Azərbaycan tarixində “Qaçaqçılıq” hərəkatı Hadisə

Azərbaycan tarixində “Qaçaqçılıq” hərəkatı

Hüseyn BAYKARA

II yazı

Özünü görən və tanıyanlardan öyrəndiyimə görə, Dəli Alı 1898-ci ildə 22 yaşında silahını alaraq dağa çıxmışdı. Ancaq bu dağa çıxışın əsl səbəbi bizə məlum deyil. Gəzdiyi və gizləndiyi çevrədə kəndlilərin himayəsinə sığınmış, özünü onlara sevdirmiş və buna görə dağlarda, meşələrdə sığınacaq aramamışdı. Rus birlikləri ilə savaşa tutuşduğu zamanlar dağlar, meşələr Dəli Alıya yataqlıq etmişdi. Dəli Alı qaçaqçılığa başladığı 1898-ci ildən 1913-cü ilə qədər rus strajnikləri və kazakları ilə bir çox dəfə, sonuncu hər iki tərəf üçün də qanlı olan savaşlara tutuşmuşdu.
Əslən Gəncənin Qarasu (Əslində kəndin adı Qarasuçudur və hazırda Göranboy rayonu ərazisinə daxildir – A.H) kəndindən olub, uca boylu, enli kürəkli, sərt baxışlı, yaraşıqlı, zəkalı və hazırcavab bir gənc imiş. Dəli Alı rus-yapon savaşında, rusların məğlubiyyətə uğramasından böyük ümidlərə qapılmışsa da, bu ümid siyasi gerçəkliyə çevrilməmişdi. Bundan ötrüdür ki, 1905-ci il Birinci rus inqilabı illərində belə qaçaqlığı buraxaraq dağlardan enməmişdi. O, əldə silah başına topladığı cəsur və döyüşkən kəndli arkadaşları ilə bir dəstə şəklində olan birliyini ciddi intizamla bəzən kəndlərə dağılaraq və kəndlilərə qarışaraq Gəncəyə yaxın meşə və dağ kəndlərinə sığına bilmişdi. Həqiqətən Dəli Alının bu tədbirli hərəkəti Gəncədə azərtürk xalqına qarşı ermənilərin başladıqları qırğın zamanı çox işə yaramış və Gəncə xalqını erməni gülləsindən qurtarmışdı.
Çarizmin Qafqazdakı yüksək vəzifəli məmurları erməniləri silahlandıraraq, azərtürklərinin üzərinə hücuma keçmələrini təmin və təşviq etdilər.
Məhz bu zaman Dəli Alı başına topladığı dəstələri (Gerilla birlikləri) ilə Gəncənin böyük erməni kəndləri olan Bayan və Çardaxlı (S.Rəfiqin "Azəri xalq ədəbiyyatında "Dəli Alı" dastanı" məqaləsindən təsirlənərək yazıldığına görə, eyni məqamda yanlışlığa yol verilib. Əslində Bayan və Çardaxlı Azərbaycan kəndləridir. Müəllif Azərbaycan ərazisində ermənilərin daha sıx yaşadığı yeri bildirmək üçün bu ifadəni işlədib – A.H.) və başqa bir neçə kəndi işğal etdi. Qadın, uşaq və qocalara toxunmadan əli silah tutan ermənilərə haqq etdikləri divanı tutdu (qarşılıq verdi).
Dəli Alı yenə birliklərini alaraq, öz dağlarına və meşələrinə çəkilərək, öz çevrəsində hökmranlığına başladı. Bu arada Dəli Alınıın rus jandarma və kazakları ilə dəfələrlə savaşa girdiyini və mühasirə edildiyində bu çətin savaşlardan igidliklə çıxa bildiyini, 60-70 rus rus əsgər və jandarmasını öldürdüyünü anlatmağa gərək yoxdur.
Çarlıq – Romanov xanədanının 300 illiyi törəni münasibətilə çar bir əfv fərmanı hazırladı. Bu zaman Peterburqdan knyaz-general Qalitsin Gəncəyə gəldi. Gəncə rus valisinin vasitəsilə Gəncəyə yaxın bir dağ mövqeyində Qalitsin ilə Dəli Alı arasında müzakirə başladı və sonuc anlaşma ilə nəticələndi. Ümumu əfvdə Dəli Alının əfv edildiyi elan olundu. Bundan sonra Dəli Alı Peterburqa çar ailəsinin 300 illiyi törəninə dəvət edildi.
QAÇAQ MƏHƏMMƏD BƏY KAVALER
Doğulduğu və öldüyü tarixlər haqqında əlimizdə bir bilgi və qaynaq yoxdur. Ancaq Qaçaq Nəbinin çağdaşı və arkadaşı olduğu bilinməkdədir. Onun haqqında Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" adlı kitabında çox qısa, yanlış dəyərləndirilmiş bir tərcümeyi-halı və bir də dərin mistik (təsəvvüfi) qəzəlini tapa bilmişik. Yarım əsrə yaxın bir zaman öncə Şuşanın tanınmış din adamı, ədibi və şairi Mirzə Cəlal əfəndidən Qaçaq Məhəmməd bəy Kavalerin Azərbaycanın musiqi ustadlarından Sadıq Əsədoğlunun (Sadıqcan (1846-1902) toyuna (düyününə) bir axşam vaxtı qəflətən Qaçaq Nəbi ilə birlikdə getdiklərini və çox qələbəlik olan toy əhlinin Qaçaq Nəbi ilə Qaçaq Məhəmməd Kavalerin gəldiklərini görüncə çox qorxduqlarını və sazəndənin susduğunu, Qaçaq Məhəmməd Kavalerin: "Əyləncənizə davam edin", – deyə işarət etməsi və söyləməsindən sonra sazəndənin çalmağa başladığını və toyun daha coşğun bir havaya və bir nəşəyə büründüyünü, beləliklə, iki məşhur qaçaq dostun Sadıqcanın toyunda iki saat qədər oturduqdan sonra sazəndə qrupuna və xidmət edənlərə bol bəxşişlər verərək toydan ayrılıb getdikləri hekayəsini dinləmişəm.
Yenə rəhmətlik Mirzə Cəlal əfəndi mənə aşağıdakı olayı anlatmışdı: "Məhəmməd bəy Kavaler Şuşa-rus həbsxanasında dustaq olan zaman öz həyatından bəhs edən farsca bir poem (mənzum hekayə) yazdığını və bu mənzum hekayədə rus işğalçı imperialist rejiminin azəri xalqının başına gətirdiyi zülmü dilə gətirdiyini, bu hekayənin sonunu rus çar rejiminə qarşı belə tamamladığını:

