Bataqlıq ərazilərinin yox olmasına görə dünya 39 trilyon dollar zərərlə üzləşə bilər Dünya

Bataqlıq ərazilərinin yox olmasına görə dünya 39 trilyon dollar zərərlə üzləşə bilər

Balıqçılıq, kənd təsərrüfatı və daşqınlarla mübarizəni təmin edən su-bataqlıq ərazilərinin qlobal şəkildə məhvi 2050-ci ilədək 39 trilyon dollar iqtisadi zərərə gətirib çıxara bilər.

AZƏRTAC xəbər verir ki, Su-Bataqlıq Əraziləri haqqında Konvensiyanın açıqladığı hesabata görə, 1970-ci ildən bəri torf sahələri, çaylar və göllər kimi şirin su sistemləri və mərcan rifləri daxil olmaqla sahil dəniz sistemlərinin və su-bataqlıq ərazilərinin 22 faizi yoxa çıxıb. Bu, bütün ekosistemlər arasında ən sürətli itki templəridir, “Reuters” yazır.

Populyasiyaların azalmasına səbəb olan amillərə torpaqdan istifadənin dəyişməsi, ətraf mühitin çirklənməsi, kənd təsərrüfatı sahələrinin genişlənməsi, invaziv növlər, dəniz səviyyəsinin qalxması və quraqlıq kimi iqlim dəyişikliyinin təsirləri daxildir.

Hesabatda qalan su-bataqlıq ərazilərə qarşı təhlükələrin aradan qaldırılması üçün illik 275-550 milyard dollar investisiya çağırışı yer alıb.

Sənədə görə, dünya 411 milyon hektarlıq su-bataqlıq ərazini itirib ki, bu da yarım milyard futbol meydançasına bərabərdir. Qalan su-bataqlıq ərazilərin dörddə biri isə deqradasiya vəziyyətindədir.

Su-bataqlıq ərazilərinin iqtisadi faydalarına daşqınların tənzimlənməsi, suyun təmizlənməsi və karbonun saxlanması daxildir. Bunlar iqlim dəyişikliyi səbəbindən su səviyyəsinin yüksəlməsi və tropik qasırğaların daha da intensivləşməsi şəraitində həlledici əhəmiyyətə malikdir. Bu ərazilər, həmçinin balıqçılıq və kənd təsərrüfatına fayda verir.

Hesabatda deyilir ki, su-bataqlıq ərazilərinin pisləşməsi xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində kəskin hiss edilir. Zambiya, Kamboca və Çin kimi ölkələrdə reabilitasiya layihələri həyata keçirilir.