Sanksiyalar Rusiyanı durduracaqmı? Dünya

Sanksiyalar Rusiyanı durduracaqmı?

Elşən Həsənov: "İndiki halda Qərbin Rusiya ilə açıq hərbi qarşıdurmaya getməsi sonu bilinməyən fəlakətə çevrilə bilər"
Azad Əliyev: "Kremlin təcavüzkarlığı onun özünün daxilində parçalanma meyllərini artıracaq"
Azər Rəşidoğlu: "ABŞ-ın "yumşaq diplomatiyası" dünya siyasətində yeni oyunçuları mövcud boşluğu doldurmağa sövq edir"

Qərb Rusiyaya qarşı bütün istiqamətlərdə sanksiyalara start verib. Avropa Birliyi (AB) ölkələri xarici işlər nazirlərinin bəyanatında bildirilir ki, Avropa Birliyi Rusiya silahlı qüvvələrinin təcavüz aktları nəticəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını qətiyyətlə pisləyir. Nazirlər Rusiya Federasiya Şurasının Ukraynada ordudan istifadə etmək barədə qərarının BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına zidd olduğunu bəyan ediblər.
ABŞ hökuməti isə Ukraynaya hərbi təcavüz edən Rusiya ilə ticarət-investisiya danışıqlarını və hərbi əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi - Pentaqon da Rusiya ilə hərbi əməkdaşlığı dayandırdığını açıqlayıb. ABŞ Senatı Rusiya banklarına qarşı maliyyə sanksiyalarının tətbiqi, dövlət idarələri və fərdi investorların aktivlərinin dondurulması məsələsini müzakirə edib.
Ümumiyyətlə ABŞ və Avropa Birliyinin sanksiyaları Rusiyanın mövqeyinə təsir göstərə biləcəkmi? Qərb nə üçün sərt tədbirlərə əl atmaq istəmir?
Politoloq Elşən Həsənov bilddirdi ki, Gürcüstan hadisələrindən sonra Ukraynada baş verənlərə Qərbin mövqeyinin sərt olacağı verilən bəyanatlardan da görünməkdədir: "Artıq Qərb, Rusiyanın etdiklərinin cavabsız qalacağı halda, bu dövlətin etdiyi azğınlıqların daha geniş vüsət alacağının fərqindədir. Sanksiyaların tətbiqi sözsüz ki, Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Sadəcə burada zamana ehtiyac var. O dediyimiz zaman, Rusiyanı yeni ərazilər işğalından çəkindirməyə və onu yerində oturtmağa yetərli olacaqmı? Əsas məsələ də elə bundan ibarətdir. İndiki halda Qərbin Rusiya ilə açıq hərbi qarşıdurmaya getməsi sonu bilinməyən fəlakətə çevrilə bilər. Ruslar bunu daha yaxşı ifadə edirlər - Rusiyanı ağılla başa düşmək olmaz! İndiki halda faktiki olaraq Krımda referendumun nəticələri Rusiyanı qane edir. Ukraynanın şərq əyalətlərinin işğal mexanizminin işə düşməsi isə qeyd etdiyim kimi daha ağır nəticələrə - bəlkə də Qərb-Rusiya hərbi qarşıdurmasına gətirib çıxaracaq. Hər hansı bir halda Rusiyanın məğlubiyyəti qaçılmazdır. Qərblə üz-üzə qalmış Rusiya ya uzun sürən hərbi münaqişədən uduzmuş halda çıxacaq, ya da danışıqlara gedərək sülh əldə etməyə çalışacaq ki, bu da daxildə Rusiyanı parçalanma təhlükəsi ilə üz-üzə qoya bilər".
Siyasi şərhçi Azad Əliyev bildirdi ki, bu gün Avropa Rusiya və ABŞ istər siyasi istərsə də iqtisadi və digər sahələrdə bir-birləri ilə sıx bağlıdırlar: "Ukraynada yaşanan siyasi böhranın başlıca səbəbi və hələ də həllini tapmaması Rusiya və Qərbin Kiyevin ərazi bütövlüyünü tanıması və ya Krımdakı rusların hüquqlarının qorunması ilə bağlı mövqelərin üst-üstə düşməməsi ilə bağlı deyil. Əslində nə Rusiya nə də Qərb sadə ukraynalıları və orada yaşayan etnik azlıqları fikirləşmir. Hər bir dövlət özünün