İçərişəhərdə binalar qəzalı vəziyyətdədir Hadisə

İçərişəhərdə binalar qəzalı vəziyyətdədir

Azərbaycanda tarixi abidələrin qorunması sahəsində mövcud problemlər açıqlanıb

Dünən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bildirib ki, UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.
Onun sözlərinə görə, məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə edilməsinə yönəltməkdir. Azərbaycanda bu tarixin hər il qeyd olunduğunu deyən idarə rəisi bu məsələyə dövlət rəhbərliyi tərəfindən mühüm diqqət və qayğı göstərildiyini deyib. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət Tarixi-memarlıq kompleksi UNESCO-nun "Dünya mədəniyyəti iris" siyahısına daxil edilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da tarixi abidələrin qorunması və bərpasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Azərbaycanda da Beynəlxalq Abidələr və Tarixi Yerlər günü yüksək səviyyədə qeyd olunur. Sabah Azərbaycanda bu bayramı təsis edən UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının Azərbaycan qrupu təsis olunacaq. Təsis konfransında şuranın rəhbərliyi və digər şəxslər iştirak edəcək. Biz ilk öncə işin keyfiyyətini və mahiyyətini qiymətləndirərək etiraf etməliyik ki, uzun sürən çətin dövrlərdən sonra hamımız bu gün İçərişəhərlə fəxr edirik. Bu reallıq və həqiqətdir. Hər bir insan İçərişəhərə daxil olaraq böyük məhəbbət və sevinclə bu tarixi mirvarinin ölkənin mədəniyyət və turizm baxımından mərkəz olmasının şahidi olur. Bura Azərbaycanın bu gün beynəlxalq səviyyədə tanıdılmasında, yeni bir dövlətin formalaşdırdığı mühitin və ideologiyanın dünyaya tanıdılmasında kifayət qədər gözəl nümunədir".
Tədbirin davamında çıxış edən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları tarixi abidələrin qorunması ilə bağlı fikirlərini bildiriblər.
Bu gün İçərişəhərdə mövcud olan əsas problemlərdən biri binaların qəzalı vəziyyətdə olmasıdır. APA-nın xəbərinə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş, "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda konfransda çıxışı zamanı deyib ki, "Abidələrin və tarixi yerlərin qorunması" haqqında Dövlət Proqramında da abidələrin qorunması üçün yeni üsulların tapılması ilə bağlı ayrıca bənd var: "Yeni texnologiyalarla, xarici mütəxəssislərlə, şirkətlərlə işləyərək abidəyə xələl gətirmədən onların işlənməsi və köçürülməsi aparılmalıdır. Keçmiş Basin küçəsində tarixi binanın çəkilməsinə baxdıqda bu işlər çox sadə bir texnologiya kimi görünürdü. Amma bu gün yerli şirkətlər hələ də bunu bacarmır. Biz də məcburuq ki, daha çox vəsait xərcləyək və xarici mütəxəssislər gətirək. Yeri mütəxəssislərin bu işlərə qoşulması və məlumatların mənimsənilməsi çox vacibdir. Çünki abidələr getdikcə köhnəlir. Bəzi abidələr var ki, onların heç təməli yoxdur. Biz necə edək ki, abidələrin qəzalı vəziyyətini aradan götürək, amma onun özünə heç nə olmasın? Bu, sosial məsələdir. Çünki orada insanlar da yaşayır. Sabah hansısa bədbəxt hadisə baş verə bilər. Düzdür, İçərişəhərdə qəzalı vəziyyətlə bağlı mütəmadi monitorinqlər keçirilir. Amma mütəxəssislərə müraciət etdikdə bəzi problemlər yaranır və bunlar da aradan götürülməlidir".
Azərbaycanda tarixi abidələrin qorunması üçün mövcud olan problemlər açıqlanıb. APA-nın xəbərinə görə, Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, bu gün abidələrlə əlaqədar çox mühüm problem maarifləndirmə ilə bağlıdır. Onun sözlərinə görə, maarifləndirməyə böyük diqqət yetirməlidir ki, hər bir Azərbaycan vətəndaşı abidələrin yerləşdiyi kəndlərdə, şəhərlərdə, rayonlarda onların qiymətini bilsin və qayğı göstərsin. G.Məmmədova qeyd edib ki, Azərbaycan iş adamlarının öz imkanları, vəsaitləri ilə abidələrin bərpasına qoşulması üçün maarifləndirmə işlər aparılmalıdır: "Onlar tarixi abidələrin bərpasına kömək etməklə tarixdə olan görkəmli messenatların işlərini təkrar etməyə çalışsınlar. Bundan əlavə, abidələrimizin tədqiqi, bərpası, qorunması daha yaxşı koordinasiya olunmalıdır. Tədqiqi ilə Azərbaycan Milli Elmlər Akademiyası, Memarlıq və İnşaat Universiteti, bərpası və qorunması ilə Mədəniyyət və Turizm Nazirliyinin qurumları məşğul olur. Bu işlər daha yaxşı koordinasiya olunmalıdır. Alimlər, tədqiqatçılar, eyni zamanda praktik restavratorlar, sonra bu abidələri qoruyan qurumlar bir-birinin işi ilə daha yaxından tanış olmalıdırlar. Bu da işlərin daha uğurla irəli aparılmasına imkan verəcək".
G.Məmmədova qeyd edib ki, işğal altında olan abidələr barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün daha çox qüvvə sərf edilməlidir. Azərbaycanın rəsmi nümayəndə heyətlərinin hər bir yerdə, imkan olduqca bu barədə deyib-danışdıqlarını bildirən millət vəkili vurğulayıb ki, bütün ictimaiyyət bu işə qoşulmalıdır: "Bizim internetdə çox zamanını keçirən gənclər bu işlə məşğul olmalıdırlar. Biz yorulmadan Azərbaycanın haqq səsini qaldırmalı, abidələr barədə narahatlığımızı bildirməli və dünyaya bu səsimizi yaymalıyıq".
Rektor əlavə edib ki, bu gün ölkənin sürətli inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərlərin genişləndirilməsi, yenidən tikilməsi, müasirləşməsi bütün dünyada olduğu kimi Azərbaycanda da tarixi irsə təhlükə yaradır. Onun sözlərinə görə, hamı bu təhlükənin reallaşmamasına çalışmalıdır.
"Bu gün heç kim demir ki, Azərbaycanda bütün tarixi abidələr istədiyimiz kimi qorunur. Heç kim deyə də bilməz ki, bu gün hər bir binanın üzərində nəzarət var". APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, gerçəklik ondan ibarətdir ki, ölkə inkişaf edir, yollar tikilir, müxtəlif proseslər gedir: "Bunlar nəinki Azərbaycanda, bütün dünyada gedən təbii proseslərdir. Lakin bu prosesləri düzgün tarazlaşdırmaq, düzgün ölçmək, öz keçmişinə hörmətlə yanaşmaq yalnız müdrik xalqa malik olan hissiyyat və dünyagörüşüdür. Mən inanıram ki, bizim xalqımız məhz belə xalqdır. Keçmişimizə hörmətlə yanaşaraq hər zaman gələcəyə getməliyik".