Qurban qardaşlıq, bərabərlik və birlik bayramıdır Hadisə
İslam dünyasının müqəddəs günlərindən olan Qurban bayramı Azərbaycanda hər il olduğu kimi, bu dəfə də Ulu Yaradana sevgi və adət-ənənələrimizə sədaqət duyğu-düşüncələri ilə qeyd edilir. Prezident İlham Əliyevin xalqımıza bayram təbrikində deyildiyi kimi, insanları qardaşlıq, bərabərlik və birlik anlayışları ilə birləşdirən bu günü artıq iki ildir ki, xalqımız Vətən savaşının qalibi olaraq ikiqat sevinc və təntənə ilə qarşılayır.
Doğma yurd yerlərimizə qayıdışla bağlı əhd edilən qurbanların kəsilməsi insanlara hədsiz məmnunluq gətirir. Bu mənada Azərbaycan üçün Qurban bayramının önəmi və təntənəsi daha da artıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər savaşımız xalqımızın bayram ovqatına xüsusi rəng qatıb. Heç şübhəsiz, bu gün, ilk növbədə, şəhidlərimiz sayğı ilə anılır, onların müqəddəs məzarları ziyarət edilir, ruhlarına dualar oxunur. Qazilərimizlə isə üstün ehtiramla bayramlaşırıq.
Azərbaycan tarixi ənənələrinə sadiqliklə qeyd etdiyi Qurban bayramı həm də tolerantlıq, multikulturalizm dəyərlərinə dərin ehtiram sərgilənməsi baxımından dünyaya örnəkdir. Vətənin azad olunması uğrunda zəfər savaşında dini və etnik fərqlərə baxmayaraq hamının vahid yumruğa çevrildiyi ölkəmizdə müxtəlif xalqların dini və milli bayramları ümumxalq sevgi-sayğılarının hədəfi olur. Bu baxımdan vətəndaşlıq dəyərləri ilə yanaşı, dini müstəvidə də mükəmməl Azərbaycan həmrəyliyi modeli formalaşıb.
Dünyaya sülh və inkişaf mesajı verən dövlətimizin mövqeyi Azərbaycan Prezidentinin bayram təbrikində də parlaq əksini tapıb. İllərdir ki, Qurban bayramı dövlət səviyyəsində qeyd edilir. Möhtərəm Prezidentin İslama, onun ayinlərinə verdiyi dəyər də müstəqil dövlətimizin vicdan azadlığına yaratdığı yüksək təminatdan qaynaqlanır: “Qurban bayramı İslamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır”.
Dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ölkəmizi tərəqqi və firavanlıq yolu ilə irəli aparır. Ölkəmizin müstəqillik dövrünün ilk addımlarında bir sıra fəlakətlə qarşılaşmağına baxmayaraq Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla, onun ən layiqli varisi Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində bütün bu çətinlik və sınaqlardan üzüağ, alnıaçıq şəkildə çıxmışdır. İstər dünyanı cənginə almış pandemiya dönəmində, istərsə də müharibə dövründə dövlətimiz öz gücünü bütün dünyaya göstərdi.
Bu gün Azərbaycan xalqı İslamın ən mühüm bayramlarından biri olan Qurban bayramını böyük bir sevinc hissi ilə qeyd edir. Ulu Yaradanın doğru yoluna sadiq qalan Azərbaycan xalqına, müstəqil dövlətimizə sevinc, bayram yaraşır. Biz qardaşlıq, birlik amalı ilə misilsiz gücə çevrilib qəsdimizə durmuş düşməni diz çökdürən xalqıq. Həmrəyliyimiz, birliyimiz bu gün bizi beynəlxalq miqyasda qalib xalq, güclü dövlət kimi tanıdır.
Qazandığımız uğurlarda ümumqardaşlıq müstəvisi təşkil edən türk birliyinin və islam həmrəylinin də dəstəyi qədərincədir. Qardaş Türkiyə həmişə yanımızda olması ilə bütün türk dünyasına və islam aləminə yaxın gələcəyin möhtəşəm gücünü nişan verir, düşmən qüvvələrə həddini göstərir. İslam dünyasının ortaq inancını əks etdirən Qurban bayramı da bu gücü və həmrəyliyi əks etdirir. Biz Vətənimiz Azərbaycan naminə xalq olaraq hər zaman bir olmağa, həmrəy olmağa borcluyuq! Tanrı dövlətimizi və xalqımızı qorusun. Müqəddəs Qurban bayramın mübarək, Azərbaycan!
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü