Pakistanda avtobus qaz daşıyan sisternlə toqquşub, azı 10 nəfər ölüb Dünya

Pakistanda avtobus qaz daşıyan sisternlə toqquşub, azı 10 nəfər ölüb

Pakistanda sərnişin avtobusunun mayeləşdirilmiş neft qazı (LPG) daşıyan sisternlə toqquşması nəticəsində aralarında qadın və uşaq da olmaqla azı 10 nəfər həlak olub, daha bir neçə nəfər isə yanıq xəsarətləri alıb.

Xalqcebhesi.az xəbər verir ki, polisin məlumatına görə, qəza Ormaranın Basol yaşayış məntəqəsi yaxınlığında baş verib.

Turbatdan Kəraçiyə hərəkət edən avtobus sisternlə toqquşub və nəticədə yanğın baş verib. Alov qısa müddətdə hər iki nəqliyyat vasitəsini bürüyüb və sərnişinlər içəridə sıxışıb qalıblar.

Hadisə yerinə xilasedicilər, sahilyanı magistral yol polisinin əməkdaşları və yerli administrasiya nümayəndələri cəlb olunublar. Yaralılar Ormara tibb mərkəzinə çatdırılıblar.

Qəzadan sonra Makran sahilyanı magistralında hərəkət bir neçə saatlıq bağlanıb, nəticədə Basol və Ormara yaxınlığında uzun tıxaclar yaranıb.

Məryəm Quliyeva