Tbilisidə yaşayış binasında qaz partlayışı baş verib, xəsarət alanlar var Dünya

Tbilisidə yaşayış binasında qaz partlayışı baş verib, xəsarət alanlar var

Tbilisinin Poniçala rayonundakı yaşayış binasında baş verən partlayış nəticəsində dörd nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilənlər arasında bir uşaq da var. İlkin məlumata görə, hadisəyə təbii qaz sızması səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, Gürcüstan KİV-lərinin məlumatına əsasən, partlayışdan sonra bina sakinləri təxliyə ediliblər. Gürcüstanın daxili işlər nazirinin sözlərinə görə, polis aralarında uşaqların da olduğu yeddi nəfərin yerini müəyyənləşdirir. Xilasetmə işləri binanın uçma təhlükəsi səbəbindən çətinləşib.

Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze bildirib ki, zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və həkimlərin nəzarəti altındadırlar. Onların hamısına zəruri tibbi yardım göstərilir.

Tbilisi meri Kaxa Kaladze bəyan edib ki, bələdiyyə laboratoriyası binanın dayanıqlığını qiymətləndirmək üçün müayinə aparacaq. Sakinlər üçün otellər hazırlanıb. Zərurət yaranacağı təqdirdə, binada yaşayan bütün 90 ailə müvəqqəti yaşayış yeri ilə təmin olunacaq.

Məryəm Quliyeva