Taleh Ziyadov: Badminton hər kəsin oynaya biləcəyi idman növüdür İdman

Taleh Ziyadov: Badminton hər kəsin oynaya biləcəyi idman növüdür

Badminton çox gözəl idman növüdür. Bu idmanla məşğul olmaq üçün bir raketka və meydança kifayətdir. Ona görə də hər kəs badminton oynaya bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində keçirilən Avropa badminton yarışının açılış mərasimində çıxışı zamanı səsləndirib.

Taleh Ziyadov Azərbaycanda badmintonun inkişafından danışaraq qeyd edib ki, bu idman növü son illərdə xeyli inkişaf edib və ölkə dünya badminton ailəsində özünəməxsus yer tutub: “Uşaqlıqdan xatırlayırıq ki, bəzən bağda, küçədə, bəzən də parkda badminton oynayırdıq. Təbii ki, badminton həm də peşəkar idman növüdür. Bu gün ölkəmizdə peşəkar idmançılarımız, olimpiya iştirakçılarımız var, gənc badmintonçular yetişir”.

Federasiya prezidenti Xüsusi Olimpiya hərəkatının Azərbaycan Badminton Federasiyası üçün mühüm istiqamət olduğunu vurğulayıb. O, bu il qurumun Ümumdünya Badminton Federasiyası tərəfindən inklüzivlik sahəsində mükafatlandırıldığını xatırladıb.

O, çıxışının sonunda yarışın təşkilində əməyi olan şəxslərə, qurumlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən Avropa badminton yarışı noyabrın 21-dək davam edəcək. Yarışda 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar. Beynəlxalq tədbirin əsas məqsədi xüsusi olimpiya hərəkatı çərçivəsində idmançılar üçün yarış imkanlarını genişləndirmək, onların idman təcrübəsini artırmaq və idmanda inklüzivliyi təşviq etməkdir.