12:49
287
Çəkdiyim fotoşəkil Lahıcda lentə alınıb. Lahıca dəfələrlə səfər etmişəm. İlk dəfə 15 il əvvəl, Azərbaycanda diplomatik fəaliyyət göstərdiyim dövrdə bu kənddə olmuşam. Bir il əvvəl yenidən ölkəyə qayıtdıqdan sonra da Lahıca səfər etdim. Bu kəndin qəlbimdə xüsusi yeri var. Lahıc özünəməxsusluğu və ətrafındakı gözəl təbiəti ilə seçilir. Fürsət düşdükcə ora getməyi çox sevirəm.
Bunu AZƏRTAC-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Ronen Krausz deyib.
Azərbaycanda bir çox bölgələrdə olduğunu bildirən səfir Naxçıvan, Şəki, İsmayıllı, Quba və Qəbələyə səfərlərini, eləcə də ölkənin digər guşələri ilə tanışlığını xatırladıb.
Onun sözlərinə görə, Azərbaycanın mənzərələri, təbiəti, dağları və meşələri həqiqətən qeyri-adidir. Səfir xüsusilə qış aylarında bölgələrə səfər etməyi sevdiyini vurğulayıb.
Ronen Krausz paytaxtdan kənara çıxmaq və ölkənin bölgələrini gəzmək üçün hər fürsətdən istifadə etdiyini, belə imkan yaranan kimi səfərə yollandığını qeyd edib.
Fotoqrafiyanın Azərbaycanın zənginliyini və özünəməxsus gözəlliyini nümayiş etdirmək üçün təsirli vasitə olduğunu bildirən diplomat deyib: “Düşünürəm ki, “Başqa Azərbaycan” sərgisində təqdim olunan fotoşəkillər ölkənizin təbiətinin, mənzərələrinin və insanlarının səmimiliyini yüksək səviyyədə əks etdirir. Azərbaycanı tanımayan insanlar bu fotoşəkillərə baxaraq ölkə haqqında müəyyən təsəvvür əldə edə, onun ab-havasını hiss edə bilərlər. Bu isə onların Azərbaycana gəlmək istəyini və ölkənizə marağını daha da artırır”.