Sabunçu rayonunun sosial-iqtisadi inkişafı Hadisə

Sabunçu rayonunun sosial-iqtisadi inkişafı

Real vəziyyət və perspektivlər

Azərbaycan prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqi ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutur.
Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, həmçinin qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilir, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.
Dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq Sabunçu rayonunda da bütün sahələri əhatə edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onu da vurğulayaq ki, ötən il Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qısa xatırlama: Əsası 1920-ci ildə qoyulan Sabunçu rayonu həm əhalisinin sayına, həm də iqtisadi potensialına görə paytaxtın iri rayonlarından biridir. Əsasən sənaye, xüsusən neft rayonu kimi tanınan bu inzibati əraziyə 10 qəsəbə daxildir. Təxminən 234 min nəfər əhalisi olan, eyni zamanda 21 min məcburi köçkünün məskunlaşdığı rayonda 45 idarə və müəssisə, 7 bank filialı və digər müxtəlif təyinatlı çoxsaylı təşkilatlar fəaliyyət göstərir.
Hələ keçmiş SSRİ dövründə öz sənaye potensialına görə fərqlənmiş bu rayon müstəqilliyin bərpasından sonrakı illərdə, xüsusən son 10 ildə çox böyük inkişaf yolu keçib. Bu illər ərzində dəyişən təkcə rayonun adı (1958-ci ildən 1992-ci ilədək Leninin adını daşıyıb) olmayıb. İndi rayonun təkcə inzibati mərkəzi sayılan Bakıxanov (keçmiş Razin) qəsəbəsinin yox, digər yaşayış məntəqələrinin də siması büsbütün dəyişib.
2013-cü ildə rayon müəssisələri tərəfindən istehsal edilən sənaye məhsullarının, yerinə yetirilən işlərin ümumi həcmi 396,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ildəkindən 80,3 milyon manat və ya 25,4 faiz çoxdur. Ötən il əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 milyon, əsas kapitala yönəldilən investisiyaların həcmi 304,7 milyon, pərakəndə əmtəə dövriyyəsinin həcmi 610,6 milyon manata çatıb. 2013-cü ildə rayon üzrə bir işçiyə düşən orta aylıq əməkhaqqı əvvəlki illərlə müqayisədə 6,7 faiz artaraq 432, sənaye sahəsində çalışanların əməkhaqqı isə 7,8 faiz çoxalaraq 560,4 manat olub. Ötən il rayonda 2400-ə yaxın yeni iş yeri açılıb.
Onu da bildirək ki, prezidentin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Sabunçu rayonu ərazisində çox mühüm iqtisadi və sosial əhəmiyyətə malik obyektlər tikilib, yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su və istilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülüb.
Rayonun köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılıb, çirkli gölməçələrin doldurulub. Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək oradakı zərərli tullantılar təmizlənib, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınıb. Həmin istiqamətdə Yeni Ramanadan keçən yolun hər iki tərəfində geniş abadlıq və təmir işlərinin aparılıb.
Bir sözlə, Sabunçu bu gün paytaxtın bütün sahələr üzrə dinamik inkişaf edən rayonuna çevrilib.
Rayonun bütün qəsəbələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Dövlət Proqramı çərçivəsində rayon üzrə 938293 metr uzunluğunda qaz kəmərləri çəkilib. Rayonda su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayon ərazisində 37946 metrə yaxın yeni su xətti çəkilib, ümumi tutumu 3500 kub.m olan 4 ədəd su anbarı tikilib. Bütün bu tədbirlər nəticəsində rayon əhalisi hazırda icməli su ilə təmin olunur.
Təkcə ötən il Azərbaycan prezidenti İlham Əliyev aparılan tiktinti, abadlıq işləri ilə tanış olmaq üçün bir neçə dəfə rayonda olub. Dövlət başçısı Sabunçu-Zabrat-Maştağa-Buzovna magistral avtomobil yolunun Maştağa-Buzovna hissəsinin açılışında iştirak edib, Maştağa qəsəbədaxili yollarında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. 252 saylı orta məktəbin əlavə korpusunun tikintisi və 80 saylı tam orta məktəbin əsaslı təmirindən sonrakı vəziyyətlə tanış olub, Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün ransionatın əsaslı təmir və yenidənqurması, Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzinin, Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışlarını edib. Bu ilin fevralında isə Sabunçu qəsəbəsi, Koroğlu metrostansiyası yaxınlığında tikilməkdə olan Olimpiya futbol stadionunda aparılan tikintinin gedişatı ilə tanış olub.
Rayonun qəsəbələrində olduğumuz müddətdə də yuxarıda qeyd etdiyimiz inkişafın şahidi olduq.

Sabunçu qəsəbəsi

Digər qəsəbələrdə olduğu kimi Sabunçu ərazisində də geniş abadlıq və bərpa işləri aparılır. 12 saylı poliklinika əsaslı şəkildə yenidən qurulub camaatın ixtiyarına verilib. 3 saylı şəhər klinik xəstəxanası da əsaslı təmir olunub. Əksər küçələrdə (Ə.Cavad, Ə.Məmmədəliyev) yeni kanalizasiya xətti çəkilib. Eləcə də su, qaz, işıq xətləri yenidən qurulub. Ən başlıcası qəsəbədə nəinki Sabunçu rayonunda, hətta Bakı şəhərində tayı-bərabəri olmayan 6,5 hektarlıq ərazidə gözəl istirahət parkı salınıb. Yeni və möhtəşəm ticarət mərkəzləri, şadlıq sarayları əhalinin ixtiyarına verilib.

Zabrat qəsəbəsi

Burada da abadlıq və tikinti-bərpa işlərinin aparıldığının şahidi olduq. Asfaltlanmış küçələrdə bordyurlar qurulub, səki tikilib, küçə işıqlandırılması aparılıb. Qəsəbənin mərkəzindən keçən yol xeyli genişləndirilib, yolboyu binalar, hasarlar təmir olunub, müasir işıqlandırma sistemi ilə təmin edilib. Qəsəbənin bütün küçələri asfaltlanıb və abadlaşdırılıb. Qəsəbədə Qarabağ müharibəsi və Böyük Vətən savaşı veteranları üçün 81 mənzilli 2 yaşayış binası tikilib, istifadəyə verilib. Qəsəbənin qaz, işıq, su problemləri öz əsaslı həllini tapıb.

Bakıxanov qəsəbəsi

Yaradılan sosial düzən, rifah halı və tikinti-abadlıq işləri qəsəbəni başdan-başa inşaat meydançasına döndərib. Əvvəlki solğun, yöndəmsiz yaşayış binaları yeni görkəm alır, müasir memarlıq üslubunda təmir-bərpa istiqamətində yenilənir. Darısqal küçələr, keçidlər genişləndirilir. Yol kənarında olan dükanlar müasir üslubda təmir edilib, sahiblərinə - iş adamlarına təhvil verilib. Bütün bu obyektlər istilik sistemi ilə təmin olunub. Qəsəbənin su, işıq, qaz, elektrik problemi, demək olar ki, öz həllini tapıb. Orta məktəblər, bu qəsəbədə yerləşən orta-ixtisas kollecləri, peşə təhsil və məktəbəqədər müəssisələr yenidən təmir edilib.

Maştağa qəsəbəsi

Rayonun böyük qəsəbələrinindən biri olan Maştağa getdikcə gözəlləşir. Yeni istirahət parkları, əkilən dekorativ ağaclar, əyləncə yerləri əhalinin səmərəli istirahətinə hesablanıb. Valideyn himayəsindən məhrum olan uşaqlar üçün 1 saylı internat məktəbi yenidən təmir olunub. Qəsəbədə yerləşən mədəniyyət ocaq və evləri əhalinin səmərəli istirahətinin təminində böyük rol oynayır. Olimpiya İdman Kompleksi, İsmət Qayıbov adına İdman Təlim Mərkəzi, Mini futbol meydançası isə gənclərimizin sağlam ruhda böyüməsinə xidmət edir.

Hardaran qəsəbəsi

Qəsəbə və qəsəbə daxili bütün yollar asfaltlanıb. Qəsəbəyə qaz çəkilib. Yığılıb qalan problemlər son bir neçə ildə öz həllini tapıb. Nardaran Muğam Musiqi Evinin tikintisi də əhali tərəfindən seçinclə qarşılanıb. Hardaran İdman zalı, Mini futbol meydançası gənclərin ixtiyarındadır.

Ramana qəsəbəsi

İnkişaf tempi Ramana qəsəbəsində də tam sürətlə gedir. Orada da abadlıq və bərpa işləri aparılır. Qəsəbədə 1941-1945-ci illərdə və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların - Şəhidlərin xatirəsinə ucaldılan abidə əsaslı şəkildə təmir olunub. V.Vəliyev küçəsi asfaltlaşdırılıb və işıqlandırma sistemi yenilənib. 21 saylı şəhər xəstəxanası və 78 saylı orta məktəb əsaslı təmir edilərək istifadəyə verilib. 137 saylı orta məktəb üçün yeni bir bina inşa edilib. Qəsəbədə sakinlərin heyvandarlıqla məşğul olmalarını nəzərə alaraq, baytarlıq məntəqəsi də açılıb.

Balaxanı qəsəbəsi

Qəsəbədə kommunal şərait yaxşılaşdırılıb. Qaz, su, işıq problemləri tamamilə həll edilib. Eyni zamanda 259 və 69 saylı məktəblərin əsaslı təmiri başa çatdırılıb. Əlavə sinif otaqları, idman və akt zalı tikilib. 22 saylı poliklinika da müasir standartlara uyğun təmir edilib. 320 saylı uşaq bağçasında təmir işləri aparılıb.

Kürdəxanı qəsəbəsi

Qəsəbədə bələdiyyə, icra nümayəndəliyi üçün yeni inzibati bina tikilib, istifadəyə verilib. Orta məktəb əsaslı təmir edilib. Təcili yardım stansiyası tikilib. Yeni uşaq bağçası istifadəyə verilib. Kommunikasiya xətlərini yeniləşdirilib.

Bilgəh qəsəbəsi

Qəsəbənin baş yolunda ötürücü körpü salınıb. 142 saylı orta məktəb təmir olunub. 128 saylı xəstəxana əsaslı təmir edilərək sakinlərin ixtiyarına verilib. Qəsəbə daxilində küçələrin əksəriyyətinə asfalt döşənib, digərlərində də bu işlər davam etdirilir. Qəsəbə icra nümayəndəliyinin inzibati binası da əsaslı təmir olunub.
Bilgəh müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmiri başa çatdırılıb. Hazırda yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin, uşaq bağçasının, Muğam və Gənclər evlərinin tikintisi başa çatdırılmaq üzrədir.

Pirşağı qəsəbəsi

Küçələr asfaltlaşdırılıb. Məişət tullantıları üçün küçələrə zibil qutuları qoyulub. 112 saylı orta məktəb təmir olunub. Burada məskunlaşan Xocalı qaçqınlarının problemlərini vaxtında həll edilir.

Gələcəkdə görüləcək infrastruktur layihələr

Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur:
- Rayonun bütün qəsəbələrinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidənqurulması üzrə geniş miqyaslı işlər davam etdirilir.
- Rayonda yeni məktəb, səhiyyə ocaqlarının inşası, 18 mövcud məktəbin həyətində 490 sinifdən ibarət yeni korpusların tikintisi, 13 məktəb və 9 uşaq bağçasında əsaslı təmir işlərinin aparılması.
- Rayonun bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması.
- Rayonun mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi, yeni istirahət parklarının salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi.

Cavid Şahverdiyev

Yazı Sabunçu rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir