Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb Hadisə

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 avqust 2015-ci il tarixədək 65.933.027,17 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub. Bu məlumatı Müdafiə Nazirliyi açıqlayıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.
Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.
Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir.