Aramızdakı terroristlər Dünya

Aramızdakı terroristlər

ABŞ-ın terror qorxusu

Cavid

Amerikalılar ABŞ-a hücum ediləcəyi ehtimalından qorxmaqda haqlıdırlar – sadəcə bu səfər hücum İslam Dövləti tərəfindən olmayacaq. 11 sentyabrdan bəri terrorizm amerikalılar üçün qorxu mənbəyi olub. Gələcək aylarda ölkə daxilində terror hücumu ehtimalının gerçəkləşəcəyini, eləcə də, 11 sentyabr hücumundan sonra ölkədə təhlükəsizlik səviyyəsinin aşağı olduğunu düşünənlərin sayı artıb. Bu dəyişiklik avqustun sonu, sentyabrın əvvəli İslam Dövləti tərəfindən iki ABŞ vətəndaşının boynu vurularkən qeydə alındığı videoların yayılması ilə birbaşa əlaqədardır. Amerikalıların 94 faizi bu video haqqında çıxan xəbərləri görüb və ya eşidiblər. Bu göstərici isə son beş ilin ən yüksək göstəricisidir. Vətəndaşlar arasında qorxunun artmasına baxmayaraq, bir sıra ABŞ rəsmiləri bildirib: "İslam Dövlətinin ABŞ-a hücum etmək planı olması barədə heç bir etibarlı məlumatımız yoxdur.
"Foreign Policy"in araşdırmasına görə, İslam Dövlətinin yaydığı videoların nəticələri sürətli şəkildə özünü göstərdi və belə görünür ki, terrorizm qorxusu "müharibədən bezmiş" ölkənin mövqeyini hərbi tədbir görülməsinə doğru dəyişdirdi. Belə ki, videoların yayımlanmasından əvvəl və sonra aparılan rəy sorğuları göstərdi ki, ABŞ-ın hava hücumlarına dəstək 52 faizdən 78 faizə, quru qoşunlarının səfərbər edilməsi üçün dəstək 19 faizdən 44 faizə və Suriya üsyançılarına silah təmin edilməsi üçün dəstək 25 faizdən 62 faizə yüksəlib. Bu hal təəccübləndirici deyil, çünki hər gün televiziyada qorxu yaradan xəbərlərə məruz qalan insanların aqressiv xarici siyasəti dəstəkləmələri normaldır. Eyni zamanda Amerikanın strateji ehtiyatlarında istifadə olunmamış qüvvələr var. İslam Dövlətinin yüksək təsirə malik olan təbliğat xarakterli videoları yayımlamasından bu yana ABŞ prezidenti Barak Obama Suriyaya bombalama əməliyyatlarının genişləndirilməsinə icazə verib, Pentaqon İraqa daha 475 qüvvə göndərib, Konqres isə Suriya müxalifətinin lazımi qaydada yoxlanılmış 5000 üzvünün maliyyələşdirilməsi üçün razılıq verib. İki həftə içində Ağ Ev, Konqres və Amerika xalqı terror təşkilatına qarşı Pentaqon rəsmilərinin illərlə davam edəcəyini qəbul etdikləri, nə vaxt sona çatacağı bəlli olmayan hərbi müdaxilə başladılmasının tərəfdarı idilər.
Terrorizmə qarşı bu dərəcədə artan qorxunu sön dövrlərdə ABŞ-da baş vermiş, qəddarlıqla törədilmiş üç hadisəylə qarşılaşdıraq. Sentyabrın 18-i, günorta saat 3:30-dan sonra Floridanın Bell şəhərində yaşayan Donald Spirit qanunsuz əldə etdiyi 45 çaplı tapança ilə əvvəlcə qızını, sonra isə onun altı uşağını güllələyərək qətlə yetirir. Daha sonra isə 911-ə zəng vuraraq törətdiyi qətllər haqqında məlumat verən cinayətkar deyir: "Siz gələnə qədər oturub gözləyəcəm, bura çatanda isə özümü də gülləyəcəm." O, həqiqətən də dediyini edir. Bundan səkkiz il əvvəl Uşaqlar və Ailələr üzrə Florida Şöbəsi uşaqların tərk edilmələri, istismara məruz qalmaları və baxımsızlıqla üzləşmələri ilə bağlı 18 araşdırma aparmışdı. Bipolyar pozuntu diaqnozu qoyulan Spirit 6 insidentdə iştirak etmiş, üçünü isə özünün törətdiyi iddia edilmişdi. 2013-cü ildə isə onun nəvələri ilə təkbaşına görüşməsinə icazə verilməməsi məsləhət görülmüşdü. 13 il əvvəl sonda ov qəzası kimi qərarlaşdırılan insidentdə oğlunu güllələyərək ölümcül yaralamışdı. Qanunsuz odlu silah saxladığı üçün üç il həbs cəzası verilmişdi. Sentyabrın 25-i Alton Nolen Oklahoma ştatının Mur şəhərində yerləşən Vaughan Foods qida emalı zavodundakı işindən kənarlaşdırılır. Belə ki, Nolenin iş yoldaşı Traki Conson insan resursları şöbəsinə Nolenin "ağ dərili insanları xoşlamaması" üstündə yaşadığı mübahisə ilə bağlı şikayət ərizəsi təqdim edir. İşdən kənarlaşdırıldıqdan sonra Nolen böyük bir bıçaq götürmək üçün evinə gedir. Günorta saat 4:15-də zavoda qayıdır, ön tərəfdən zavoda daxil olur, işçilərdən biri Kollin Haffordu arxadan tutub bıçaqla boğazını kəsməyə başlayır və qurbanın başını bədənindən ayırır. Nolen bunları öz ifadəsində bildirib. O deyib ki, daha sonra Oklahoma əyalətinin ehtiyat zabiti ona üç dəfə tüfənglə atəş açana qədər Consonun da boğazını və üzünü kəsir. Nolen 2011-ci ildə Oklahomada ərəb dilində cümlələr deyərək əyalət polisinə hücum edib onu döydüyünə görə 2 il həbs cəzası çəkərkən islam dinini qəbul edib. Klivlend əyalət prokuroru bildirib ki, Nolenin törətdiyi qətllər günün əvvəlində işdən kənarlaşdırılması ilə əlaqəli olub. Üç cinayətdə ittiham olunan Nolenə ölüm cəzası verilməsi haqqında düşünülür.
Federal Aviasiya Administrasiyası podratçılarından biri üçün sahə texniki olan Brayan Hovard sentyabrın 26-sı, səhər saat 5:06-da hava marşrutu nəqliyyatına nəzarət mərkəzinə daxil olur, içində bir neçə bıçaq, dörd litr benzin, dəsmallar və alışqan olan bir çanta çıxardır. Yarım saatdan sonra Facebook sosial şəbəkəsində mərkəzdə edəcəkləri ilə bağlı xəbərdarlıq yazır. O deyir ki, "terroristlər və üçüncü dünya ölkələrinin bizə nifrət etmələrinin səbəbi ABŞ hökumətinin əxlaqsız hərəkətləridir, çünki bizim ödədiyimiz vergilər dinc şərait yaradılması üçün yox, qarışıqlıq yaradılması üçün sərf edilir. Buna görə də, təhsil, iş və yaşadıqları həyat tərzi baxımından bizim kimi eyni imkanlara sahib olmayan insanların bizdən intiqam almalarına layiqik." Dəqiqələr sonra Hovard məlumat və kommunikasiya kabellərini kəsir, kompüter avadanlığını məhv edir və kabelləri benzinə batırılmış dəsmallara sarıyaraq yanğın başladır. Tibb işçiləri yerdə biləkləri kəsilmiş vəziyyətdə tapdıqları Hovardın öz boğazını kəsməyə çalışarkən görürlər. Hovardın iş yoldaşları belə hesab edirdilər ki, o, Havay ştatına gözlənilən transferi lə bağlı məyus olmuşdu. Hovardın törətdikləri böyük zərər dəymiş obyektdən asılı olan yüzlərlə sərnişin təyyarəsinə də ağır zərbə vurdu. FAA administratoru bu insidenti təxribat adlandıraraq bildirmişdi: "Bu insidentin törədilməsində məqsəd milli hava məkanı sisteminin əsas infrastrukturuna bilərək və istəyərəkdən zərər vurulmasıdır."
Hücumdan sonra keçən dörd gün ərzində 3900 uçuş ləğv olunmuş, iqtisadi baxımdan isə 1123 milyon dollar itirilmişdir. Heç şübhəsiz, əgər bu insidentlərdən hər hansı biri birbaşa İslam Dövlətinin işi olsaydı, xaricdə hərbi hədəflərin artırılması, ölkədə isə vətəndaş azadlıqlarının məhdudlaşdırılması üçün ölkə səviyyəsində çağırış olardı. Ancaq artıq terrorist qrupların etmək arzusunda olduqları hadisələrə bərabər olan, lakin əqli sağlamlığında problemləri olan və keçmişdə də cinayət hadisələri törətmiş amerikalıların səbəb olduqları dəhşətli hallara öyrəşilib.