BAMF-da Misirin turizm üzrə nümayəndələri ilə görüş Hadisə

BAMF-da Misirin turizm üzrə nümayəndələri ilə görüş

Ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının təmsil olunduğu nümayəndələr Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyi ilə görüşüblər. BAMF-ın əsas ofisində baş tutan görüşdə Misir turizm idarəsinin rəhbəri Əhməd Şokri, Misir Otelyerlər Assosiasiyasının rəhbəri Əhməd Əyyub , Misir turizm idarəsinin Praqadakı rəsmi nümayəndəsi Məhəmməd Desuki , Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami iştirak edib.
Qonaqları salamlayan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. U.Mirzəyev, Azərbaycan və Misir arasında münasibətlərin inkişaf etdiyini bildirərək, turizm sahəsində də əməkdaşılığın yüksək səviyyəyə çatdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Umud Mizrəyev Misirin dünya ölkələri arasında daha çox inkişaf etmiş turizm sahəsi ilə tanındığını xüsusi qeyd edərək, bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinin Azərbaycan, o cümlədən ölkənin aparıcı vətəndaş cəmiyyəti təmsilçisi olaraq BAMF üçün də faydalı ola biləcəyini bildirib. Daha sonra qonaqlara Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsisçisi olduğu Avrasiya Gündəliyi ("Eurasiya Diary")analitik informasiya portalı haqqında geniş məlumat verilib.
Misir turizm idarəsinin rəhbəri Əhməd Şokri və Misir Otelyerlər Assosiasiyasının rəhbəri Əhməd Əyyub belə bir görüşün baş tutmasına görə BAMF sədrinə minnətdarlıqlarını bildiriblər. Onlar Misirdə turizm sənayesinin ölkə iqtisadiyyatının pioritet istiqamətlərdən olduğunu vurğulayaraq, son illər bu sahədə böyük irəliləyişlərə nail olunduğunu qeyd ediblər. Onlar bildiriblər ki, səfər çərçivəsində rəsmi nümayəndə heyəti ilə yanaşı, Misirin 13 aparıcı turoperatoru da yerli turizm şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq üçün Bakıya gəlib. Qonaqlar bildiriblər ki, ən yaxın zamanda Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır. Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 ABŞ dolları təşkil edəcək. Qonaqlar bir daha bəyan ediblər ki, azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından, Misir Turizm Nazirliyi va Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər və bu gün azərbaycanlı turistlərə yeni və yüksək keyfiyyətli cəlbedici turizm paketlərini təklif etməyə hazırdırlar.
Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.