maraqlarının təmin olunmasına çalışır. Hər iki tərəf anlayır ki, Ukraynanın əldə edilməsi bölgədə bir çox şeyi dəyişəcək. Yuxarıda qeyd etdiyimiz iqtisadi və siyasi bağlılıq isə Qərbin Rusiyaya tətbiq etdiyi və tətbiq etməyə hazırlaşdığı sanksiyalar oyunun sadəcə bir şou olduğunu göstərir. Yəni ABŞ və Avropa artıq Krımın Rusiyaya birləşdirilməsi ssenarisi ilə barışıb. Fikir versək görərik ki, hazırda Rusiyanın əlində enerji əsirinə çevrilmiş Qərbi Avropa və iqtisadiyyatı son böhrandan sonra hələ də çox zəif düşmüş ABŞ böhran yaşanandan bəri ehtiyatlı mövqe sərgiləyərək Putini daha da qızışdırmamağa çalışırlar. Bunu bilən Kreml isə mövqelərini daha da gücləndirir və istədiklərini edir. Lakin sanksiyaların tutarlı təsiri olmasa da, Kremlin təcavüzkarlığı onun özünün daxilində parçalanma ehtimallarını artıracaq. Vaxtilə Yeltsinin Tatarıstanda başlamış hərəkatın qarşısının alması və tatarların üsyan etməməsi üçün onların liderlərinə necə yalvardığı yaddaşlardan silinməyib. Bu gün Rusiya üçün ən böyük təhlükə məhz sanksiyalar yox, onun özünün daxilində başlaya biləcək etnik qarşıdurmalar və üsyanlardır".
Siyasi şərhçi Azər Rəşidoğlu vurğuladı ki, Kremlin şişən ambisiyaları Vaşinqtonu Rusiyaya qarşı çıxmağa vadar edir. Bu isə hələlik müşahidə olunmur: "Odur ki, "ABŞ Rusiya qarşısından niyə geri çəkilir?" sualına cavab tapa bilməkdən ötrü Obamanın komandasına ötəri nəzər yetirmək kifayət edir. Ağ Ev sahibinin komandasında "əsas səhmlərə" iqtisadçılar malikdir, güc nazirlikləri nümayəndələrinə elə də diqqət yetirilmir. Ümumiyyətlə, Obama uzun oyunlar oynamağı sevir. Corc Buşdan fərqli olaraq, Barak Obama xarici siyasətdə hərbi gücdən daha çox maliyyə təzyiqlərindən istifadə edir. Rəqiblərini danışıqlara başlamağa vadar etmək Obamanın əsas prinsipidir. İrana iqtisadi təzyiqlərini artıran Obama Tehranı da danışıqlara vadar edə bildi. Lakin Rusiyanın imperiyanı bərpa etmək istiqamətindəki son addımları Obama strategiyasına təhlükə törədir. "Krım böhranı" da sübuta yetirdi ki, Obama strategiyası məğlubiyyətə uğramaqdadır. Rusiyanın dünyadan təcrid olunacağı, ağ bayraq qaldıracağı barədə Obamanın dediklərinə artıq ABŞ siyasətinin qırğıları da ironiya ilə yanaşırlar. ABŞ-ın "yumşaq diplomatiyası" dünya siyasətində yeni oyunçuları mövcud boşluğu doldurmağa sövq edir. Obama strategiyası Yaxın Şərqdə də ağır zərbələr aldı. Suriya lideri Bəşər Əsəd növbəti dəfə prezident seçkilərində iştiraka hazırlaşır. İndi də Obama strategiyası MDB məkanında məğlub olmaq üzrədir. Lakin Obama strategiyası tamamilə yeni modellər üzərində qurulub. Vaşinqton Fars körfəzindən əlini çəkə, İranla münasibətləri normallaşdıra və bu oyunda İsraili qurban verə biləcəyini nümayiş etdirir".
Onun fikrincə, bu gün Obama strategiyasının Rusiya ilə toqquşmada məğlub ola biləcəyi ehtimalı da yaranıb: "Lakin Obama iqtisadi təzyiqlərin daha böyük effekt verə biləcəyindən danışır. Obama tərəfdarları belə bir fakta diqqət çəkirlər ki, rus rublu xeyli aşağı düşüb, Rusiya xarici ölkələrə əvvəlki kimi məhsul çıxara bilmir, bütün şərtlər Moskvaya qarşı sanksiyaların ola biləcəyini ehtimal etməyə əsas verir. Bunlar isə Kremli danışıqlara vadar edəcək şərtlərdir".

Əli