Xocalı Faciəsi - erməninin şəxsində insan yırtıcılığıdır Hadisə

Xocalı Faciəsi - erməninin şəxsində insan yırtıcılığıdır

Xocalı - tarixi taleyimizdə baş vermiş çoxsaylı faciələrdən biridir. Xocalı Faciəsi - erməninin şəxsində insan yırtıcılığı, türkün örnəyində insan faciəsidir. Xocalı faciəsində erməninin yırtıcılığı, qaniçənliyi, amansızlığı, türkə qarşı sonsuz nifrəti üzə çıxdı, erməniliyin nədən ibarət olduğunu bütünlüklə göstərdi.
Xocalı da 20 Yanvar kimi xalqımızın dərs götürülməsi gərək olan faciəsidir. Azərbaycanın faciələrdən qurtulmasının bir yolu var: Azərbaycanın özünəməxsus yolu olmalıdır. Var olmaq üçün həyatın, yaşamın hər sahəsində özümüzünkünü yaratmalı, gerçəklikdən üstün olmalıyıq. Əgər bəşəriyyət insanlaşsa, Xocalı faciəsi erməninin başına qaxınc olacaq. İnsanlaşmasa, yeni bəşəri faciələr üçün örnək olacaq.
Erməninin qatiliyini, yırtıcılığını qınamaq üçün var gücümüzlə çalışmalıyıq. Erməni indi də Xocalıda törətdiyi yırtıcılığa qəhrəmanlıq kimi baxır. Ancaq bu, onun üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri cinayətdir.
Son dövrlər Xocalı fəlakətinin dünya ictimaiyyətinə çatdırılması yönündə ardıcıl olaraq göstərilən cəhdlərin sayı artır. Bəziləri fəlakətlərimizdən məhz ildönümü zamanı danışıldığını bildirsələr də, hər halda təqvimdə demək olar, ayın neçə günü tarixi fəlakətlə bol olan Azərbaycanın başına gətirilən haqqında daim dünyaya səs salmaq gərəkdir. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov bildirir ki, Xocalı Faciəsinin ciddi araşdırmaya ehtiyacı var. Məsələ araşdırıldıqca yeni faktlar meydana çıxır. Bu qanlı hadisənin araşdırılmasında, Qarabağın işğalında iştirak etmiş erməni yazıçısı Zori Balayanın Qarabağ haqqında xatirələri, general Arkadi İvanoviç Ter-Tadovesyanın Qarabağdakı cinayətkar fəaliyyəti, Qarabağ hadisələrində iştirak etmiş digər ölkələrin vətəndaşlarının xatirələri və eləcə də Rusiyanın Müdafiə Nazirliyinin arxivi tədqiqat obyekti ola bilər. Erməni silahlıları Valeri Balayanın rəhbərliyi ilə hələ 1991-ci ildən Qarabağın silahsız azərbaycanlı əhalisi yaşayan Tuğ, Sarışen, Salakətin, Meşəli, Malıbəyli kəndlərini daim atəş altında saxlayırdılar. Qarabağda üstünlüyü ələ alan Ermənistan hökuməti orada pərakəndə fəaliyyət göstərən erməni silahlı dəstələrini birləşdirib vahid komandanlıq yaratdı. Hökumət bu vəzifəyə Gürcüstan vətəndaşı - əslən erməni olan "Dağ tülküsü" ləqəbli general Arkadi İvanoviç Ter-Tadovesyanı komandan təyin etdi. Bununla da ermənilər Qarabağda vahid mərkəzdən idarə olunan nizami bir ordunun yaradılmasını gerçəkləşdirdilər. Təyinatının ilk günü Arkadi Ter-Tadevosyan Kərkicahan və Qaradağlı kəndlərinə sarsıdıcı zərbələr endirdi. Ermənistan hökuməti silahlı münaqişəni genişləndirmək üçün Qarabağ cəbhəsini silah-sursatla müntəzəm olaraq təmin etməli idi. Bu məqsədlə hökumət təcili tədbirlər həyata keçirməyi planlaşdırırdı. Ermənistandan silah-sursat daşınmasını həyata keçirmək üçün Qarabağla Ermənistan arasında yeganə quru yol olan Xankəndi-Şuşa-Laçın-Gorus yolu təhlükəli olduğundan Ermənistan Xankəndi-İrəvan hava yolundan istifadə etmək məcburiyyətində idi. Bu məcburiyyət Ermənistanı xüsusi strateji əhəmiyyət daşıyan Xocalı şəhərini işğal etməyə vadar edirdi.
Xocalı şəhərinin işğalında iştirak etmiş rus zabiti Vladimir Vardanov İrəvan şəhərində çap olunan "Şuşi" jurnalına 08.02.2006-cı ildə verdiyi müsahibədə bidirir ki, "Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırıb".
