Hüseyn BAYKARA Hadisə

Hüseyn BAYKARA

Azərbaycan tarixində "Qaçaqçılıq" hərəkatı

I yazı

İstilaya uğrayan və çeynənən, əsarətə düşən, zülm və işgəncə çəkən, öldürülən və sürgün edilən xalqla, çeynəyən, öldürən və sürgün edən zalım rus imperialist rejimi arasında tarix boyunca savaş davam edərək gəlib və davam edib gedəcək. Çeynənən, öldürülən xalqla zalım imperialist idarə arasında savaş müxtəlif şəkillərdə olub. Bəzi məhkum xalq imperialist idarəyə vergi verməmək, imperialist idarəsinin istehsalı olan malları satın almamaq, iməciliklərdən boyun qaçırmaq kimi passiv mübarizə şəklində davranışlarda olur və beləliklə, zalım hakim idarəçiliyini qəbul etmir. Bəzən imtina hərəkatı feilən imperialist idarənin məmurlarını öldürmək, idarələrini yandırmaq kimi başqaldırma – üsyan etmə yolu olurdu. Biz "Azərbaycanda Kənd hərəkatı" bölümündə bu hadisələrə örnəklər verdik. Azərbaycanda rus işğalçılarına qarşı başqaldırma hərəkatı rus çarizm idarəsi Azərbaycanı işğal edər-etməz başlamışdı. Bunun örnəyini biz "Azərbaycanda yeniləşmə hərəkatı" adlı kitabımızda "Şair Zakir" bölümündə vermişik. Bu xalq və kəndli başqaldırmaları və üsyanları özəlliklə 1840-cı ildə çarizm tərəfindən "Krepostnoy – köləlik rejimi" Azərbaycana tətbiq edilərək, "bəylər" torpaqların mülkiyyətinə sahib edildikdən sonra və torpaq üzərində çalışan kəndlilər "bəylərin" torpağa bağlı köləsi halına qoyulduqdan sonra ardı-arası kəsilmədən davam edib.
Azərbaycanda "Qaçaqlar" hərəkatı rus çarizm rejiminə qarşı davamlı başqaldırma və əldə silah olaraq zülmə qarşı mübarizənin bir örnəyini təşkil edib. Azərbaycan xalqı bu məşhur igidlik və qəhrəmanlıq dastanlarını yaradan qaçaqları sevmiş, öymüş və qoruyub. Çünki bu qaçaqlar bütün Azərbaycan xalq kütlələrinin zalım rus idarəsinə qarşı ürəkdən duyduqları kini, imtinanı ifadə ediblər. Qaçaqlar bəzən dağlarda, bəzən kəndlərdə, bəzən şəhərlərdə, rus kazakları ilə burun buruna, boğaz boğaza deyiləcək qədər yaxından savaşıb və çətin savaşlardan sıyrılıb qurtarmağı bacarıblar. XIX yüzilin son rübündə Gəncə bölgəsində bu qaçaqlardan məşhur olanları Dəli Alı və Qəmbər, Qarabağda Süleyman və Murtuza, Şuşada Məhəmməd bəy Kavaler, Zaqatalada Yusif, Zəngəzurda Nəbi, Nuxada Qutqaşınlı Kərim Əfəndi oğlu və başqaları idilər.
Biz burada zəngəzurlu Qaçaq Nəbi, gəncəli Dəli Alı, şuşalı Məhəmməd bəy Kavalerdən söhbət açacağıq. Bunlar Azərbaycanda çarlıq zamanında ruslara qarşı yürüdülən qaçaqlar hərəkatının, zamanımızdakı anlamı ilə "Gerilla" ("gerilla" – ispan sözüdür, "nizamsız müqavimət" mənasındadır – A.H.) savaşı aparanların örnəklərini, əsarət altına düşən Azərbaycan xalqının imkanlarına dayanaraq veriblər.
Qaçaqlar hərəkatı XIX yüzilin son rübündə çar idarə sistemini qorxuya düşürəcək dərəcədə artıb. 1882, 1885 və 1890-cı ildən sonra ardı ardına davam edib. Bu qaçaqlar hərəkatı səbəbindən o tarixlərdə Qubaya gələn Qafqaz əsgəri qüvvətləri komandiri və mülki idarə müfəttişi, general Dondukov-Korsakov (Dondukov-Korsakov Aleksandr Mixayloviç (1820-1893) – knyaz, general. 1882-1890-cı illərdə Qafqaz hərbi dairəsinin komandiri olub – A.H.) qaçaqlarla mübarizədə yerli idarə rəhbərlərinə geniş səlahiyyət verməklə bərabər əsgəri birliklərin də onlara yardım göstərməsini əmr etmişdi.
