
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra imzalanacaq.
Mövzu ilə bağlı xalqcebhesi.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, konstitusiya dəyişikliyindən sonra sülh müqaviləsinin imzalanması real və məntiqi nəticə kimi görünür, lakin bu proses həm hüquqi-institusional mərhələlərdən, həm də daxili və regional siyasi sınaqlardan keçməlidir: “Məsələyə siyasi-hüquqi müstəvidə yanaşdıqda, Ermənistan rəhbərliyinin ritorikası ilə regionda formalaşmış yeni geosiyasi reallıqlar arasında birbaşa əlaqə aydın görünür. Hüquqi baxımdan əsas problem 1990-cı ildə qəbul edilmiş müstəqillik bəyannaməsinə və ona istinad edən mövcud konstitusiyaya bağlıdır. Beynəlxalq hüquqda dövlətlərarası sülh müqaviləsinin dayanıqlılığı və hüquqi etibarlılığı tərəflərin daxili hüquq sistemlərinin bu müqavilə ilə ziddiyyət təşkil etməməsindən asılıdır. Konstitusiyanın preambulasında müstəqillik bəyannaməsinə istinadın qalması və oradakı ərazi iddialarının hüquqi qüvvədə saxlanılması gələcəkdə istənilən hakimiyyət və ya məhkəmə orqanı tərəfindən sülh müqaviləsinin müddəalarının şübhə altına alınması üçün baza yaradır. Buna görə də Azərbaycanın sülh sazişi üçün əsas hüquqi tələblərindən biri məhz bu ziddiyyətin aradan qaldırılmasıdır. Yeni konstitusiyanın qəbulu və referendum yolu ilə təsdiqlənməsi sənədi beynəlxalq öhdəliklərlə uyğunlaşdırmaq və daxili revizionist iddiaların hüquqi əsasını ləğv etmək məqsədi daşıyır”.
Deputat diqqətə çatdırıb ki, siyasi müstəvidə isə bu addım Ermənistanın 1990-cı illərin “müharibə və ekspansiya” ideoloji çərçivəsindən çıxıb, mövcud sərhədlər və suverenlik prinsipləri əsasında yaşamağa uyğunlaşmaq cəhdidir: “İrəvan rəsmilərinin yeni layihənin hazır olması, ictimai müzakirəyə çıxarılması və referendumla təsdiqlənəcəyinə dair açıqlamaları prosesin artıq deklarativ mərhələdən praktik müstəviyə keçdiyini göstərir. Bununla belə, referendumun keçirilməsi, cəmiyyətdəki tarixi miflərin və revanşist-müxalif dairələrin müqavimətinin dəf edilməsi, eləcə də delimitasiya və kommunikasiya məsələlərinin paralel həlli prosesin sürətinə və yekun nəticəsinə təsir göstərə biləcək əsas amillərdir”.
“Azərbaycanın yaratdığı yeni reallıqda Ermənistanın bu addımı atmaqdan başqa real alternativi qalmayıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməklə işğala əsaslanan status-kvonu və “boz zona” reallığını birdəfəlik aradan qaldırdı. Hərbi-siyasi balansın köklü dəyişməsi, sərhədlərdə nəzarətin möhkəmlənməsi və regional kommunikasiyaların açılması gündəliyində Azərbaycanın mövqeyini şərtləndirən əsas amilə çevirdi. Bu şəraitdə Ermənistanın köhnə konstitusion-ideoloji xəttdə qalması dövlətçiliyin özü üçün strateji risklər yaradaraq təcrid olunmuş vəziyyətdə qalmaq, iqtisadi inkişaf və tranzit imkanlarından kənarda qalmaq, eləcə də yeni gərginlik ocaqlarının yaranması ehtimalı artır” - deyə o əlavə edib.
B.Məhərrəmov eləcə də bildirib ki, ənənəvi təhlükəsizlik zəmanətçilərinin və xarici havadarların Ermənistanın ərazi iddialarını reallaşdırmaq iqtidarında olmaması və ya bunu öz maraqlarına uyğun saymaması İrəvanı reallıqla hesablaşmağa məcbur edib: “Bu baxımdan Ermənistanda konstitusiya dəyişikliyi Azərbaycanın diktə etdiyi yeni regional arxitekturaya uyğunlaşmanın elə hüquqi rəsmiləşdirilməsidir ki, bu addım atılmadan davamlı sülh sazişinin imzalanması hüquqi baxımdan yarımçıq, siyasi baxımdan isə etibarsız olardı”.
Röya İsrafilova