Rusiya və Amerika arasında hərbi qarşıdurma ola bilərmi? Dünya

Rusiya və Amerika arasında hərbi qarşıdurma ola bilərmi?

Hər iki ölkənin bir-birini xəritədən silə biləcək potensiala sahib nüvə arsenalı var

Cavid

Rusiyanın Ukraynadakı əməliyyatlarına ABŞ-ın qarşılıq verməsi ABŞ və Rusiya arasında hərbi qarşıdurmaya səbəb ola bilərmi? Belə bir ehtimal ağlasığmazdır. İraq, Liviya və Suriyada göründüyü kimi siyasi liderlər narahatlıq yaradan məsələləri təsəvvürlərinə gətirməkdə çox vaxt çətinlik çəkirlər.
Ukrayna ilə bağlı Rusiya ilə yaranan qarşıdurma haqqında getdikcə yayılan fikirlər bu modelə uyğun gəlir. Slobodan Miloseviç, Səddam Hüseyn və Müəmmər əl-Qəddafinin hakimiyyətdən devrilmələri amerikalıların əksəriyyəti üzərindəki birbaşa təsiri məhdudlaşdırdığından o qədər də təəccüblü deyil ki, ABŞ siyasətçiləri və analitiklərinin əksəriyyəti fərz edir ki, Ukrayna ilə bağlı Rusiyaya etiraz edilməsi və Moskvanın beynəlxaq ictimaiyyətdən təcrid edib iqtisadi baxımdan şikəst edilməsinin əvəzi o qədər böyük olmayacaq. Hər şeydən əvvəl, Vaşinqtonda Rusiya məsələsi hər açılanda deyilən cümlə çox vaxt bu olur ki, Rusiyanın artıq elə də əhəmiyyəti yoxdur. Paytaxtda Rusiyanı alçaltmaqdan ən çox zövq alan İslam dövləti və ebola virusu ilə birgə Rusiyanı fəlakət siyahısına salan Obamadır. "National İnterest" qəzeti yazır ki, bütün bunlara baxmayaraq, Rusiya ABŞ-ın rejim dəyişikliyini dəstəklədiyi digər ölkələrdən çox fərqlidir. Birincisi və ən önəmlisi, Rusiyanın ABŞ-ı sözün əsl mənasında xəritədən silə biləcək potensiala sahib nüvə arsenalı var. ABŞ-ın da belə potensialı var. Bir çox amerikalı beynəlxalq siyasi fəaliyyətdə nüvə silahlarına artıq ehtiyac olmadığına özünü inandırsa da, Moskvadakı rəsmilər və generallar fərqli düşünürlər. İkincisi, amerikalıların öz ölkələrini necə görmələrindən asılı olmayaraq, ruslar öz ölkələrini böyük qüvvə hesab edirlər. Böyük qüvvələr isə başqa dövlətlərin strategiyaları üçün vasitə olmağa nadir hallarda razı olur, mümkün olan yerlərdə öz talelərini özləri həll edirlər. Hazırkı münaqişənin müharibə səviyyəsinə necə çatmasını dəyərləndirərkən üç əsas faktor nəzərə çarpır: Rusiyanın qərarları, Rusiyanın siyasi fəaliyyəti və ABŞ və Rusiya arasındakı əlaqələrin gedişatı. Rusiyada qərarların qəbulu ilə əlaqədar onu demək olar ki, Putin həm ölkə daxilində, həm də ölkə xaricində birtərəfli qərar verməsi ilə tanınır. Belə ki, Putin çox az müşavirdən fikir alır, bu müşavirlərin heç biri isə onun fikirlərinə etiraz etməyə hazırlıqlı olmur. Bu proses də Putinin bütün nəticələri, mənfi və müsbət tərəfləri tam şəkildə nəzərə alaraq qərar qəbul etməsinə kömək etmir. Bundan başqa, Rusiyada həm elit, həm də ictimai səviyyədə siyasi mühit Putini güzəştə getmək əvəzinə tələbləri artırmağa cəsarətləndirir. Getdikcə daha çox hərbi və milli-təhlükəsizlik rəsmiləri Ukrayna böhranında ABŞ və Avropaya qarşı daha sərt münasibəti dəstəkləyir. Bu, onların baş nazir müavini İqor Şuvalov və xarici işlər naziri Sergey Lavrov kimi nisbətən mötədil rəsmilərə hücumlarında açıq-aydın görünür. Onların fikrinə görə, mötədillər ABŞ-la Avropanın Rusiya üçün yaratdığı təhlükənin böyüklüyünü görmürlər. Onlar Krımda olduğu kimi hərbi gücdən istifadə etməklə Rusiyanın maraqlarını irəli aparmağı və Moskvanın şərtlərini qəbul etməsi üçün Qərbə təzyiq göstərməyi tövsiyyə edirlər. Getdikcə daha çox millətçiliyə yönələn Rusiya cəmiyyəti də bu yanaşmanı