Azərbaycan ərazisində yaşayan azsaylıq xalqlar və Vikipediya Hadisə

Azərbaycan ərazisində yaşayan azsaylıq xalqlar və Vikipediya

Hər hansısa məlumatı axtaran zaman ilk müraciət edilən ünvanlardan biri olan Vikipediya Elektron Esiklopediyası və ya qısaca Vikipediya bu gün 319 müxtəlif dil bölməsində fəaliyyət göstərir. İstifadəçilərin könüllü əsaslarla fəaliyyət göstərdiyi və məqalələr yaratdığı elektron ensiklopediyanın Azərbaycanca dil bölməsi və ya daha çox adı ilə tanınan Azviki 2006-cı ilin oktyabr ayından etibarən az.wikipedia.org domen başlığı altında fəaliyyətə başlayıb və bu gün Azvikidə 181 mindən çox məqalə, 15 idarəçi və 1.000-dən çox aktiv istifadəçi çalışmaqdadır.

Vikipediya sırf könüllü bir layihədir və burada məqalə yazan, hansısa mövcud bir məqaləyə düzəlişlər edən insanların əsas məqsədləri daşıyıcısı olduqları ana dillərini qorumaq və həmin dillərdə daha çox internet resursu formalaşdırmaqdan ibarətdir. Bu baxımdan Azərbaycanda yaşayan müxtəlif xalqların dillərində də, müstəqil vikipediya layihələrinin olması diqqət çəkən məqamlardan biridir. Belə ki, Azərbaycan Respublikası ərazisində danışılan dillər arasında avarca və ləzgicə vikipediyaların müvafiq Vikipediya Ensiklopediyaları artıq yaradılıb.

2009-ci ildən etibarən av.wikipedia.org saytı Azərbaycanda 50 minə yaxın daşıyıcısı olan avar xalqının elektron ensiklopediyası kimi fəaliyyət göstərməkdədir. 2012-ci ilin 27 mart tarixində isə Vikimedia Fondunun Vikiİnkubator şöbəsi tərəfindən ləzgicə vikipediyanın təsdiqlənməsi və ensiklopediyanın lez.wikipedia.org domen başlığı altında fəaliyyətə başlamasından sonra siyahı daha da genişlənmişdir. Bu gün ana dili avarca və ləzgicə olan insanlar sadə bir internet bağlantısı və bir kiçik komputer hesabına öz ana dillərində olan Vikipediyada rahat formada fəaliyyət göstərə bilirlər. Bu baxımdan ləzgicə vikipediyada müsbət mənada fərqlənməkdədir. Belə ki, Ləzgicə vikipediyada idarəçi olan şəxslərdən biri Azərbaycanda yaşayır və Quba-Qusar bölgəsində bu saytın oxucuları və redaktorları arasında kifayət qədər insanlar vardır.

Təəssüf ki, yuxarıda olan iki pozitiv nümunə talışca vikipediya ilə bağlı mövcud deyil. Vikimedia fondu talışca vikipediyanın açılması üçün hər hansısa maneə və ya problem yaratmır, əksinə saytın açılması üçün ana dili talışca olan insanları hər zaman təşviq etməyə çalışmışdır. Talışca vikipediya yarı-müstəqil lahiyə kimi 10 ilə yaxındır ki, Vikiİnkubatorda açılacağı günü gözləməkdədir.

Layihənin müstəqilləşməmə səbəblərindən danışan zaman 2015-ci ilin yay aylarında Facebook sosial şəbəkəsində baş vermiş bəzi hadisələrə nəzər salmaq lazımdır. Belə ki, həmin vaxtlarda facebookda mərkəzləşmiş və əsasən Rusiya Federasiyası ərazsisində yaşayan bir qrup talış facebookda yaratdıqları gizli qrup üzərindən lahiyənin açılması üçün ciddi fəaliyyət göstərirdilər. Qısa bir müddətdə onlara Azərbaycanda yaşayan talışlar da qoşulmuşdur. Zamanla Rusiyadan fəaliyyət göstərən qrupun niyyətlərinin başqa olduğu və bu layihəni bir siyasi alət kimi gördükləri üzə çıxdıqca tərəflər arasında anlaşılmazlıq yaşandı və həmin işbirliyi demək olar ki, başlamadan bitdi.

Yaranmış xoşagəlməz vəziyyətdən narahat olan Azərbaycanca Vikipediyanın bir qrup aktiv idarəçisi və istifadəçisi mövzuya aid olmasalar da talışca vikipediyanın açılmasına qarşı səslər verdilər və fikirlərini bu dilin kifayət qədər inkişaf etməməsi və bu dildə yetərli ədəbiyyatın, resursların olmaması ilə əlaqələndirməyə çalışdılar. Əgər bu gün Vikimedia fondu Rusiyanın Finlandiya ilə sərhəd bölgəsinə yaxın bir ərazidə fin-ugor dil ailəsinə mənsub və cəmisi 4.500 insan tərəfindən danışılan vepscə dili üçün müstəqil Veps Vikipediyası yaradırsa deməli buradakı əsas məqsədlərdən biri də məhv olmaq təhlükəsində olan dilləri qorumaq və onların virtual formada yaşadılması üçün yeni bir fürsətlər yaratmaqdan ibarətdir.

Hal-hazırda 2.130 məqalə sayı ilə talışca vikipediya inkubatorda ən çox məqaləyə sahib, lakin hələ də müstəqil domen ala bilməyən lahiyələrdən biri kimi qalmaqdadır. Sistem məlumatlarının tərcümə edilməsi və yetərli aktiv istifadəçi sayının olmaması mövcud problemlərin ən önəmli olanlarındandır. Hesab edirəm ki, 2015-2016-cı illərdə facebook qruplarında baş vermiş anlaşılmazlıq baş verməsəydi bu gün belə bir yazı da yazılmazdı və talışca vikipediya çoxdan öz müstəqil TLY domen başlığına qovuşmuş olardı.

Avarca və ləzgicə vikipediyalarının illərdir ki, mövcud olması ortada hər hansısa bir təhlükənin olmadığına ən bariz nümunələr kimi qiymətləndirilə bilər. Bu baxımdan talışcada vikipediya açılmalı və belə bir lahiyənin müstəqillik qazanmasının Azərbaycandakı multikultural dəyərlərə ancaq və ancaq müsbət nəticələr gətirə biləcəyinə inanıram.

Eldar Əzimov

Vikipediyanın azərbaycanca dil bölməsinin idarəçisi