Xocalı üzərinə hücum xüsusi hazırlıq və böyük qüvvə ilə həyata keçirilmişdi. Xocalı üzərinə hücum əməliyyatı general Arkadi Ter-Tadevosyan, yazıçı Zori Balayan, Daşnakstyun terror təşkilatının Qarabağ nümayəndiliyinin rəhbəri Robert Koçaryan (keçmiş prezident), Ermənistan Hərbi Nazirliyinin əməkdaşı Serj Sarkisyan (indiki prezident) tərəfindən hazırlanmışdı. Ancaq hücumu uğurla başa çatdırmaq üçün əməliyyatçılar nə hücum planına, nə də Xocalının xəritəsinə malik deyildilər. Xəritənin olmaması əməliyyatı ləngidirdi. Odur ki, Robert Koçaryan uzun axtarışdan sonra Xankəndi şəhərinin baş memarı Valodya Stepanyanı tapıb hərbi qərargaha gətirdi. Qərargah rəisi ona tez bir zamanda Xocalı şəhərinin baş planını hazırlamağı tapşırdı və alayın proporşiki Samvel adlı şəxsi V.Stepanyana köməkçi təyin etdilər. Beləliklə, Xocalı şəhəri üzərinə hücum planının xəritəsi praporşik Samvel və Xankəndi şəhərinin baş memarı Volodya Stepanyan tərəfindən hazırlandı".
Xocalı faciəsi bizim üçün sözün həqiqi mənasında dərsdir. 20 Yanvar faciəsi ilə bağlı incəsənətin demək olar, bütün sahələrində soraqlar olduğu halda Xocalı mövzusunda hələ ki, daha çox publisistika sözünü deyib. Azərbaycan rəssamlığında Xocalı faciəsi ilə bağlı rəssamlarımız əsərlər yaradıblar. Xocalı mövzusunda ən diqqətçəkən plakat tez-tez qəzet-jurnallarda rastlaşdığımız Vaqif Ucatayın əsəridir. Əsərdə türk uşağının qarnına qılınc saplanıb, qan hər yana tökülüb...Bir neçə il qabaq isə Vaqif Ucatay bu mövzuda ayrıca fərdi sərgisini nümayiş etdirdi, son illərdə də ardıcıl olaraq sözügedən mövzuda əsərlər yaratdı.
Tanınmış rejissor, xalq artisti Mərahim Fərzəlibəyov bu mövzuda "Qırmızı qar" adlı film çəkib. Filmin ssenari müəllifi Ağarəhim Rəhimov, bəstəkarı Cavanşir Quliyevdir. Hər il müxtəlif telekanallar bu filmi nümayiş etdirirlər. Rollarda Məleykə Əsədova, İftixar Piriyev, Ələsgər Məmmədoğlu, Səmayə Sadıqova və başqaları çəkiliblər. Bu mövzuda "Azərbaycanfilm" tərəfindən Oruc Qurbanovun rejissorluğu ilə "Ağrı" filmi də çəkilib. Ümumən Qarabağ, Xocalı mövzusunda soydaşlarımızın yadında ən yaxşı qalan "Fəryad" filmidir. Bu filmdə Xocalı ilə bağlı ştrixlər xüsusi nəzərə çarpır. "Qırmızı qar" filminin rejissoru M.Fərzəlibəyov Xocalı mövzusunda rejissorların daim düşünməsinin vacibliyini deyir: "Ermənilər qaniçən olduqları dərəcədə özlərinin yazıq obrazlarını daim dünyaya təqdim ediblər. Biz isə belə bir faciə ilə üz-üzə qaldığımız dərəcədə hələ də bu barədə kifayət qədər dünyanı xəbərdar etməmişik".
Tanınmış rəssam Rza Avşarın fikrincə, Xocalı mövzusu rəssamlıqda ifadəsini tapsa da, ortada olan nümunələr onu tam qane etmir. Hesab edir ki, rəssamlarımız bundan sonra bu mövzuda daha ciddi düşünməlidirlər. Hər halda rəssamın gördüyünü çəkməsi daha təsirli alınır. Ancaq rəssam bütün faciələrin, hadisələrin birbaşa şahidi olmur. Əsas məsələ rəssamın bu və ya digər mövzunu nə dərəcədə özünəməxsus ümumiləşdirməsidir. Xocalı dəhşətini heç zaman unutmaq olmaz: "Ümumiyyətlə, belə bir faciə barədə adi danışmaq olmur. Gərək daim bu faciə barədə uşaqlara, gənclərə söhbət edək, faciəyə tuş gəldiyimizi beyinlərə və ürəklərə yeridək". Rəssam Xocalı faciəsi mövzusunda iki əsər çəkib. "Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə çəkilib. Əsərdə qara, bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üstünü qara buludlar alıb. Hiss olunur ki, rəssam ağrını duya, göstərə bilib. Həmin gecənin dəhşəti ayın surətini qırmızı qana boyayıb...


Uğur