Dər həbsxaneyi-rus
Əz hökuməti "Dəyyus".

Qaçaq Məhəmməd bəy Kavaler Qarabağ vilayətinin mərkəzi olan Şuşa şəhərinin öz yerlisi olub, Çuxur məhəlləsindəndir. Çuxur məhəlləsində Xan sarayından başqa bir neçə dənə böyük daş bina var. Elə bunlardan biri olan, üzü boydan-boya Çuxur məhəlləsinin meydanına baxan və böyük alaqapısı üzərində: Kuşadı badı be devlət həmişə in dərgah, Be haqqı eşhədü-en-la lailahe illəllah – yazısı daşa oyularaq yerləşdirilən evdə doğulmuşdu.
Bu gün belə ayaqda duran və içində on beşdən çox erməni ailəsinin sığındığı bina Qaçaq Məhəmməd Kavalerin evidir. Qaçaq Məhəmməd Kavaler Şuşa şəhərinin tanınmış ailələrindən və sayılan kişilərindən Şirin bəyin oğludur. Şirin bəyin anasının adı Mahpəri xanım imiş. Şirin bəyin arvadı Tükəzban xanımdan beş oğlu, bir qızı olmuşdu. Məhəmməd bəy Kavaler onlardan biri imiş. Şirin bəyin Həsən bəy adlı bir oğlu ruslara qarşı Qarabağda aparılan mücadilədə tutulmuş və ömrünü Bakıda Şamaxinka deyilən rus həbsxanasında bitirmişdi. O biri oğlu Tağı bəy 1905-ci ildə Qafqazdan (Vladiqafqaz) Şuşaya gedərkən, Bakıda müsəlmanlara qarşı aparılan erməni qırğınında öldürülmüşdü. Üçüncü oğlu Qaçaq Məhəmməd bəy Kavaler Mir Möhsün Nəvvabın verdiyi çox qısa bilgiyə görə, 45 yaşında öldürülmüşdü. Təxmini olaraq söyləyə bilərəm ki, ölümü Qaçaq Nəbi ilə bir-birinə yaxındır və Üçüncü Aleksandr zamanında ölmüşdü. Çünki Üçüncü Aleksandrın qaçaqlara, siyasi şəxslərə və təşkilatlara qarşı qanlı və şiddətli surətdə hərəkətə keçdiyi illərə təsadüf edir.
Qaçaq Məhəmməd Kavalerin qaçaqçılığının səbəbi işğalçı rus çar rejiminin xəzinə gəlirini əngəlləməkdə olmasıdır. Olay belə idi:
Yeni sənayeləşməyə başlayan Rusiya o zamankı Qərb texnikasına görə geri qalmış bir ölkə sayılsa da, Azərbaycan, Türküstan, Dağıstan və başqa müstəmləkələrinə göndərə biləcək və bu ölkələri bazar olaraq istifadə edə biləcək qədər tekstil, şəkər və başqa məhsullar yetişdirən zəif bir sənaye ölkəsi idi. Digər tərəfdən, Araz çayı ilə sərhəd olaraq ayrılan Güney – İran Azərbaycanına, Fransa və İngiltərədən tekstil, şəkər, çay və başqa fabrik mallarının daha yaxşısı və ucuzu gəlirdi. Rus malları keyfiyyət cəhətdən bu mallardan aşağı səviyyədə olduğu kimi dəyərinə görə də bahalı idi. Məhz bu şəraitdə İran Azərbaycanı ilə Qafqaz Azərbaycanı arasında bir mal qaçaqmalçılığı baş verməkdə idi. İrandan qaçaq olaraq, gömrüksüz gətirilən mallar alıcıya daha ucuz satılırdı. Qaçaq Məhəmməd Kavaler bu qaçaqçılıq işini elə bir şəkildə təşkil edibmiş ki, rus xəzinəsi bundan böyük zərərə uğrayırmış.
Araz çayı sahillərindən qaçaqların mallarını "bu taya" – Qarabağa rus kazak və strajniklərin müdaxiləsindən çəkinmədən keçirə bilmələri üçün Qaçaq Məhəmməd mənzillər hazırlamışdı. Qaçaqçılar bu mənzillərdən rahatca faydalanır və bu xidmətə qarşılıq Qaçaq Məhəmməd Kavalerə bir hissə verirdilər. Qaçaq M.Kavaler də bu aldığı hissələrlə qaçaqları himayə etmək üçün qurduğu dəstənin (gerillası) mənsublarını bəsləmişdi.
Bu olay açıqca rus xəzinə gəlirini Azərbaycan müstəmləkəsində Qarabağ bölgəsində gömrük yönündən baltalamaq idi. Mirzə Fətəli Axundzadə "Hacı Qara" adlı pyesində bu olayı komik bir şəkildə çox gözəl xarakterizə etməkdədir. Bir tacirin manufaktura mağazasına qumaş almaq üçün gələn müştəri: "Mənə firəng malı qumaş ver",– deyə israr eyləməkdədir. Mağaza sahibi tacir müştəriyə rus malı satmağa çalışmaqdadır. Tacirlə müştəri arasında dialoq çox komik və qəribədir. Müştəri heç cür rus malına yanaşmamaqdadır.