dəstəkləyir. Putin öz vətənpərvər çıxışları və Qərbi sərt şəkildə ittiham etməsilə bu millətçi hisslərin artmasına səbəb olub. Beləliklə, Rusiyada həm hərbçilər, həm də sıravi vətəndaşların bir çoxu Rusiyanın nüvə arsenalından təkcə təhlükəsizlik vasitəsi kimi yox, eyni zamanda nüvə silahı olmayan və ya nüvə bombasını partlatmaq haqqında düşünməyən başqa qüvvələrə qarşı istifadə edilməsinin tərəfdarıdır. Gözləntilərin əksi kimi görünsə də, Rusiyanın zəifləyən iqtisadiyyatının cəmiyyətin güzəştə gedilməsi üçün təzyiq göstərməsinə səbəb olacağı ehtimalı da azdır. Digər tərəfdən, enerji qiymətlərinin aşağı olması nəticəsində iqtisadiyyata dəyən zərər Putinin xarici siyasətdəki rahatlığını azaldır. Rusiya prezidenti göstərməlidir ki, ölkəsinin çəkdiyi əziyyətə dəyib. Geri çəkilməsi isə Putinin yaratdığı "güclü şəxsiyyət" obrazına ciddi zərər verə bilər. Ruslar sanksiyaların Putindən daha çox sıravi vətəndaşlara zərər verdiyini düşnür və liderlərinin təslim olmasını yox, mübarizə aparmasını istəyirlər. Bir çoxları üçün Rusiyanın ləyaqəti təhlükədədir.
Əsas sual isə budur ki, Putin kimi dəstəkləyəcək? Nisbətən mötədil qrupları, yoxsa güc tətbiqinin tərəfdarı olanları? Putin indiyə qədər iki qrup arasında bərabər fəaliyyət göstərib. Belə ki, separatçılara məhdud da olsa, effektiv dəstək göstərən Rusiya eyni zamanda Qərblə, yaxud ən azından Avropa ilə əlaqələrini bərpa etməyə ümid edib. Hazırda üstünlüyü saxlayan mötədillər heç də az rol oynamayıblar, belə ki, Putin həm nazirlər kabinetində, həm də prezident administrasiyasında hökumətini möhkəm saxlayıb. Putinə sadiq və onun istəklərini həyata keçirməyə hazır olan komanda əsas etibarilə, iqtisadi sahədə Qərblə qarşılıqlı asılılıq yaratmaqda və ABŞ-la onun müttəfiqləri tərəfindən formalaşdırılan dünya nizamında Rusiyanı əsas qüvvələrdən birinə çevirməkdə təcürbələri olan rəsmilərdən ibarətdir. Xarici işlər naziri Lavrov və digərləri daha praqmatik yanaşma ilə bildirirlər ki, Rusiya açıq qapı qoyarsa, Moskva ABŞ və Avropa ilə hələ də iş görə bilər. Güc tətbiqinin tərəfdarları isə buna etiraz edərək təkidlə bildirirlər ki, Qərb Rusiyanın siyasətinin yumşaldılmasını zəiflik hesab edəcək. Özlərini realist kimi qələmə verən bu qrup iddia edir ki, NATO Putini devirməkdə qətiyyətlidir. Putinin indiyə qədər fəaliyyətini kəskin şəkildə dəyişmək istəməməsi onun Şərqi Ukraynada apardığı, Rusiyanın münaqişəyə rəsmi şəkildə girməyinə ehtiyac olmadan separatçılara kömək edən hibrid müharibəni izah edir. Bu, eyni zamanda separatçılara hərbi yardım göstərdiyini inkar etməsini də urğulayır. Ancaq Putinin həm mötədillərin məqsədlərini izləməsi, həm də Ukraynadakı separatçılara kömək etməyə çalışması sonsuza qədər davam edə bilməz. Putinin müşavirləri Qərb-Rusiya əməkdaşlığının bərpa ediləcəyi ümidlərini getdikcə itirirlər, çünki ABŞ və Qərb liderləri Rusiyanın minimal tələblərini belə qarşılayacaq heç bir həll yolunu qəbul etməyəcək. ABŞ və Avropa İttifaqının sanksiyaları qaldırması həmişəki kimi biznesi bərpa etsə belə, Rusiyanın "qürurundan" əl çəkib güzəştə getməsini istəyəcəklər. Ancaq Rusiyaya qarşı sanksiyalar, maliyyə bazarlarından təcrid və Qərb texnologiyasından məhrumedilmə davam etdirilərsə, Rusiya öz müstəqil yolunu izləməli olacaq. Putin isə hələ Qərbin tələbləri ilə razılaşmaq və birbaşa münaqişəyə girib Ukraynadan kənarda belə Qərbin maraqlarına qarşı güc tətbiq etmək arasında qərar verməyib.