“Məni ancaq ermənilər vurar“ Hadisə

“Məni ancaq ermənilər vurar“

Behbud xan Cavanşir İstanbulda erməni terrorçuları tərəfindən qətlə yetirilib

1920-ci ildə Azərbaycanda Sovet höküməti qurulduqdan sonra ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarına qarşı terror aktları həyata keçirdilər. 1920-ci ilin mayında Nəsib bəy Yusifbəyli, iyununda Fətəli Xan Xoyski, iyulunda isə Həsən bəy Ağayev Tiflis şəhərində erməni terrorçuları tərəfindən qətlə yetirildilər. Belə acınacaqlı tale yaşayan insanlardan biri də Qarabağda Cavanşirlər nəslinin nümayəndəsi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud Xan Cavanşir idi.
Behbud Xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. O, 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində anadan olub. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1902-ci ildə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına daxil olan Behbud xan burada neft sahəsi üzrə mükəmməl təhsil alıb və mühəndis ixtisasına yiyələnib. O, bu ölkədə Akademiyanı fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlı idi. 1906 ilin qışı, yazı və yayında daşnaklar Şuşada və bütün Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər. Avqustun ilk günlərində Şuşaya gələn Behbud xan, Əhməd bəy Ağayevlə birgə burada Qafqaz ümummüsəlman müdafiə komitəsini - "Difai" partiyasını yaratdılar.
Alman dilini mükəmməl bilən, fransız, rus, gürcü dillərində sərbəst danışan Behbud xan ingilis dilini də öyrənmək üçün bir il müddətində İngiltərəyə gedir. Londonda kurs keçir. Qərbi Avropadakı həyatı və təhsili onun ictimai-siyasi xadim kimi formalaşmasına böyük təsir göstərir. 1907-ci ildə vətənə qayıdan Behbud xan Bakıda Şibayevin neft mədənində baş mühəndis vəzifəsində çalışır.
O zamanlar neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin əmək haqları neftdən gələn gəlirin 3 faizi hesabına ödənilirdi. Behbud xan Cavanşir vaxtilə Almaniyadan gətirərək Qarabağda torpaq sahələrində əkdirdiyi buğda növləri və xüsusi damazlıq mal-qaranı, uşaqlıq dostu Əlfinin fermer təsərrüfatına gətirilməsinə nail olur. Qarabağda "Behbudun çörəyi", "Əlfinin qatığı" sözləri məhz bu səbəblə yaranm və xalq arasında bir deyim kimi istifadə edilmişdi. O vaxt Qarabağda yolların abadlaşdırılması, buraya ilk avtomobilin gətirilməsi də məhz Behbud Xan Cavanşirin adı ilə bağlıdır (Nəsibzadə Nəsib).
Behbud xan "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin rəhbərlərindən biri olmaqla yanaşı həm də xalqın maariflənməsi üçün xidmət göstərən "Nicat" Cəmiyyətinin üzvü idi. Bu xeyriyyə cəmiyyətləri Azərbaycanda və Türkiyə ərazisində baş verən hadisələrə, erməni vandalizminə biganə qalmır, erməni zülmündən əziyyət çəkən xalqa yardım əlini uzadırdı. Azərbaycan milli burjuaziyası, Hacı Zeynalabidin Tağıyev başda olmaqla Ərzurum, Kars, Van, Ərdahan bölgəsində ermənilərin müsəlman əhaliyə qarşı təxribat və qətllərinin qarşısını almaq üçün həm öz nümayəndələri vasitəsiylə maddi yardım, ərzaq göndərir, həm də Ərzurumda Azərbaycan Müsəlman Xeyriyyə cəmiyyətlərinin şöbəsini yaradırdılar.
Bütün bunları görən, istər Anadoluda, istərsə də Azərbaycanda baş verən milli qırğınların qarşısını almağa səy göstərən Behbud Xan 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin baş nazir olduğu Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökümət kabinəsində daxili işlər naziri vəzifəsini tutur. Behbud xan Cavanşirin Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra əməli işlər görülür. Yeni yaradılan nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycanda müstəqil dövlətin formalaşması, milli maraqların qorunmasında mühüm rol oynayır.
Behbud Xan polis əməkdaşlarının fəaliyyətinə və qayğılarına yaxından bələd idi. Onun təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Milli Şurada Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsis edilməsi haqqında qərar qəbul etdi. Hazırda qüvvədə olan "2 iyul- Polis Günü" də məhz həmin qərar əsasında təsis edilib. Behbud Xan Cavanşirin 1918-ci ilin iyulun 17-dən dekabrın 7-dək daxili işlər naziri olduğu dövrdə Bakı erməni-daşnak quvvələrindən təmizləndi və Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçdü. Daxili İşlər nazirliyi "Metropol" mehmanxanasının binasında (indiki Nizami adına Ədəbiyyat muzeyinin yerləşdiyi binada) fəaliyyət göstərir və ölkənin asayişi buradan təmin olunurdu. Behbud xan daxili işlər naziri işlədiyi dövrdə, Bakıda İçəri Şəhərdə polis müdavimləri hazırlayan məktəb açılır. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulurdu.
1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərkibində kabinədaxili dəyişikliklərdən sonra Behbud xan Cavanşir daxili işlər naziri olmaqla yanaşı həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirir. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərir. 1918 il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi haqqında müqavilə imzalanır. Azərbaycan tərəfindən bu müqaviləni Behbud xan Cavanşir imzalayır. Bu sənədlərə görə, tərəflər arasında dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, gömrük rüsumu alınmamasına razılıq verilir. Partiya mənsubiyyəti sarıdan bitərəf olan Behbud xan Cavanşir 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinə üzv seçilir. O, parlamentdə fəaliyyət göstərən bitərəflər fraksiyasının üzvü olur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud xana toxunmurlar. Azərbaycanda Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov Behbud xanı neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. Beləcə 1921-ci ilin iyulunda həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə Behbud xan Cavanşir İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım sonralar öz xatirələrində yazır: "Atam Maltadan qayıtdıqdan sonra erməni tanışlarından bir professor bizə gələrək atamın adının ermənilərin qara siyahısında olduğunu və onu xəbərdar etməyi özünə borc bildiyini söylədi. Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşirin də adının ermənilərin "qara siyahı"sında olması xəbərini ondan aldıq".
1921-ci il iyulun 17-də Behbud xan həyat yoldaşı Tamara xanım və qardaşları Cümşüd və Surxayla birgə axşam saat 23 radələrində "Təpəbaşı" ailə restoranından çıxıb "Pere Palas" otelinə yönəldikləri zaman arxadan qaçaraq gələn, şapkasını gözünün üstünə basmış cılız, kəsik bığlı, əyri burunlu erməninin "Mauzer" markalı tapançadan bir neçə dəfə açdığı atəş nəticəsində ağır yaralanır. Behbud Xanın kiçik qardaşı Cümşüdün də üzünü güllə mərmisi sıyırıb keçir. Bu zaman Qalatasaray karakolunun polis məmuru erməni terrorçu Mişaq Torlakyanı yaxalayır. Behbud xan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur. Ölüm ayağında onun son sözləri belə olur: "Mənim şəxsi düşmənim yoxdur. Məni vursa-vursa, ancaq ermənilər vurar". Çox keçmədən Behbud xan xəstəxanada gözlərini əbədi yumur. O, İstanbulda Beşiktaşda Yəhya Əfəndi dərgahı qəbristanlığında dəfn olunur.
1921-ci ilin iyulun 18-də Behbud xanın ölümündən 3 gün sonra onun dəfn mərasimi kütləvi nümayişə çevrilir. Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi "Kroker" otelində saxlanılırdı. Mişaq Torlakyan "Daşnaksütyun" partiyasının üzvü idi və Azərbaycanda "1918-ci il mart qırğınları"nda xüsusi fəallıq göstərmişdi.
İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalı tərəfindən mühakimə edildi. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər olundular. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüf doğuracaq qədər az idi – cəmi 6 nəfər. Şahidlərin sayı arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail oldular. Məhkəmədə ittiham şahidi qismində ifadə verən "Azərbaycan" qəzetinin müxbiri, ixtisasca hüquqşünas olan Şəfi bəy Rüstəmbəyli prokuror Qribbonun, məhkəmənin sədri Freezin suallarını inandırıcı dəlillərlə cavablandırdı və Azərbaycan nümayəndələrinin gərgin səyi nəticəsində prokuror daşnak terrorçu Mişak Torlokyan üçün ölüm hökmü tələb etdi. Lakin səhərisi gün gözlənilmədən prokuror işdən uzaqlaşdırıldı. Məhkəmədə iştirak edən hüquq fakültəsinin tələbəsi Sürəyyə xanım Ağaoğlu sonralar bu məhkəmə prosesi haqda bunları yazır: "Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Doğrusu, biz prokurordan belə qərarı gözləmirdik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşdırıldı. Onun yerinə gətirilən yeni prokuror isə müttəhimin bəraətini istədi".
Behbud Xan Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi təssüf ki, erməni terrorçunun bəraət alması ilə nəticələndi. Məhkəmə prosesində terrorçunu az qala "milli qəhrəman" kimi qələmə verən ermənilər onu ingilislərin köməyi ilə vəkili Hasuryanla birlikdə Amerikaya qaçırdılar. Behbud xanın həyat yoldaşı Tamara xanım isə Behbud xanın ölümündən sonra Moskvaya getdi və repressiya illərində Sibirə sürgün edildi.
"XX əsrin məhkəməsi" adlanan Azərbaycanın sabiq daxili işlər naziri Behbud xan Cavanşirin məhkəmə prosesi erməni havadarlarının təzyiqi nəticəsində ört-basdır edildi. Cinayət cəzasız qaldı. Bu, insan haq və hüquqlarını əldə rəhbər tutan Avropa hüquq məhkəməsi tarixində "qara ləkə" olaraq yaddaşlarda qaldı. Bəlkə elə bu cəzasızlığın nəticəsidir ki, XX əsrin əvvəllərində terrorun miqyası daha da genişləndi.
Zaman ötür, illər dəyişir ancaq erməni şovinistlərin xisləti dəyişmir. Erməni terror təşkilatları bu gün də təhdid, soyqırım cinayətlərindən əl çəkmirlər. Dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımında ermənilər 613 nəfər dinc azərbaycanlını, 63 uşağı, 106 qadını, 70 yaşlı insanı bir neçə saatın içində amansızlıqla qətlə yetirməklə, vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyaraq dünyanın ən qəddar milləti olduqlarını təsdiq etdilər.



Mahir Qəribov
araşdırmaçı