Uraldakı Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb - YENİLƏNİB-1 Hadisə

Uraldakı Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb - YENİLƏNİB-1

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin saxlanılması ilə bağlı bəzi detallar məlum olub.

APA-nın Rusiya bürosu "E1" portalına istinadən xəbər verir ki, Mutvalı Şıxlinski barəsində axtarış elan olunacağı bildirilib.

Məlumata görə, o, hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi əsasında iki sutka müddətinə saxlanılıb.

Saxlanma müddəti başa çatdıqdan sonra məsələ ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

***
23:05

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.

APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan sonra yerli hüquq mühafizə orqanları iyulun 1-də Azərbaycan diasporunun sədri Şahin Şıxlinskiyə də qarşı əməliyyat keçiribər. Şıxlinski avtomobildə hərəkətdə olan zaman xüsusi təyinatlı qüvvələr maşının qarşısını kəsib, zor tətbiq edərək Azərbaycan diasporunun sədri və oğlu Mutvalı Şıxlinskini saxlayıblar. Saxlanılan zaman sükan arxasında olan Mutvalı Şıxlinski özünü itirərək avtomobili geriyə sürüb, bu zaman avtomobilin dəydiyi hüquq mühafizə orqanının əməkdaşı yerə yıxılıb.

Mutvalının bu gün axşam saatlarında məhz həmin epizoda görə saxlanıldığı, onun barəsində RF Cinayət Məcəlləsinin 318-ci maddəsi ( hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açıldığı bildirilib.

***
21:22

Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.

APA xəbər verir ki, bu barədə "Ura.ru" mənbəsinə istinadən məlumat yayıb.

“İlkin məlumata görə, Mutvalı iki saat əvvəl saxlanılıb. Onun müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi planlaşdırılır. Daha sonra barəsində həbs qətimkan tədbiri müəyyən ediləcək”, – deyə mənbə bildirib.

"RBK"nın məlumatına görə də, Mutvalı Şıxlinski saxlanılıb və hazırda dindirilir. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ məlum deyil.

"E1" portalının iddiasına görə isə, hadisəyə səbəb iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mutvalı Şıxlınskinin saxlanması zamanı sonuncunun hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirməsi olub.