700 bal toplayanlar... Hadisə

700 bal toplayanlar...

Hansı ali təhsil müəssisələrini seçəcəklər?

Bu il qəbul imtahanlarında 10 abituriyent müaksimum nəticə göstərək 700 bal toplayıb.
AzVision.az həmin abituriyentlərin hansı ali təhsil müəssisələrini seçdiyini öyrənib.
I ixtisas qrupu üzrə 700 bal toplayan hər üçün abituriyent Bakı Ali Neft Məktəbində (BANM) təhsil alacaqlar. Belə ki, Bakı Türk liseyinin (BDU-nun nəzdində) məzunu Tural Ağayev, "Ankara Məktəbi" məktəb liseyinin məzunu Nadir Sultanlı, Xırdalan şəhər 5 saylı orta məktəbinin məzunu Rəvan Nəzərəliyev BANM-ın "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" fakültəsində oxuyacaqlar. Rəvan Nəzərliyevin qardaşı, ondan bir qədər az, 685 bal toplayan Nurlan da BANM-da eyni fakültədə təhsil alacaq.
II ixtisas qrupu üzrə yüksək nəticə göstərən Bakı şəhəri, İ.Hacıyev adına Tərəqqi liseyinin məzunu Şahbaba Məmmədov isə ixtisas seçimini hələ etməyib.
"Universitetləri gəzirik. Qafqaz Universiteti, ADA Universiteti, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında olduq. Bu gün Dövlət İqtisad Universitetinə gedəcəyik. Ondan sonra qəti qərar verəcəm. Lakin deyim ki, hələ ürəyimə yatan universitet olamyıb. Qafqaz Universiteti ürəyimə yatdı, onun isə yolu uzaqdır. ADA-da isə yalnız bir illik güzəşt edildiyi üçün sonrakı illər üzrə təhsil haqqımı ödəyə bilməyəcəm".
II ixtisas qrupu üzrə 700 bal toplayan digər abituriyent Fərid Hüseynov isə təhsilini xaricdə davam etdirəcək. "Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasında olan anlaşmaya əsasən təhsilimi bu ölkədə alacam. Macarıstan təqaüd proqramı ilə bu ölkənin Szeged şəhərində yerləşən eyni adlı universitetin "Biznes administration and management" fakültəsində təhsilimi davam etdirəcəm.
IV ixtisas qrupu üzrə maksimal nəticə göstərən Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılovanın seçimi isə Tibb Universitetinin Müalicə işi fakültəsi olub. Lakin S.İsmayılova gələcək arzuları barədə danışmağı da unutmayıb. Belə ki, rezidentura təhsilini xaricdə davam etdirmək niyyətindədir.
Şəmkir rayonu, Çinarlı qəsəbə 2 saylı orta məktəbi Orxan Zülfiqarov da ixtisas seçimini hələ etməyib. Səbəb isə təhsilini xarici ölkələrdən birində alması ilə bağlıdır.

"Dövlət sifarişi ilə xaricdə təhsil ləğv edilib. Mən isə təhsilimi xaricdə davam etdirmək istəyirəm. Azərbaycanda ingilis dilində tədris verən ali təhsil müəssisələrinə baxdım. Lakin ixtisasıma uyğun ali təhsil müəssisəsi olmadı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və digər yerlərə məktub yazmışam, cavab gözləyirəm və ya özümüz zəng edəcəyik. Nəticədən asılı olaraq qərarımı verəcəm".
III ixtisas qrupu üzrə mükasimum nəticə göstərən Bakı şəhəri, 220 saylı məktəb-liseyin Elvin İsayev Bakı Dövlət Universitetində təhsil alacaq. Belə ki, BDU-nun "Hüquqşünaslıq" (tədrisi ingilis dilində olan) fakültəsini seçib.