neçə müxtəlif səyahət üçün qərb tərəfə keçə bilirdilər.
Ben Cudah bunlarla bağlı bildirir: "Təəssüflü haldır. Son vaxtlara qədər Polşa Rusiya ilə daha sıx əlaqələrin qurulmasına çalışırdı. Kalininqrad və Polşa Rusiya və bəzi Aİ ölkələri arasında vizasız səyahətin mümkün olub-olmayacağının yoxlanılması üçün bir sınaq idi."
Ümumiyyətlə regionda bu tendensiya yayılıb. Belə ki, bu ilin əvvəli Litva "Baltik dövlətlərində hazırkı geosiyasi şəraitlə" bağlı narahatlıqlar üzrə hərbi çağırışı yenidən təqdim edib. Latviyanın müdafiə naziri də oxşar addımlar atıb. Estoniyalılar, demək olar, təxribatçı şəkildə müdafiə mövqeyinə keçiblər.