Merz Berlində Ukrayna üzrə "İstəklilər koalisiyası"nın sammitinə ev sahibliyi edəcək Dünya

Merz Berlində Ukrayna üzrə "İstəklilər koalisiyası"nın sammitinə ev sahibliyi edəcək

Almaniya Kansleri Fridrix Merz cümə axşamı Berlindəki Kanslerlik binasında Ukrayna üzrə böyük sammit çərçivəsində "İstəklilər koalisiyası"na daxil olan təxminən 30 ölkənin liderini qəbul edəcək.

Xalqcebhesi.az xəbər verir ki, Kiyevin tərəfdarlarından ibarət qrup sammitdə Ukraynanın Rusiyaya qarşı müdafiə mübarizəsinə dəyişməz dəstəyini təsdiqləmək, eləcə də müharibənin dayandırılması ilə bağlı davam edən danışıqlar üzrə mövqelərini uzlaşdırmaq niyyətindədir.

Atəşkəs əldə olunacağı təqdirdə "İstəklilər koalisiyası" Ukraynaya, o cümlədən çoxmillətli qüvvələr çərçivəsində təhlükəsizlik təminatları verməyi planlaşdırır. Hazırda bu qüvvələr Polşada, Rumıniya üzərindəki hava məkanında və Qara dənizin qərb hissəsində ilk təlimlərini keçirirlər.

Bu, son onilliklər ərzində Almaniyada keçirilən ən böyük sammitlərdən biridir. Merzlə yanaşı, sammitdə Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Endi Bernem də iştirak edəcəklər. Tədbirə Ukrayna Prezidenti Volodimir Zelenskinin, həmçinin amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin də qatılacağı gözlənilir.

Qeyd edək ki, Ukrayna müttəfiqlərinin sammiti ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin Çinin Şençjen şəhərində keçirilən tarixi üçtərəfli görüşündən dərhal sonra baş tutur. Məlumata görə, həmin görüş dünya nüvə arsenalının azaldılmasına, lakin ehtimal ki, həm də Ukrayna məsələsinə həsr olunub.

Məryəm Quliyeva