Peterburqda yayımlanan "Narodnaya volya" qəzeti 1885-ci ildə dövlət məmurlarını, mülk sahibi bəyləri qorxuya salan qaçaqlardan söz ediyi kimi, Qafqazda "Qaçaq Kərimin (Söhbət, yəqin ki, Qaçaq Kərəmdən (1860-1910) gedir. Kərəm on beş il qaçaqlıq etmiş, bütün Qafqazda, İranda, Türkiyədə tanınıb – A.H.) məmurları və bəyləri pərişan eylədiyindən ..." uzun-uzun yazıb. 1888-ci ildə Quba həbsxanasındakı dustaqlar bir qaçağı qaçırmaq üçün üsyan ediblər və həbsxana qapılarını qıraraq, çölə çıxıb, gözətçi strajniklərlə (jandarma) savaşa giriblər, arala¬rındakı qaçağı qaçırmağı bacarmışdırlar. Bu savaş sonunda rus əsgəri və polislərindən ikisi ölmüş və üçü də ağır yaralanmışdı. Xülasə, imperialist işğalçı rus çarizm idarəçiliyinin heç bir tədbiri Azərbaycandakı qaçaqlar hərəkatınını qarşısını ala bilməmişdi.
Azərbaycan qaçaqlarından XIX yüzilin son rübünü dolduran üç qaçağı əldə etdiyimiz bilgilərə dayanaraq və duyduqlarımızı da əlavə edərək anladacağıq. Zəngəzur və Naxçıvanda igidliklə Gerilla savaşı verən Qaçaq Nəbi Gəncə vilayəti Zəngəzur ilçəsi Aşağı Mollu kəndində (indi Qubadlı) doğulmuşdu. Nəbinin yoxsul atası yeddi nəfərlik ailəsini çətinliklə keçindirirdi. Nəbi 16 yaşına çatanda bir dəfə bəy onun atasını döymüşdü. Bunun nəticəsində Nəbi bəyin üzərinə atılaraq bəyi döymüşdü. Bəyin şikayəti üzərinə Nəbi tutularaq sürgünə məhkum edildi. Bir fürsət taparaq həbsxanadan qaçan Nəbi başına bir kəndli dəstəsi toplayaraq, rus çarlıq rejimiunə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı savaş açır. Nəbinin arvadı Həcər ilə baldızı Mehri də Nəbinin ruslara qarşı çıxışlarında ona yardımçı olmuşdular. Nəbinin bölgəsi Zəngəzur və Naxçıvan vilayətləri idi. Azərbaycanın başqa vilayətlərində Nəbinin çağdaşları da başqa qaçaq dəstələri ilə hərəkatlarını sürdürürdülər. Nəbi rus kazak birlikləri ilə zaman-zaman savaşır və çətinə düşəndə İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu qaçaqlıq hərəkatını yatırtmaq üçün insanlıqdan kənar zülmün heç bir şəklindən çəkinmirdi.
1894-cü ilin iyul ayının 20-də Nəbinin qardaşı Mehdi Gürcüvan kəndində çarın casusları tərəfindən pusquya düşürülərək öldürüldü. Bu olaydan üç gün sonra Nəbi Gürcüvan kəndinə gələrək, o kəndin ağalarından çarlığa xidmət edənləri öldürdü və rus kazak birlikləri ilə savaşa tutuşaraq, Arazın o biri tərəfinə – İrana keçdi. Arvadı Həcəri Çiçəkli kəndində buraxdı. Rus idarəsinin casusları Həcərin Çiçəkli kəndində olduğunu xəbərlədilər və Həcər bacısı Mehri ilə birlikdə yaxalanaraq həbsə atıldı. Gorus bölgəsi qalasına qapadıldı. 1895-ci il oktyabr ayının 28-də Nəbi Gorus qəsəbəsini öz dəstəsilə mühasirəyə aldı və rus rəisdən (qaymaqam) Həcəri və baldızını istədi. Rus rəis Nəbinin istəyini yerinə yetirdi.
Nəbi mindiyi məşhur Bozatına belə söyləyir:
Bozat səni baş tövlədə bağlaram,
Əgər məni bu vartadan qurtarsan,
Ayağını altın, gümüş nallaram
Qoy mənə desinlər, ay Qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi.
( "Varta" sözü təhlükəli vəziyyəti ifadə etmək məqamında işlədilir. Dastanın Azərbaycanda nəşr olunan variantlarında bu sözün əvəzinə "davadan" işlənib – A.H.)
Bu uzun dastanın mövzu baxımdan əsasını rus imperializminə qarşı mücadilə təşkil edir və bir çox dəfə dastanda "Nəbi urusları burda qoymadı" misrası təkrarlanır.1 896-cı ilin mart ayında Nəbi arkadaşları ilə Kərbəladan dönərkən, Türkiyə ilə İran sərhədi arasında yerləşən Larni kəndində öncədən rus-çar casusları tərəfindən tərtiblənmiş olan pusquya qurban gedir və öldürülür. Rus çar idarəsinin qaçaqların ailələrinə qarşı apardığı ağır münasibət insanlıq və ədalət prinsiplərinə heç bir zaman uymamışdı. Şair Zakirin arvadının Şuşanın rus komandanı Tarxanov tərəfindən zorla əlindən alınaraq, bir rus "mujik"i ilə evləndirildiyi və zavallı azəri türk qadınının beləliklə öz toplumundan qoparılaraq qeyb olduğu və şair Zakirin beləliklə rəzil edilmək istənildiyi Azərbaycan tarixində bilinən və unudulmayan olaylardandır. Bəzi qaçaqların arvadlarının zorla rus "soldat"larının (əsgər) təcavüzlərinə tərk edildiyi də yaddan çıxmayıb.