Bu olay təbiidir, Qaçaq M.Kavalerin qaçaqları himayə edərək, onlardan vergi alması elə anladıldığı kimi asan olmamaqdadır və rus sərhəd mühafizəçiləri ilə Qaçaq M.Kavalerin arasında qarşılıqlı çatışmalar olmaqla, bəzən kazaklar, bəzən də Kavalerin dəstələri insan itkilərinə uğramaqdadırlar. Bütün bu çətin şərtlər altında qaçaqçılıq baş alıb getməkdə və davam etməkdədir. Bu savaşlara bəzən Qaçaq M.Kavaler öz dəstəsi və ya dəstələri başında şəxsən iştirak etməkdədir. Təbii, hər qaçaq və seçilmiş insanın dostu olduğu kimi, düşməni də var. Qaçaq M.Kavaler rus tərəfini saxlayan və ruslara casusluq edən düşmənlərilə də mübarizə aparmaqdadır. O zamanın şərtlərinə görə, Qaçaq M.Kavaler bu iki tərəfli mübarizəyə taleyinin təqdirilə sürüklənmişdi.
Bu çağ, sanıram, Üçüncü Aleksandrın zamanına uyğun gəlir. Necə olur, araya kim girir? Bu cəhətlər haqqında bir tarixi sənəd və qaynaq əldə edə bilmədim. Qaçaq Məhəmməd Kavaler çar tərəfindən əfv edilir və ona kavaler kapitan rütbəsi verilərək bir maaş təyin edilir. Bu tarixdən sonra Qarabağ xalqı (Qarabağda yaşayan əhali nəzərdə tutulur – A.H) Qaçaq Məhəmməd ailəsini Kavalerli kimi xatırlayır və tanıyırlar. Bu soyad onun qardaşları tərəfindən gələn bütün qohumlarına yayılır. Xalq arasında bu qələbəlik ailəyə "Geverelliler" deyirlər.
O çağda Qaçaq Məhəmməd Kavalerin "üzə şıxması" çar tərəfindən əfv edilməsi və ona rütbə verilərək maaş təyin olunması, yalnız Qarabağda deyil, bütün Azərbaycan və İranda da böyük əks-səda doğurmuşdu. Əsasən xalq tərəfindən sayılıb-sevilən Qaçaq Məhəmmədin ailəsi bu tarixdən sonra da, hər zaman, hər yerdə əskisindən daha çox sevgi və sayğı ilə qarşılanmışdı. "Bu adam Geverellilərdəndir", – deyildimi, o adam ayrı, özəl bir hörmət və sayğı görürmüş. Qaçaq Məhəmmədin bu üzə çıxma olayı neçə il davam etmiş? Bu barədə də əlimizdə tarixi bir bəlgə yoxdur. Elə sanıram ki, bu üzə çıxma olayı uzun müddət davam etməmişdi. Çünki Qaçaq Məhəmməd Kavalerin düşmənləri vardır və bunlar çarizm idarəsinin yüksək vəzifəli adamlarına davamlı olaraq Qaçaq M.Kavalıer haqqında xəbər verirlər və "Üzə çıxan Qaçaq M.Kavalerin dəstələri yenə əvvəlki kimi qaçaqçıları gözətləyərək qorumaqda və eyni təşkilat heç dəyişmədən yürüdülməkdədir", – deyirlər. Belə bir vəziyyətdə Qaçaq M.Kavaler yenə silahını əlinə alaraq, şəhərdən ayrılmış və dağdakı arkadaşlarının yanına çəkilmək zorunda qalmışdı. Bu tarixdən öldürüldüyü tarixə qədər Qaçaq M.Kavalerin rus hökuməti ilə verdiyi gerilla savaşları ən kritik bir dövrəyə girmiş olur və şəxsi düşmənləri ilə də hesablaşmağa qərar verir.
Söz gəlişi, bunlardan bir örnək anladaq: Qaçaq M.Kavalerin Hacı Şükür (Şükrü) adlı bir düşməni var. Bu adamın işi-gücü K.M.Kavalerin bütün qaçaqlıq və qaçaqçılıq hərəkatını izləyib, adamların vasitəsilə izlədib rus jandarma təşkilatı, gizli işlər şöbəsinə xəbər verməkdir...
"Azərbaycan tarixində qaçaqlar hərəkatı". Bu parça "Azərbaycan istiqlal mücadiləsi tarixi" (İstanbul, Gənclik Basımevi, 1975) kitabından (səh.89-106) götürülüb.

Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru