“Naxçıvan açıq hava altında muzeyi xatırladır” Hadisə

“Naxçıvan açıq hava altında muzeyi xatırladır”

Naxçıvanın füsunkar gözəlliyi, ecazkar təbiəti və qədim tarixi var. Buna görə də Naxçıvan cazibə mərkəzi kimi həmişə diqqətləri üzərinə cəlb edir. Burada tarixi-mədəni irsə diqqətlə yanaşılır, onlar həssaslıqla qorunur.
Bu sözləri Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Qız qalası qədim yaşayış yerində tədqiqat aparan Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyasının üzvü, Birləşmiş Ştatların Emori Universitetinin professoru Hilari Gopnik deyib.
Amerikadan gələn arxeoloqlar həmkarları ilə birlikdə Şərur rayonu ərazisində aparılan arxeoloji qazıntılarda həvəslə iştirak edirlər. Amerikalı professor qeyd edib ki, Qız qalasında iki ildir tədqiqat işləri aparırlar: "Bu il 3 kurqan tədqiq etmişik. İndiyə qədər aşkar olunan maddi-mədəniyyət nümunələri Şərur rayonunun ərazisindəki Qız qalası yaşayış yerində məskunlaşan qədim tayfaların oturaq və yarımköçəri həyat tərzi keçirdiyini təsdiq edir. Araşdırmaların nəticələrinə əsaslanaraq demək olar ki, qədim dövrlərdə burada məskunlaşan insanlar Arpaçay vadisi boyunca yüksək dağlıq ərazilərə köç edib və geri qayıdıblar".
"Naxçıvanın qədim tarixi hər bir alimin marağına səbəb olur", - deyən Emori Universitetinin professoru bildirib ki, muxtar respublika sanki açıq hava altında muzeyi xatırladır. Aparılan arxeoloji qazıntılar bir daha sübut edir ki, hələ bu qədim diyarın tarixi ilə bağlı çox faktlar aşkar olunacaq. H.Gopnik deyib: "Bütün bunları tədqiq etmək, təkcə Naxçıvanın tarixini öyrənmək baxımından deyil, həm də insanlığın tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu mənada arxeoloji qazıntıların aparılması üçün bizə hər cür şərait yaradanlara sonsuz minnətdarlığımızı çatdırmaq istəyirəm".