Gerilla savaşı tarixini yazanlar XIX yüzildə bu savaşın yaradıcıları olaraq Qafqaz müsəlmanlarını göstərirlər. İmam Şamil Gerilla ustadlarından biridir. Müəyyən bir kənd, qəsəbədə rus əsgərlərilə savaşa girən qaçaqlar bir müddət savaşdıqdan sonra yenə o bölgədə xalq arasına qarışaraq qaynaşıb ortadan qeyb olurdular. Bu üsul gerilla savaşı zamanında gerillaçılığın ən yaxşı taktikası olmaqdadır. Azərbaycan gerilla (qaçaqlar) tarixində çox maraqlı bir olaya rast gəlirik ki, o üsul zamanımızda çox mənimsənilmiş bir üsuldur. 1870-ci ilin sonlarında Qazax rayonu Quşçu kəndi əhalisi ağalardan İsgəndərbəyovların zülmünə qarşı baş qaldırdılar. Bəylərə yardıma gələn rus kazakları üsyanı qanlı bir şəkildə yatırtdılar. Kəndlilər Tiflisdə oturan çar naibinə şikayət etmək üçün aralarından bir heyət seçərək göndərmək istədilər. Rus məmurlar və ağalar bunların Tiflisə getmələrinə əngəl oldular. Bunların arasında Mürsəlqulu adlı bir kəndli gecə ikən qaçaraq, Tiflisə və oradan da çar naibinin oturduğu Qoçori bağ evinə yetişə bildi. Fəqət haraya baş vurdusa, çar naibini görmə imkanı tapa bilmədi və çar vəkilinin sarayına yanaşdırılmadı. Bundan ötrü Mürsəlqulu bir çarə düşündü. Əlbisəsini qaz yağı ilə islatdı. Çar vəkilinin sarayına yaxın bir yerdə gözlədi. Çar vəkili sarayından çıxıb arabasına mindiyi vaxt Mürsəlqulu özünü yandırmağa başladı. Və əlbisəsinə od vurdu. Bu durumu görən xalq yaxınlaşaraq, Mürsəlqulunu yanmaqdan qurtardı və atəşi söndürdü. Bu mənzərəni görən çar vəkili Mürsəlqulunu çağıraraq, özünü yandırmasının səbəbini soruşdu. Mürsəlqulu Qazağın Quşçu kəndindəki ağaların və çar məmurlarının zülmündən kəndlilərin bezdiklərini və ölümə razı olduqlarını anlatdı. Beləliklə, Quşçu kəndinin xalqı ağaların zülmündən qurtarmış oldu. Bu olay həmən bütün Azərbaycana yayılaraq duyulunca, bir çox yerlərdə ağalara qarşı kəndli başqaldırmaları oldu.
Çar Rusiyası "krepostnoy" – köləlik hüququnu 1841-ci ildə senator Qanın düzənləməsilə Azərbaycana gətirib tətbiq etdikdən və 1846-cı ildən xan, bəy və ağalara kəndliləri mühakimə etmək və kəndlilərə qarşı polis idarəsi gücünü tətbiq etmək haqqını tanıdıqdan sonra Azərbaycanda kəndli üsyanları və qaçaqlar hərəkatı bir xalq hərəkatı olaraq baş vermişdi. Bundan açıqca görünür ki, Azərbaycan tarixində başqa xalqların tarixində olduğu kimi haqq, hüquq, azadlıq, hürr olma, əsarətdən qurtulma mücadiləsi və ruhu tarixi inkişafı çox ağır şərtlər altında olsa da, davam etmişdi və edəcəkdir də. Zamanımızda Vyetnamda mistik buddist rahiblərin xalqlarının hürriyyətinə edilən imperialist təcavüzlərə qarşı etiraz hərəkatına başlayaraq özlərini yandırmaları və çox yaxın zamanda Çexoslovakiyada imperialist rus milli kommunistlərin etdikləri qaba və qanlı müdaxiləyə etiraz etmək üçün gənc, cəsur və qəhrəman Jan Palanın özünü yandırması Azərbaycan xalqı üçün yeni bir şey deyil.
"Azərbaycan tarixində qaçaqlar hərəkatı". Bu parça "Azərbaycan istiqlal mücadiləsi tarixi" (İstanbul, Gənclik Basımevi, 1975) kitabından (səh.89-106) götürülüb.

Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru